Gündəm / Cəmiyyət
Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir
Günəş öz isti şüaları ilə torpağı oyadır, çayların suyu artır, kol dibindən bənövşə baş qaldırır, quşların səsi ətrafı bürüyür. Təbiətdəki bu əhval-ruhiyyə — bahar nəfəsinin duyulması yaddaşlardan süzülüb bu günümüzə çatmış Novruzun gəlişindən xəbər verir. Təbiətin canlanmasının, birlik və bərabərliyin simvolu olan Novruz Qafqazda, Mərkəzi Asiyanın türk respublikalarında XX əsrin əvvəllərindən başlayaraq 1960-cı illərə qədər bəzi siyasi səbəblərə görə qadağan edilmiş, onun unutdurulmasına çalışılmışdır. Lakin ötən əsrin 90-cı illərindən etibarən öz müstəqilliklərini elan edən postsovet məkanına daxil olan türk respublikaları keçmişlərinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərə diqqəti artırmış və Novruz bayramı da dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunmağa başlamışdır.
Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur. İnkarolunmaz faktdır ki, Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi, payı vardır. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə də başlamışdır. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarılmışdır. Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi.
BMT-nin Baş Məclisinin 64-cü sessiyasının fevralın 24-də qəbul etdiyi qətnaməyə uyğun olaraq, martın 21-i “Novruz beynəlxalq günü” kimi təsdiq edildi. Azərbaycanın təşəbbüsü ilə hazırlanmış qətnamə layihəsinə Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniya da qoşulub. Bu qərar Novruza təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri kimi verilən qiymət hesab edilə bilər.
Bu hadisə Azərbaycan dövlətinin bütün xalqlarla həmrəylik, dostluq və anlaşma şəraitində yaşamaq istəyini bir daha dünya dövlətlərinin diqqətinə çatdırmaq baxımından da çox önəmlidir. Qəbul edilmiş qətnamənin başqa bir cəhətini də qeyd etmək vacibdir. BMT-də 18 illik üzvlük dövründə Azərbaycan bu təşkilatda böyük nüfuz qazanmış, onu özünün milli-mənəvi dəyərlərini dünyada yaymaq üçün nüfuzlu bir tribunaya çevirmişdir. Bu isə bilavasitə ölkəmizdə mədəni dəyərlərimizin qorunub saxlanmasına və bərpasına ardıcıl olaraq göstərilən düzgün dövlət siyasətinin məntiqi nəticəsidir. Məlum olduğu kimi, xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə milli-mədəni dəyərlərimizə güclü qayıdış başlanmışdı.
Qətnaməyə əsasən, BMT Baş Məclisi Novruz bayramının Şərq və Qərb mədəniyyətlərinin xüsusiyyətlərini, əməkdaşlıq və həmrəylik ideallarını özündə ehtiva etdiyini nəzərə alaraq, dövlətlər arasında bundan sonra da geniş həmrəylik, yüksək hörmət və ehtiramı təşviq etmək məqsədilə, martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıyır, BMT-nin üzvü olan dövlətlərin Novruz ilə bağlı məlumatlılığının artırılması üçün səy göstərməyə çağırır. Eyni zamanda BMT-nin üzvü olan dövlətləri və BMT-nin ixtisaslaşdırılmış orqanlarını, fondlarını, proqramlarını, həmçinin məsələ ilə maraqlanan digər beynəlxalq və regional təşkilatları, eləcə də qeyri-hökumət təşkilatlarını Novruz bayramını keçirən dövlətlərin təşkil etdikləri təntənəli mərasimlərdə iştirak etməyə dəvət edir.
Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir. Mübaliğəsiz demək olar ki, Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır. İlham Əliyevin də dediyi kimi, “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”.
Rəfiqə Ağabəyova,
Salyan Tarix Diyarşünaslıq Muzeyinin direktoru
Daha çox xəbər: