Cəmiyyət
19:54, 02 Nisan 2020

Karantin boyu polis vətəndaşları elektron cihazlar vasitəsilə izləyəcək -VİDEO

Karantin boyu polis vətəndaşları elektron cihazlar vasitəsilə izləyəcək -VİDEO
"Vətəndaş hər dəfə polis naryadını görəndə deyə bilər ki, o məişət tullantısını tullamağa çıxıb. Buna görə də vətəndaşların evdən çıxmağı ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər öz həllini tapıb. Yaxın zamanlarda bu barədə ictimaiyyətə məlumat veriləcək".

"Qafqazinfo" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-yə müsahibəsində deyib.

O bildirib ki, hər bir vətəndaşın hərəkəti polis naryadlarında olan elektron cihazlar vasitəsilə izləniləcək: "Yəni vətəndaş evdən çıxarkən müəyyən nömrəyə zəng etməklə və ya sms göndərməklə evdən çıxmasının səbəbini izah edəcək. Həmin məlumatı qəbul edən qurum bunu bütün polis orqanlarında olan planşetlərə ötürəcək. Vətəndaş artıq küçədə saxlanılarkən polis əməkdaşları həmin planşetə baxaraq vətəndaşın evdən çıxmasına icazənin verilib verilməməsinə baxacaqlar.

Aptekə də, marketə də gedən hər bir vətəndaş evdən çıxması barədə məlumat verməlidir. Artıq bu işlər tamamlanıb. Yaxın zamanda ictimaiyyətə bu barədə tam açıqlama veriləcək".

Rəis müavini əlavə edib ki, insanların yaşadıqları evi nə qədər məsafədə tərk etmələri məsələsi ilkin olaraq işlənilib:
"200 metr məsafə nəzərdə tutulub. Ancaq bu son fikir deyil, tam qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlama veriləcək".

Digər xəbərlər: