Gündəm
11:07, 28 Haziran 2019

26 İyun Milli Ordunun yaranma günüdür

26 İyun Milli Ordunun yaranma günüdür

Müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin milli ordu quruculuğu sahəsində əldə etdiyi uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Məlumdur ki, müasir dövrümüzdə orduya qayğı xüsusilə artır və ildən-ilə diqqət gücləndirilir. Hərbi hissələr müasir döyüş avadanlıqları ilə təchiz olunur, əsgər və zabitlərin sosial problemlərinin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Belə ki, zabitlərin mənzil şəraiti yaxşılaşdırılır, rütbəyə görə müavinətlər hər il artırılır.
Azərbaycan zabitləri yüksək təhsil almaq üçün dünyanın müxtəlif ölkələrinə göndərilir.
Ali Baş Komandan İlham Əliyev regionlara səfərləri zamanı, hərbi hissələrə baş çəkir, əsgərlərin həyat tərzi ilə, mütəmadi olaraq, maraqlanır. Qeyd edək ki, Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. Milli Ordunun keşməkeşli tarixi bugünkü və gələcək nəsillər üçün böyük örnəkdir. Ümummilli lider Heydər Əliyev 1973-cü ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin yaradılmasına nail oldu. Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərdi. Sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı mərkəz laqeyd yanaşa bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə Moskvadan Bakıya təşrif buyuran emissarlar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını "əsaslandırmağa" çalışırdılar. Amma ulu öndər Heydər Əliyev özünün mahir diplomatiyası ilə bu cəhdlərin qarşısını bacarıqla alırdı. Beləliklə, ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq bir məktəbin yaradılmasına və bu məktəbin ən yüksək səviyyədə qayğı ilə əhatə olunmasına nail oldu. O, məktəb ki, Azərbaycan müstəqil olandan sonra onun ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. 1970-ci illərdə həmin məktəbin müdavimləri olanlar, indi müstəqil Azərbaycan dövlətinin silahlı qüvvələrinin komandirləri və generallarıdır. Sonralar O, bu haqda belə yazırdı: "Bu məktəbi yaradanda heç vaxt ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu şərəf mənə qismət olub və mən özümü xoşbəxt hesab edirəm".
1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsi bütün dövlət təsisatları kimi, ordu quruculuğu üçün də geniş imkanlar açdı. Amma təəssüflər olsun ki, o dövrdə Azərbaycana rəhbərlik edən şəxslər bu barədə nə real təsəvvürə, nə də gerçək ordu quruculuğu həyata keçirmək bacarığına malik idilər.
Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ümummilli liderimiz Heydər Əliyev ilk gündən güclü və intizamlı ordu yaradılmasına çalışırdı. Lakin müxtəlif maraqlara xidmət edən silahlı dəstələr, nəinki birləşmək və torpaqların müdafiəsinə qoşulmaq niyyətində deyildilər, əksinə, ölkədə sabitliyi yenidən pozmaq, xaos və anarxiya yaratmaq niyyətinə düşənlərə qulluq göstərirdilər. 4 oktyabr 1994-cü ildə, habelə, 13-17 mart 1995-ci ildə belə cəhdlər oldu. Lakin ulu öndər Heydər Əliyevin qətiyyəti və nüfuzu, xalqın məhəbbət və dəstəyi nəticəsində bu qüvvələr darmadağın edildi. Beləliklə, həm də Azərbaycanda dövlət çevrilişi və silahlı dəstələrin zorakılığı ilə hakimiyyətə gəlmək ənənəsinə birdəfəlik son qoyuldu.
Ulu öndər Heydər Əliyev siyasi kursunu şərəf və ləyaqətlə davam etdirən möhtərəm Prezident İlham Əliyev də orduya daim qayğı ilə yanaşır. Bu barədə dövlət siyasətinin başlıca istiqamətini bəyan edən Prezidentimiz orduya ayrılan xərcləri artırır, ordunun gücünü daha da möhkəmləndirir.
Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Prezident İlham Əliyevin sözləri ilə desək: "Milli ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır".
Bu gün Azərbaycanın yüksək səviyyəli döyüş texnikası ilə təchiz olunmuş və ölkənin ərazi bütövlüyünü bərpa edəcək ordusu var. Silahlı qüvvələr daim səhra təlimləri keçir, qoşunların döyüş hazırlığı yüksək səviyyədə saxlanılır. Silahlı qüvvələrdə aparılan islahatlar da uğurla davam etdirilir. Aparılan islahatlar nəticəsində hərbi təhsil sistemi bütövlükdə NATO standartlarına keçirilib, Azərbaycan əsgərləri NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində təlimlərdə iştirak edirlər. Əsgərlərimiz Kosovo, Əfqanıstan və İraqda ölkəmizin şərəfini yüksək ləyaqətlə qoruyurlar.
Təbii ki, biz Milli Ordumuzun yüksək səviyyədə təşkil olunmasına görə, ümummilli lider Heydər Əliyevə borcluyuq.

Milli ordunun yaranması münasibəti ilə Azərbaycan xalqını və Alıi Baş Komandanımız İlham Əliyev cənablarını təbrik edirik.

Yeganə Baxşəliyeva,
Bakı şəhəri 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, "Qızıl Qələm" , "Vətənpərvər xanım", "Qabaqcıl Təhsil işçisi" mükafatları "Azərbaycan bayrağı", "İlin Nüfuzlu ziyalısı", "İlin müəllimi" medalları laureatı
Digər xəbərlər: