Cəmiyyət
"Mən Nazirlər Kabinetinə gələndən sonra demək olar ki..." - Keçmiş baş nazir
“Real TV” 1993-cü ilin mayında Prezident sarayında o dövrkü prezident Əbülfəz Elçibəyin sədrliyi ilə geniş tərkibli müşavirədən maraqlı kadrlar nümayiş etdirib. Kadrlardan görünür ki, prezident Əbülfəz Elçibəyin keçirdiyi müşavirədə bütün hakimiyyət komandası, dövlət və hökumət vəzifələrində təmsil olunan bütün şəxslər iştirak edir. Müşavirədə prezident Əbülfəz Elçibəy komanda üzvlərini qanunları pozmaqda, rüşvət almaqda ittiham edir, hətta kimlərinsə Ermənistana benzin satdığını deyir. Elçibəy hakimiyyəti dövründə Ali Məhkəmənin sədri olan Tahir Kərimli isə çıxışında prezidentə açıq şəkildə bildirir ki, Nazirlər Kabinetinə mafiozlar, milyonçular vəzifələrə gətirilir. Elçibəy T.Kərimliyə kimin bu işi etdiyini sual edir. Tahir Kərimli isə baş nazir Pənah Hüseynin milyonçuları Nazirlər Kabinetinə işə götürdüyünü bəyan edir.
Bəs həqiqətənmi Pənah Hüseyn milyonçuları, mafiozları Nazirlər Kabinetində yüksək vəzifələrə gətirirdi? Tahir Kərimli konkret kimləri nəzərdə tuturdu?
Sabiq baş nazir Pənah Hüseyn 27 il öncə ona qarşı ünvanlanan ittihamlara zamanında cavab verdiyini bildirdi və qeyd etdi ki, Xalq Cəbhəsi hakimiyyəti dövründə tənqid üçün şərait yaradılmışdı: “Bu şəraitdən isə şübhəsiz ki, bəzən əsassız olaraq sui-istifadə edənlər də olurdu. O dövrdə idarəçilikdə vəzifəli şəxslərin bu və ya digər problemlər barədə danışması və öz rəyini, o cümlədən Prezidentə bildirməsi azadlığı, şəraiti var idi. Bir sıra müşavirələrdə bu cür tənqidlər səslənirdi. Nəzərə almaq lazımdır ki, Tahir Kərimli həm də hələ o dövrdə Milli Şuranın və Milli Məclisin üzvü idi. O, məhz bu hüququndan istifadə edərək tənqidləri səsləndirmişdi. Ümumiyyətlə isə Nazirlər Kabineti əvvəlcədən demək olar bütünlüklə hələ Ayaz Mütəllibov dövründə və sonra da prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov dövründə formalaşdırılan tərkibdə qalmışdı. Elçibəyin prezidentliyi dövründə ən çox Rəhim Hüseynov baş nazir olmuş şəxsdir. Ondan sonra bir neçə ay baş nazirin birinci müavini Əli Məsimli baş nazir vəzifəsini icra etdi. 1993-cü il aprel ayının sonunda mən baş nazir təyin olundum.
Pənah Hüseyn: “Mən Nazirlər Kabinetinə gələndən sonra demək olar ki, Rəsul Quliyevdən başqa yeni bir kadr yüksək vəzifəyə təyin olunmamışdı”
Həmin dövrdə bu cür söhbətlər mətbuatda və bəzi siyasilər arasında gedirdi. Bu cür fikirlər Rəsul Quliyevin baş nazirin müavini təyin olunması ilə bağlı səsləndirilib. Mən o vaxt da bu fikirdəydim ki, Rəsul Quliyevin baş nazirin müavini vəzifəsinə təyin olunması əgər siyasi hakimiyyəti qoruyub saxlamaq mümkün olardısa, hökumətin işinə fayda gətirərdi. Çünki sovet dövrü zavod direktorları korpusunun Azərbaycanda mövcud nümayəndələri içərisində ən parlaq olanlarından biri Vahid Əhmədov idisə, digəri də Rəsul Quliyev hesab olunurdu. Onun liberal iqtisadiyyat barədə müsbət baxışları var idi. Bu məsələlər əsas tutularaq Rəsul Quliyev mənim baş nazir olduğum dövrdə baş nazirin müavini təyin olunmuşdu. Amma əlbəttə ki, tənqid azadlığı var idi. Mən Nazirlər Kabinetinə gələndən sonra demək olar ki, Rəsul Quliyevdən başqa yeni bir kadr yüksək vəzifəyə təyin olunmamışdı. Ən az kadr dəyişikliyi Nazirlər Kabinetində olmuşdu. Amma NK-da ciddi kadr islahatları aparılması barədə Prezidentin göstərişi var idi. İyun qiyamı bu prosesin qarşısını aldı”.
Tahir Kərimli isə bildirdi ki, həmin müşavirə hakimiyyətin sonlarına yaxın keçirilmişdi. Bütün vəzifəli şəxslər dəvət olunmuşdu: “Bu müşavirədə mən bir aqressiya hiss etdim. Hiss etdim ki, mənim fəaliyyətimlə bağlı da siyasi rəhbərlikdə söhbət olub. Ona görə də məni ittiham etdilər ki, guya işdən xaric edilən vəzifəli şəxsləri məhkəmələr sonradan vəzifələrinə bərpa edir və bu da dövləti sarsıdır. Ona görə də mən məcbur idim mövqeyimi ortaya qoyub ittihamların əsassız olduğunu sübut edim. Çıxışımda dedim ki, əvvəla, məhkəmələr müstəqildir, ikincisi, məhkəmələr Ali Məhkəməyə yox, Ədliyyə Nazirliyinə tabedir, üçüncüsü, bir dənə də olsa sübut, fakt göstərin ki, Ali Məhkəmə hansısa vəzifədən çıxarılmış şəxsi vəzifəyə bərpa edən qərar verib. Belə bir fakt yoxdur. Bildirdim ki, rayon məhkəmələri tərəfindən də yüksək və respublika əhəmiyyətli vəzifədən çıxarılmış hər hansı bir şəxsin vəzifəsinə bərpası barədə qərar çıxarılmayıb. Tələb etdim ki, ortaya fakt qoyun. Heç bir fakt qoyulmadı. Çünki fakt yox idi. Həm o dövrdə, həm də sonrakı illərdə mənim barəmdə ”biz köhnələri vəzifədən çıxarırıq, Tahir Kərimli bərpa edir" şayiəsini buraxıb əleyhimə təbliğat aparılırdı. Mən o müşavirədə dedim ki, köhnələri, mafiozları, milyonçuları yüksək vəzifələrə hakimiyyət bərpa və təyin edir. Prezident məndən haraya təyinatları və kimin təyin etdiyini soruşdu. Mən də Rəsul Quliyevi, Abbas Abbasovu, Müzamil Abdullayevi misal olaraq qeyd etdim. Pənah Hüseynin Nazirlər Kabinetinə bu cür şəxsləri topladığını dedim. Mən faktlarla danışdım və nə Pənah Hüseynə, nə də Prezidentə qərəzli deyildim, böhtan atmırdım. Həmin çıxış sonradan mənə qarşı o adamların hücumu ilə nəticələndi. Məni həmin adamlar hökumət telefonunda hədələyiblər. Mən rüşvətxor sistemə qarşı olmuşam. Heç kim deyə bilməz ki, Tahir Kərimli rüşvət alıb və qanunsuzluq edib. Qanunu həmişə şah görmüşəm. Heç vaxt nə Prezidentə, nə də baş nazirə şəxsi qərəzlilik etməmişəm".
Tahir Kərimli sonda vurğuladı ki, Prezident sarayında Elçibəyin sədrliyi ilə keçirilən həmin müşavirə və müşavirənin efirə verilməsi xalqın arasında Xalq Cəbhəsinə olan etimadı, ümidi yerlə yeksan etdi: “Həmin müşavirə sanki 4 iyun qiyamının, hakimiyyətin çökdürülməsinin baş məşqi idi. O müşavirə hakimiyyətə xalq nifrəti yaratmağa hesablanmışdı. Müşavirədən az sonra 4 iyun qiyamı başlandı və nəticə bəllidir”.
“Yeni Müsavat”
Daha çox xəbər:
Surət Hüseynovdan YENİ İDDİA: Seçkilərdə Elçibəyi dəstəkləyib? - AÇIQLAMA
İlham Əliyev Naxçıvanın Nazirlər Kabinetinə vəsait ayırdı - SƏRƏNCAM
Baş Nazir hökumətin hesabatını təqdim edir
Əvvəl Elçibəyin müavini idi, indi Əli İnsanovu seçdi - FOTO
Firudin Cəlilov Əli Kərimliyə ağır sözlər dedi – Video