Gündəm / Cəmiyyət
23:42, 18 Mart 2022

“Gün o gün olsun ki, Novruz tonqalları Qarabağda alovlansın” arzusu artıq reallığa çevrilib

“Gün o gün olsun ki, Novruz tonqalları Qarabağda alovlansın”  arzusu artıq reallığa çevrilib

Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Ulu babalarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram xalqımız tərəfindən hər il böyük təntənə ilə qeyd edilir. Çünki Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.
“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Artıq Ulu öndər Heydər Əliyevin bu vəsiyyəti, Azərbaycan xalqının “Gün o gün olsun ki, Novruz tonqalları Qarabağda alovlansın” arzusu reallığa çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordumuzun işğaldan azad etdiyi doğma torpaqlarımızda da böyük abadlıq-quruculuq işəri gedir, bayram tonqalları çatılır, Novruz bayramı qeyd edilir.
Milli ruhumuzun tərcümanı olan Novruz bayramını Ulu öndər Heydər Əliyev milli ideologiyamızın ana sütunu kimi dəyərləndirib və əbədiləşdirib: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub”. Xalqımızın keçib gəldiyi tarixi yolu, minilliklərlə formalaşmış bir çox ənənələrimizi ruhunda yaşadan bu bayram respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində 2009-cu ildə aşıq sənəti ilə birlikdə UNESCO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan olunub.
Bu gün fəxr edirik ki, Azərbaycanın üçrəngli bayrağı azad edilmiş doğma torpaqlarımızda vüqarla dalğalanır. Ötən il ölkə Prezidenti cənab İlham Əliyev Cıdır düzündə Novruz tonqalını alovlandırdı və xalqımızı Novruz Bayramı münasibətilə təbrik etdi, qalib ölkəmizin vətəndaşlarına xoş arzu və niyyətlərini Qarabağın döyünən qəlbindən - Şuşadan çatdırdı. Qürurverici haldır ki, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramını Azərbaycan xalqı böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılayır, əzəli-əbədi torpaqlarımızda Novruz sevinci yaşanır, bayram tonqalları qalanır.
“Novruz bayramının Şuşada, Cıdır düzündə qeyd olunması tarixi hadisədir. Əlbəttə ki, bu, dost xalqlara və dünya azərbaycanlılarına çox böyük sevinc hissi bəxş etdi. Digər tərəfdən, zəfər tonqalı düşmənlərimizə dağ verdi. İlham Əliyev Cıdır düzündən xalqa müraciətində də qeyd etdi ki, bu qələbə xüsusilə ordu quruculuğunda görülən tədbirlərin nəticəsidə əldə edilib. Həm ölkənin iqtisadi baxımdan inkişaf etməsi, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi, Azərbaycanın diplomatik müstəvidə dost və tərəfdaşlarının artması, Azərbaycan Prezidentinin bütün platrofmalarda Ermənistanı işğalçı dövlət kimi tanıtması, həm də torpaqlarımızın 20 faizinin işğala məruz qaldığını elan etməsi, xalqımıza qarşı törədilən soyqırımıların dünyaya çatdırılması beynəlxalq təşkilatlarda Qarabağ münaqişəsinin hüquqi bazasının yaradılması demək idi.
Bəli, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük müharibədə “Tarixi Zəfər” çalmaqla, Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Vəfa Məmmədova,
MİHİ Salyan Rayon Komitəsinin sədri



Digər xəbərlər: