Cəmiyyət
20:21, 02 Aralık 2019

Buraxılan parlamentlə bağlı mühüm açıqlama

Buraxılan parlamentlə bağlı mühüm açıqlama
Yeni Azərbaycan Partiyasının (YAP) parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməsi hüquqşünaslar arasında müəyyən fikir ayrılıqlarına səbəb olub. Fərqli mövqelərdən biri də, yeni parlament fəaliyyətə başlayana qədər köhnə heyətin fəaliyyətini davam etdirəcəyi ilə bağlıdır. Bu barədə hakim partiya funksioneri Siyavuş Novruzov bildirib.

Tanınmış hüquqşünas, seçki məsələləri üzrə mütəxəssis Hafiz Həsənov isə bildirib ki, buraxılmış parlament heç bir halda səlahiyyətlərinin icrasını davam etdirə bilməz.

Anews.az hüquqşünasın AzPolitika.info-ya şərhini oxuculara təqdim edir:
"Əvvəlcə onu qeyd edim ki, Konstitusiyanın 87-ci maddəsinə görə, Parlamentin əvvəlki tərkibdə fəaliyyətinin yeni seçimiş Parlamentin fəaliyyətə başlamasınadək fəaliyyət göstərməsi ancaq Parlamentə növbəti seçikilərə şamil edilir.

Bu da məntiqidir, çünki əvvəlki Parlament üzvlərinin qanuni səlahiyyət müddətləri yeni Parlamentin fəaliyyətə başladığı müddətdə başa çatır. Bu halın növbədənkənar Parlament seçkilərində necə tənzimlənməsinə gəldikdə isə, onu deyə bilərik ki, nəinki bu halla bağlı, ümumiyyətlə növbətənkənar Parlament seçkilərinin özü ilə bağlı qanunvericilikdə heç bir norma yoxdur.

İndiki halda, əgər Prezident Parlamenti buraxarsa, bunu Parlamentin öz funksiyalarını "aradan qaldırılması mümkün olmayan səbələrdən” icra edə bilməməsi kimi edə bilər (Konstitusiyanın 981- ci maddəsi). Bu isə, o deməkdir ki, Parlament fəaliyyət göstərə bilmir və bunu doğuran səbəbləri aradan qaldırmaq mümkün deyil və nəticədə fəaliyyət göstərə bilməyən Parlament buraxılır.

Buraxılmış Parlamentin üzvləri də səlahiyyətsiz hesab edilir və belə bir vəziyyətdə qəbul ediləcək qanunlar hüquqa uyğun hesab edilə bilməz. Əgər Parlament buraxıldıqdan sonra fəaliyyət göstərəcəkdisə, deməli o, öz funksiyalarını həyata keçirmək iqtidarında olub və onun buraxılması üçün hüquqi əsaslar olmayıb.

Eyni zamanda qeyd edək ki, Parlamentin buraxılması barədə Prezidentin qəbul edəcəyi aktda buraxılmış Parlamentin yeni tərkibdə fəaliyyət göstərəcək Parlamentin fəaliyyətə başlamasınadək fəaliyyət göstərməsi ilə bağlı hər hansı müddəa da nəzərdə tutula bilməz (hakimiyyətlərin bölgüsü prinsipi buna imkan vermir).

Parlamentin özü-özünü buraxması variantına gəldikdə isə, bunun hüquqi yolu Parlament üzvlərinin deputat mandatlarından imtina etməsi, başqa sözlə desək istefası ola bilər. Bu halda Prezidentin Parlamenti buraxması üçün Konstitusiyanın 981-ci maddəsi ilə müəyyən edilən əsaslar formal hüquqi olsa da yaranır.

Təbii ki, bu halda da üzvləri mandatlarından imtina etmiş (istefa vermiş) Parlament fəaliyyət göstərə, öz fünksiyalarını həyata keçirə bilməz. Bu, Parlamentin özünü buraxma barədə hüquqa uyğun olmayan qərar qəbul etdiyi hala da şamil edilir.

Bütün bunlarla yanaşı hesab edirik ki, bu məsələyə Konstitusiya Məhkəməsi tərəfindən də baxılmaq üçün də əsaslar yoxdur. Belə ki Konstitusiya Məhkəməsi bu məsələyə hansısa normanın izahına ehtiyac yaranarsa, ayrı-ayrı normalar arasında ziddiyətlərin aydınlaşdırılmasına zərurət yaranarsa, hakimiyyət qolları arasında səlahiyyət bölgüsü ilə bağlı mübahisı yaranarsa və ya Konstitusiyada bu məsələ barədə düzünə göstəriş olarsa, baxa bilər. İndiki halda isə, bunlardan heç biri yoxdur.

Bunlarla yanaşı onu da qeyd edək ki, Konstitusiyanın preambulasında bu Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək niyyəti bəyan edilib. Həmçinin, Konstitusiyanın 7-ci maddəsinə görə Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə hüquqla məhdudlaşır. Konstitusiyanın 71-ci maddəsində isə, deyilir ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.

Həmçinin, onu da qeyd edək ki, 71-ci maddədəki "hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər” prinsipi dövlət hakimiyyət orqanlarına deyil, insan hüquq və azadlıqları kimi fiziki və hüquqi şəxslərlərə şamil edilir.

Hesab edirəm ki, bütün bunlar Parlamentin buraxılması və buraxılmış Parlamentin fəaliyyəti üçün hüquqi əsasları aradan qaldırır.
Digər xəbərlər: