Gündəm
19:57, 19 Mart 2026

Lənkəranda “Yurdumuza Novruz gəlir” adlı konsert keçirilib

Lənkəranda “Yurdumuza Novruz gəlir” adlı konsert keçirilib
Martın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşkilatçılığı ilə şəhid ailələri, Vətən müharibəsi əlilləri və ictimaiyyətin nümayəndələrinin də iştirakı ilə Novruz və Ramazan bayramları münasibətilə “Yurdumuza Novruz gəlir” adlı proqramı təşkil edilib.

Dövlət müstəqilliyinin əldə olunması, sərhədlərimizin müdafiəsi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov Novruz bayramının xalqımızın həyatındakı yerindən danışıb. Bildirilib ki, Novruz bayramı baharın gəlişini, təbiətin oyanışını, yenilənməni və insanların qəlbində yeni ümidlərin doğmasını simvolizə edən müqəddəs bayramdır. Əsrlər boyu bu bayram xalqımızın milli-mənəvi dəyərlərini yaşadaraq nəsildən-nəslə ötürülüb.

İcra başçısı bildirib ki, artıq 6 ildir ki, xalqımız bayramları işğaldan azad olunmuş torpaqlarımızda alnıaçıq, üzüağ keçirir, hər il dövlət başçısı məhz Qarabağda Novruz tonqalını yandırır, illərlə torpaq həsrəti çəkən insanların əhatəsində müqəddəs bayramı qeyd edir. Taleh Qaraşov bütün bunlara görə, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusuna, şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu vurğulayıb.

2026-cı ilin ilk günlərdən etibarən Lənkəran rayonu və lənkəranlılar üçün uğurlu başladığını deyən Taleh Qaraşov fevralın 25-də cənab Prezident İlham Əliyevin rayonumuza sayca 14-cü səfərini etdiyini və səfər çərçivəsində regionda ilk və respublika səviyyəsində nümunə sayılan Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışını etdiyini xatırladıb. Bunun Lənkərana və lənkəranlılara xüsusi diqqətin təzahürü olduğunu bildirən icra başçısı nitqində sakinlərlə bayram əhval-ruhiyyəli daha bir neçə xoş xəbəri paylaşıb. Onun sözlərinə görə, rayonumuzun ən böyük problemləri olan və sakinlərimizi narahat edən “zibil poliqonu, “kanalizasiya sistemi” və “Dairəvi Qala”nın bərpası bu il reallaşacaq.

“Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin yenidən qurulması, ötən il təsdiq olunan “2026- cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı” çərçivəsində utilizasiya zavodunun tikintisi və bütövlükdə “zibil poliqonu” probleminin həlli, habelə “Dairəvi Qala”nın təmiri bu il mümkün olacaq.

İcra başçısı eyni zamanda bildirib ki, 2026-cı ildə dövlət başçısının tapşırığı ilə Bakı Abadlıq Xidməti tərəfindən Lənkəran rayonunda geniş bərpa-yenidənqurma işlərinə başlanılacaq. Şəhərimizin küçələri yenilənəcək, yollar təmir olunacaq, park və istirahət məkanları yeni dizaynda sakinlərimizin zövqünü oxşayacaq, insanların rahatlığı və rifahı üçün mühüm layihələr həyata keçiriləcək ki, bütün bu işlər vətəndaşların daha yaxşı həyat şəraitinin yaradılmasına xidmət edir. “Bütün bunlar isə təbii ki, dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Lənkərana və lənkəranlılara olan xüsusi diqqəti və qayğısı nəticəsində reallaşır” deyən Taleh Qaraşov lənkəranlılar adından dövlət başçısına və Birinci vitse-prezidentə təşəkkür edib.

Tədbirin bədii hissəsində tanınmış müğənnilər Cavad Rəcəbli, Cavid Lənkəranlı, Mirəhməd Kərimli, Qurban Nəzərov, Elgün Əlizadə, Cəfər Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbinin folklor və kravet qrupu, Lənkəran Mədəniyyət Evinin “Nənələr” xalq və folklor kollektivi və “Ay lolo” mahnı və rəqs qrupu, Həqiqət Rzayeva adına 2 nömrəli musiqi məktəbinin müəllimi və Lənkəran Dövlət Dram Teatrının aktyor və aktrisaları bir-birindən rəngarəng, insanların zövqünü oxşayan repertuarları ilə çıxış ediblər.

Qeyd edək ki, bayramla bağlı şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə şəhər İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilib.

Əziz lənkəranlılar!

Sizləri Novruz və Ramazan bayramları münasibətilə təbrik edirik, hər birinizə sevinc və səadət dolu günlər arzulayırıq, süfrəniz daim bol və bərəkətli olsun!

Bayramınız mübarək olsun!
Digər xəbərlər: