Cəmiyyət
Şəkidə 6 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, Şəki rayonunda Şirinbulaq marşrutu üzrə kəndləri əhatə edən avtomobil yollarının yenidən qurulmasına başlanılıb. Rayonun Aşağı Kəldək-Aşağı Daşağıl-Aydınbulaq-Əliyar-Şirinbulaq-Çolaqlı kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu 28,1 kilometrdir. Bunlar respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134-cü kilometrindən ayrılan və 18 kilometr uzunluğa malik Aydınbulaq avtomobil yolu, həmçinin başlanğıcını Aydınbulaq yolundan götürən və 10,1 kilometr olan Aşağı Kəldək, Aşağı Daşağıl, Şirinbulaq və Çolaqlı kəndlərinin yollarıdır. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edəcək. İki hərəkət zolaqlı olmaqla yolun hərəkət hissənin eni isə 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metr olacaq.
Çınqıl, qara örtük və torpaq əsasdan ibarət sözügedən avtomobil yolları uzun illər istismar olunduğundan yolda çalalar, çökmələr, qabarmalar əmələ gəlmiş, nəqliyyatın hərəkətində çətinliklər yaranmışdı. Üstəlik bir çox yerdə yolun səviyyəsi yerin təbii relyefiylə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalır. Buna görə də torpaq yatağının relyefdən layihə səviyyəsinə qaldırılmasına ehtiyac yaranmışdı. Bundan başqa yolun bəzi hissəsində torpaq yolun orta eni 4-5 metr təşkil edir. Yağıntı olduğu zaman yolda nəqliyyat vasitələrinin hərəkəti demək olar ki, dayanır. Sadalanan problemlərin tam olaraq aradan qaldırılması üçün yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyacı nəzərə alaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolboyu təxirəsalınmaz tədbirlərin icrasına başlayıb. Qeyd olunanlar nəzərə alınaraq yolların dağılmış hissələrin qazılaraq çıxarılması və yenidən bərbası, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq genişləndirilməsi ilə yenidən inşası, eyni zamanda, atmosfer sularını yoldan kənarlaşdırmaq və kənardan yağış sularının yola daxil olmaması üçün avtoqreyderlə küvetlərin qazılması, yaşayış məntəqələri daxilində zəruri yerlərdə “U” şəkilli beton küvetlərin çəkilməsi işləri həyata keçirilir. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 300 min kadratmetrə yaxındır.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yol əsasın alt layının qum-çınqıl, üst layının isə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin eyni materialla bərkidilməsi nəzərdə tutulur. Bundan sonra əlaqələndirici bitum səpilməklə 12 santimetr hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi və 44 yol birləşməsinin təmiri işlərinə başlanılacaq.
Bundan başqa avtomobil yollarının müxtəlif hissələrində yerləşən suötürücü borular uzun müddət istismar olunduğundan boruların sukeçiricilik qabiliyyəti azalıb, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranıb, nəticədə suötürücü borular istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik azbest, metal və dəmir-beton boruların sökülərək çıxarılması, əvəzinə 54 yeni metal və dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, 2 yerdə dördbucaqlı su keçidinin inşası də layihədə nazərdə tutulmuş işlərdəndir. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.
Sözügedən yolların yenidən qurulması ilə 6 yaşayış məntəqəsinin 3 mindən çox əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası yolun tikintisi ilə bu ərazidə kənd təsərrüfatının inkişafı hədəflənir ki, bu da birbaşa olaraq yolboyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir edə biləcək amildir.
Şəki rayonu üzrə bölgə müxbiri Rəsul Rəsulov