Cəmiyyət
10:47, 11 May 2019

İlham Əliyev: Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır

İlham Əliyev: Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır



2003-cü ildə prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasətini davam etdirəcəyəm və xalq Heydər Əliyev siyasətinə səs verdi. O vaxtdan bu günə qədər Azərbaycan böyük və uğurlu yol keçdi, müstəqillik daha da möhkəmləndi. Azərbaycanda sabitlik təmin olunub, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmləndi. Bu gün Azərbaycan dünya miqyasında çox müsbət nüfuza malik olan bir ölkədir. Dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və bu dəstək BMT Təhlükəsizlik Şurasında keçirilmiş səsvermədə özünü büruzə verdi, 155 ölkə bizi dəstəklədi. Yəni, bu da tarixi nailiyyətimizdir. Bir çox beynəlxalq təşkilatlar bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə əsaslanan, bizim mövqeyimizi müdafiə edən qərar və qətnamələr qəbul etmişdir, o cümlədən BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur.

Beş.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə deyib.

"Münaqişə ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşamış və yaratmışdır. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında öz həllini tapmalıdır. Bu, yeganə yoldur və biz bu yolla gedirik və gedəcəyik.

Eyni zamanda, ordunun gücünü artırırıq. Bu gün Azərbaycan beynəlxalq reytinqlərə əsasən dünya miqyasında ordu potensialına görə 50 ölkə arasındadır. Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaqdır", - Azərbaycan Prezidenti söyləyib.
Digər xəbərlər: