Gündəm
Putin Ərdoğanın gəlişi ərəfəsində gözlənilmədən Təhlükəsizlik Şurasını topladı
Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın şimalındakı vəziyyətə dair kritik görüşü ərəfəsində gözlənilmədən Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Kreml iclasda Suriyanın İdlib vilayəti ətrafındakı situasiya və Ərdoğanla görüş ərəfəsində Rusiya-Türkiyə münasibətlərinə dair “bəzi məsələlər” müzakirə olunub.
İclasda baş nazir Mixail Mişustin, Dövlət Dumasının və Federasiya Şurasının spikerləri, təhlükəsizlik şurasının katibi Nikolay Patruşev və onun müavini Dmitri Medvedyev, müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrov, xüsusi xidmət orqanlarının rəhbərləri və digər rəsmilər iştirak ediblər.
Ərdoğan Suriyanın şimalında Rusiya aviasiyasının zərbələri nəticəsində onlarla türk əsgərinin həlak olmasının ardınca Putinlə telefon danışığı aparıb və görüşmək barədə təşəbbüs qaldırıb. Türkiyə prezidentinin bu gün Moskvaya gedəcəyi gözlənilir.
Rusiya isə Ərdoğanın bu kritik səfəri ərəfəsində həm də Suriyanın şimalında vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Suriya ordusu Rusiyanın dəstəyi ilə yenidən hücuma keçərək strateji əhəmiyyətli, ölkənin şimalı ilə cənubunu birləşdirən şossenin üzərində yerləşən Serakib qəsəbəsini tutub. Və dərhal oraya Rusiya hərbi polisi yerləşdirilib. Rusiya hərbçilərinin qəsəbəni nəzarətdə saxlaması Türkiyə ordusunun Serakibi vurması imkanlarını məhdudlaşdırıb.
Habelə fevralın 28-dən etibarən Rusiya Suriyada hərbi iştirakını artırmaqdadır, durmadan bu ölkəyə hava və dəniz yoluyla əlavə hərbi texnika, canlı qüvvə daşıyır. Bosfor boğazından keçib Suriya sahillərinə istiqamət alan Rusiya hərbi gəmilərinin sayı son günlər kəskin artıb, habelə Hmeymim aviabazasına tez-tez Rusiya hərbi nəqliyyat təyyarələri enir.(virtualaz.org)