Cəmiyyət
Sumqayıt-Bakı qatarının elektrik naqilləri oğurlandı, yola düşə bilmədi - YENİLƏNİB
Baki-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.
Bunu Oxu.Az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.
Onun sözlərinə görə, bu gün müşahidə edilən gecikməyə naqillərin oğurlanması səbəb olub:
“Bu gün səhər saatlarında Baş Sumqayıt - 6-cı blok/post mənzilinin 50-ci kilometrində kontakt şəbəkəsində kontakt naqilləri kənar şəxslər tərəfindən oğurlanıb.
Hadisə nəticəsində Bak-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində 6-31 dəqiqə arası ləngimə qeydə alınıb”.
Hazırda elektrik qatarları cədvəl üzrə hərəkət edir. Hadisə araşdırılır.
09:07
Sumqayıt-Bakı elektrik qatarında gecikmə olub.
Oxu.Az xəbər verir ki, səhər saatlarında Sumqayıtdan Bakıya gəlməli olan elektrik qatarları qrafikə uyğun hərəkət etməyib.
Belə ki, ilkin məlumata görə, səhər saat 06:55 və 07:17-də hərəkət etməli olan qatarlar yola düşməyib.
Qrafik üzrə 07:50-də Sumqayıtdan-Bakıya yola düşən elektrik qatarı mənzil başına 08:29-da yox, doqquz dəqiqə gecikmə ilə saat 08:38-də çatıb.
Problemə stansiyada elektrik enerjisi ilə bağlı yaranan nasazlığın səbəb olduğu bildirilir.