Gündəm / Cəmiyyət
Novruz - dünyanı dərk etmə fəlsəfəsi
Hər bir xalqın mənəvi sərvətləri sistemində bir sıra elə adət-ənənə, bayram və mərasimlər var ki, əsrlər keçdikcə onlar daha da zənginləşir. Zaman keçdikcə nəinki unudulmur, hətta daha da sevilir, inkişaf edir, nəsildən-nəsilə ötürülür. Onların bir çoxunu insanlar təbiət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Azərbaycan xalqı üçün belə bir milli ənənə Novruz bayramıdır. Novruz nəinki Azərbaycan xalqı üçün, eyni zamanda, türk xalqlarının minilliklər ərzində yaratdığı mədəniyyət xəzinəsidir.
Bütövlükdə, bu gün Novruz bayramına və ondan irəli gələn bayram adət-ənənələrinə dünyanı dərk etmə fəlsəfəsi kimi baxmaq lazımdır. Bu bayramın təntənəsinə xalqımız həmişə daxili, ruhi oyanışının təsiri ilə hazırlaşıb. Hər bir xalqın maddi və mənəvi simasının güzgüsü onun mədəniyyətidir. O xalq tarix səhnəsində özünü qoruyub saxlaya bilib ki, əsrlər boyu yaratdığı mədəniyyət nümunələrinə sahib çıxıb, itib-batmağa qoymayıb. Bir cəhəti qeyd edək ki, rəsmi dairələrdə Novruza necə münasibət bəsləmələrinə baxmayaraq, xalqımız ona həmişə yüksək emosional münasibət bəsləmiş, gəlişini intizarla gözləmiş, yüksək təntənə ilə qeyd etmişlər. Tarixi mənbələrdə Novruzun islamdan çox-çox əvvəl – e.ə. VI əsrdə təntənəli şəkildə bayram edildiyi qeyd edilmişdir.
Novruzun dini-mistik təsəvvürlərlə bağlanması, Şərq xalqlarının mifik dini dünyagörüşü ilə əlaqələndirilməsi haqqında müxtəlif fikirlər mövcud olmuşdur. Belə fikirlərdən biri allahın dünyanı gecə və gündüzün bərabər olduğu Novruz günündə yaratması iddiasıdır. Başqa bir fikir Nuh peyğəmbərin gəmisinin quruya ayaq basdığı günün Novruz günü olduğu ideyasıdır. Həmin mistik təsəvvürlər sırasında insanlığın atası sayılıan Adəmin palçığının Novruzda yoğrulması fikri də var. Təbii ki, bütün bunlar insanın mifik dünyagörüşündən irəli gələn fikirlərdir. Çox güman ki, bu versiyaların belə formalarda təzahür etməsi insanların çox sevdiyi bayramlarına və dinə olan məhəbbətlərindən irəli gələn düşüncə tərzidir.
Bildiyimiz kimi müsəlman dünyasının iki böyük bayramı var: Ramazan və Qurban bayramı. Bu bayramların hər ikisi ilbəil yerlərini 10-11 gün dəyişir və ilin müxtəlif fəsillərinə, aylarına düşür. Novruz isə sabit, dəyişməz qalır. Yazın ilk gününə, gecə və gündüzün ilk yaz bərabərliyi gününə təsadüf edir. Qədim Şərq xalqlarının dörd ünsür fəlsəfəsi – su, od, torpaq, hava novruzun ilk dörd çərşənbəsinin rəmzləridir ki, insanın dörd ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır.
İlk çərşənbə su çərşənbəsidir ki, bu fevral ayına təsadüf edir. İstər qədim türk, istərsə də islami yaradılış haqqında görüşlərdə su ən üstün komponentdir. Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın var olmasının ilkin mərhələsini göstərir. Təbiətdə isə yazın gəlişi ilə əlaqədar olaraq ilk dəfə suların donu açılır. Bütövlükdə, su həyat verən, dirildən, sağlamlıq və xoşbəxtlik verən bir vasitədir.
İkinci çərşənbə od çərşənbəsidir. Od, atəş türk xalqlarında müqəddəsliyi qoruyan varlıqdır. Atəş ocağın, soyun davamını təmsil edir. Təsadüfi deyil ki, bu gün çox vaxt evə, ailəyə “ocaq” da deyirlər. Xalq arasında bununla bağlı ifadələr də bu gün işlənməkdədir. Çox zaman məhz ikinci çərşənbənin odla bağlı olması baxımından bu bayramı atəşpərəstliklə də bağlayırlar. Ancaq tədqiqatlar göstərir ki, qədim türk mifologiyasında odla bağlı müxtəlif motivlər mövcuddur. Bu çərşənbədə həyət-bacalarda qalanan tonqalın üstündən atlayan adam bütün ağırlığını, azar-bezarını tonqalda “yandırmış” olur. Bildiyimiz kimi atəşpərəstlikdə oda müqəddəs baxılırdı. Deməli, belə bir ritualın orada həyata keçirilməsi qeyri-mümkün idi.
Üçüncü çərşənbə torpaq çərşənbəsidir. Torpaq insan yaradılışının maddi əsası olmaq etibarilə bu prosesdə çox əhəmiyyətlidir. Onda yaradılışın maddi əsası olmasından başqa, həm də yurd, el-oba anlayışı da var. Bu çərşənbədə torpaq “oyanır”, canlanır. Məhz torpaqda yatan əzizlərinin də insanlar tərəfindən yad edilməsi bu çərşənbənin ərəfəsinə təsadüf edir.
Nəhayət, dördüncü çərşənbə yel çərşənbəsidir. Yaradılış mifologiyasında yel torpağa və suya nisbətən dinamik xarakter daşıyır. Yel daha çox ilahi qüvvənin iradəsinin ifadəsi kimi çıxış edir. Bu zaman təbiətə yeni bir nəfəs, ahəng, can gəlir. Təbiəti diqqətlə müşahidə etdikdə görürük ki, Novruz bütöv bir sistem olaraq 365 günü- 4 fəsli əhatə edir. Xalq arasında belə bir inam da var ki, hər çərşənbədə havanın necə keçməsi dörd fəslin iqlimini müəyyənləşdirir.
Novruz türk dünyasının milli mədəniyyəti olsa da, əgər dünya bu bayramın mahiyyətini, fəlsəfəsini dərk eləsə, bəlkə gələcəkdə elə təqvim dəyişikliyi də yanvarın 1-dən deyil, elə martın 21-dən başlayar. Axı Novruzun başqa bir keyfiyyəti də onun beynəlmiləl məzmun daşımasıdır. Bu bayram millətlər arasında ədavət salan bəzi mərasimlərdən fərqli olaraq, dostluq hisləri tərbiyə edir, insanları ümumi şənliyə, mehribançılığa səsləyir. Novruz insanlara qayğı, rəhmdillik, əl tutmaq, əliaçıqlıq, vətənə, əməyə, təbiətə məhəbbət kimi yüksək mənəvi keyfiyyətlər tərbiyə edir.
Son olaraq isə onu deyək ki, Novruz türk xalqlarının birgə yaradıb-yaşatdıqları maddi-mənəvi dəyərlər toplusudur. Novruz kainat və planet qanunlarına əsaslanan bütöv bir sistem, astronomik zaman müəyyənləşdiricisidir.
Ramil Zeynalov,
Salyan rayon Kərimbəyli kənd tam orta məktəbin direktoru
Daha çox xəbər:
Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir
Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı
“Gün o gün olsun ki, Novruz tonqalları Qarabağda alovlansın” arzusu artıq reallığa çevrilib
Novruz Məmmədovun istefa səbəbi açıqlandı
Xalq artisti: Homoseksuallar mütləq güllələnməlidir