Cəmiyyət
15:03, 28 Aralık 2019

Bakıda torbasına dərd yükləmiş, polislərdən gizlənən “şaxta baba”: “Gəl, nənə sənə qurban”

Bakıda torbasına dərd yükləmiş, polislərdən gizlənən “şaxta baba”: “Gəl, nənə sənə qurban”
Onunla təsadüfən tanış oldum. Şəhərin mərkəzindən uzaqda Xətai rayonu ərazisində çox da böyük olmayan bayram yolkası qurulub.
Onun dibində polisləri görəndə qaçıb gizlənən, balaca uşaqları görəndə qucaq açan Şaxta Baba neçə gündür diqqətimi çəkirdi. Papağını gözünün üstünə qədər basıb, böyük bığı saqqalı ilə də üzünü tam basdırıb. Bir qədər kasıb və solğun görünüşü ilə digər “baba”lardan fərqlənirdi. Yanına şəkil çəkdirmək üçün qaçan bir uşağa “gəl, nənə sənə qurban, gəl, şəkil çəkdirək” deməsi ilə daha da marağımı çəkdi. Səsindən də anlaşılırdı ki, Şaxta baba roluna girmiş qadındır. Elə beləcə tanışlığımız başladı. Adının çəkilməsini istəmir. Mən ona şərti olaraq Güllü Muradova deyəcəm. Bizimyol.info dünyanın dərdlə ən çox yüklənmiş, başqalarına sevinc paylamağa çalışarkən, özünə də bir ovuc pay almağa çalışan Şaxta nənə ilə söhbəti təqdim edir.

- Niyə görə polisləri görəndə gizlənirsiniz?

- Neyniyim dedim bayram qabağı beş on manat qazanım. Deyirlər Şaxta Baba olmaq üçün xüsusi kağız almaq lazımdı, məndə də yoxdur.

- Gündəlik nə qədər qazana bilirsiniz?

-5 manat ola-olmaya. Ona görə, qaçıram polislərdən, kostyumlu adamlardan. Vergi zad olar. Nə qədər qazanıram ki, gəlib belimi qıralar.

- Bəs hardan ağlınıza gəldi ki, Şaxta Baba olasız, hardan almısız bu paltarı?

- Vallah qızm, heç bu paltarı almağa da gücüm çatmazdı, keçən yay yox, ondan qabaqkı yay idi, zibilliyə atmışdılar, götürdüm ki, nəyəsə lazım olar. Sonra qışda ağlıma gəldi ki, bəlkə geyinim Şaxta Baba olum. Bir iki dəfə məktəbə getdim, qızımın oxuduğu məktəbə, sonra da elə həmin məktəbin uşaq şənliklərinə. Gördüm bacarıram. Sadəcə arada dilim çaşır, uşaqlara baba qurban əvəzinə nənə qurban deyirəm (gülür). Ehtiyacın üzü qara olsun. İnsan balasından ötrü düşmən qapısına da gedər Evdə əlil uşağım var. Başsız ailəyik. Kişi illər öncə getdi Rusiyaya, nə öldüsünü bilirik, nə qaldısını. Bir qız bir oğlan qalıb üstümdə.

- Əlil uşağa görə pensiya alırsız?

- Alıram qızım, amma onunla kim dolana bilərki. Evlərə təmizliyə gedirəm özümü bildiyim hər yerə vururum. Xeyirdə şərdə aşpazlıq edirəm.

- Daimi iş yeriniz yoxdurmu?

- Uşağa görə daimi işləyə bilmirəm qızım. Ona baxmaq lazımdır, ələ möhtacdır.

- Bəs xeyriyyə fondlarından yardım filan alırsız? Kimlərsə kömək edirmi?

- Toxların gözü doysa acların da qarnı doyar. Kimsədən bir şey almıram, qızım. Bu dünyada güvəndiyim iki şey var, o da bu cadarlı əllərim.
Digər xəbərlər: