Cəmiyyət
17:40, 30 Haziran 2020

Bilgəhdəki modul tipli xəstəxananın həkimi: “Açılışdan iki gün sonra artıq 77 pasiyent qəbul edilmişdi”

Bilgəhdəki modul tipli xəstəxananın həkimi: “Açılışdan iki gün sonra artıq 77 pasiyent qəbul edilmişdi”
Digər pandemiya xəstəxanalarında yer olmaması səbəbindən iyunun 26-dan etibarən Bakının Bilgəh qəsəbəsindəki 28 saylı Birləşmiş Şəhər Xəstəxanasına təhkim olunmuş modul tipli kompleks təcili olaraq koronavirus xəstələrini qəbul etməyə başladı.

Bunu Media.Az-a 31 saylı Birləşmiş Şəhər Xəstəxanasının pediatrı Nurlana İsgəndərova deyib. O, hazırda modul tipli xəstəxanada COVİD-19-a yoluxan xəstələrin müalicəsi ilə məşğul olur.

N.İsgəndərovanın sözlərinə görə, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən şəhər poliklinikalarının həkimləri Bilgəhdəki modul tipli klinikada koronavirus xəstələri ilə işləməyə cəlb olunub.

O, iyunun 27-də işə başladığını və artıq iki gün sonra xəstəxanada 77 xəstənin olduğunu bildirib:

“Xəstəxananın 200 çarpayılıq olmasına baxmayaraq, tibb işçilərinin çatışmazlığı səbəbindən pasiyentlərin qəbulunu dayandırmaq məcburiyyətində qaldıq. Tibbi müəssisədə laboratoriya, reanimasiya briqadası və həmçinin KT aparatının çatışmazlığı kəskin hiss olunur. Müalicə protokollarına görə dərman təminatında problem yoxdur. Ancaq tibb işçilərinin çatışmazlığı səbəbindən, təəssüf ki, dərhal hamıya yetişə bilmirik. Bəzən prosedurlar bəzilərinə daha əvvəl, bəzilərinə isə daha sonra edilir”.

Pandemiya xəstəxanasının həkimi, əsasən, qızdırma, titrəmə, döş qəfəsində ağrı və bədən ağrıları kimi simptomları olan xəstələrin gətirildiyini vurğulayıb:

“Xəstəxananın pasiyentləri arasında yalnız xroniki xəstəlikləri olan yaşlıların olması düşüncəsi səhvdir. Deyirlər ki, uşaqlar xəstələnmirlər, amma hazırda dörd yaşında bir xəstəmiz var. Bu, Naxçıvandan olan Nuraydır. Onun bütün ailəsi - nənəsi, babası və anası xəstədir. Uşağın özündə də test koronavirus infeksiyasının mövcudluğunu göstərdi. Təsdiqlənmiş sxemə uyğun olaraq qızı müalicə edirik, amma Allaha şükür ki, onun ağır simptomları və ağırlaşmaları yoxdur”.

İş şəraiti haqqında danışan N.İsgəndərova növbənin 14 gün davam edəcəyini, bundan sonra ailəsi ilə yenidən birləşməzdən əvvəl iki həftə karantində qalacağını deyib. Həkim ailə üzvlərinə təhlükə yaratmamaq üçün iş və karantin müddətində Atletlər kəndində qalır:

“İlk iş günündə “skafandr”da işləmək çox qeyri-adi idi. Ancaq insan hər şeyə alışır. Burada işləməyə razılıq verərkən koronavirusa yoluxa biləcəyimi başa düşürdüm. Ancaq imtina etməyə mənəvi haqqım yox idi, çünki insanların köməyimə ehtiyacı var. Bu xəstəliklə mübarizə aparmalıyıq. Əgər növbə bizə, poliklinika həkimlərinə gəlibsə, qoşulmağı özümə borc hesab edirəm”.

Həkim pandemiyanın başlanğıcında koronavirusun varlığına şübhə ilə yanaşdığını etiraf edib. İndi isə ölümcül infeksiyanın bütün təhlükəsini öz gözləri ilə görüb.

“İnsanları özlərini qorumağa və əlcək geyinməyə, maska taxmağa çağırıram”, - deyə, Nurlana İsgəndərova sözlərini yekunlaşdırıb.

Bilgəhdəki modul tipli xəstəxananın həkimi: “Açılışdan iki gün sonra artıq 77 pasiyent qəbul edilmişdi”
Digər xəbərlər: