Gündəm
18:51, 22 Temmuz 2026

Azərbaycan milli mətbuatın yaranmasının 151-ci ildönümü Lənkəranda qeyd olunub

Azərbaycan milli mətbuatın yaranmasının 151-ci ildönümü Lənkəranda qeyd olunub






İyulun 22-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) inzibati binasında milli mətbuatımızın yaranmasının 151-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Lənkəran ŞİH başçısı Taleh Qaraşov yerli media nümayəndələrinin timsalında bütün media işçilərini təbrik edib, hər birinə şərəfli peşə fəaliyyətində uğurlar arzulayıb.
İcra başçısı çıxışında bildirib ki, Azərbaycan mətbuatı 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə başlayan keşməkeşli, lakin bir o qədər də qürurlu bir tarixi dövr keçib və bu gün müstəqil dövlətimizin ən güclü sütunlarından birinə çevrilib. Onun sözlərinə görə, bu inkişafın təməlində Ümummilli Lider Heydər Əliyevin sarsılmaz iradəsi dayanır. Ulu Öndər 1998-ci ildə senzuranı ləğv etməklə ölkəmizdə azad mətbuatın, söz və fikir azadlığının rəsmi qarantına çevrilib. Taleh Qaraşov bu gün azad mətbuatın inkişafının dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı media islahatları jurnalistlərimizin həm sosial rifahını gücləndirir, həm də onların tam sərbəst, rəqəmsal dövrün tələblərinə uyğun fəaliyyət göstərməsinə şərait yaradır.
Taleh Qaraşov Lənkəranda fəaliyyət göstərən yerli jurnalistlərin işindən, onların peşəkarlığından xüsusi razılıq duyduğunu, cənub bölgəsinin səsini, buradakı quruculuq işlərini, sosial-iqtisadi inkişafı və insanların uğurlarını operativ, eyni zamanda obyektiv şəkildə ölkəyə və dünyaya çatdırdıqlarını qeyd edib.
Daha sonra “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev və “Xalq qəzeti”nin cənub bölgəsi üzrə müxbiri Əlisəfa Həsənov çıxış ediblər. Natiqlər peşəkar fəaliyyətləri üçün yaradılan şəraitdən, qarşılıqlı əməkdaşlıqdan razılıqlarını ifadə ediblər. Yerli jurnalistlər peşəkar fəaliyyətləri zamanı dövlətin göstərdiyi böyük diqqət və qayğını dərindən hiss etdiklərini və bunu yüksək qiymətləndirdiklərini ifadə ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Digər xəbərlər: