Gündəm
22:57, 02 Temmuz 2020

Ramin Musayev: “Tapşırmışam ki, hansı sayt ad günümüzü yazıbsa, onların adını qeyd etsin”

Ramin Musayev: “Tapşırmışam ki, hansı sayt ad günümüzü yazıbsa, onların adını qeyd etsin”
“Baxmayaraq ki, futbol dayandırılıb, amma maraqlanan, yazan idman jurnalistləri var. Ümumi götürdükdə, idman jurnalistikamızdan razıyam. Belə çətin vəziyyətdə də olsa, fəaliyyət göstərirlərsə, çox sağ olsunlar”.

Bu barədə Oxu.Az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Bu gün dünya idman jurnalistlərinin günüdür. R.Musayev media nümayəndələri haqda danışmazdan əvvəl onları virusdan qorunmağa çağırıb:

“Xahiş edərdim ki, bütün qayda-qanunlara riayət etsinlər, özlərini bu virusdan qorusunlar. Yaxınlarda valideynini itirən, amma dəfninə gedə bilməyən idman jurnalisti də oldu (Anar Cəfərsoyu nəzərdə tutur – S.M.) Bu virusa inanmayanlar çox idi. Amma indi əksəriyyət inanır. Hamı tək özünü yox, ətrafını, evdəki ailəsini, körpəsini düşünməlidir”.

O daha sonra maddi vəziyyətin yaxşı olduğu dönəmlərdə PFL-in hər ilin yanvarında jurnalistləri Antalyaya aparmalarından danışıb:

“Yadınıza gəlirsə, PFL yaranandan hakimlərin Türkiyədə təlim-məşq toplanışları keçirilib və ora jurnalistlər də aparılıb. Hər zaman orda iştirak edən həmkarınıza demişəm ki, sizə qoyduğumuz bu hörmətə görə bizi tənqid etməkdən çəkinməyin. Toplanış zamanı gördüyünüzü yazın. Lap görsəniz mənim də səhvim varsa, tənqid edin, incimərəm.

Əfsuslar olsun ki, bəzi insanlar tənqidi təhqir kimi qəbul edir. Halbuki tənqiddən nəticə çıxartmaq lazımdır. Tənqidi hər insan qəbul edə bilmir. Ona görə də bəzən klublarla jurnalistlər arasında narazılıq yaranır. “Mən bu sayta reklam verirəm, bizi tənqid etməməlidirlər” yanaşması düzgün deyil”.

Ramin Musayev idman jurnalistikasının hazırkı maddi vəziyyətindən danışarkən bunları dilə gətirib:

“Yaxşı olardı ki, idman jurnalistləri müstəqil olsun, heç kimdən, heç bir klubdan asılı olmasın. Vaxtı ilə biz AFFA ilə birgə bir büdcə yaradıb, idman jurnalistlərinin maliyyələşməsi ilə bağlı layihə həyata keçirmək istəyirdik. Lakin bu məsələdə ortaq razılığa gəlmək mümkün olmadı. Həmçinin AFFA yanında Media Komitəsinin vaxtında da müəyyən narazılıqlar oldu. Bunda jurnalistlərin özlərinin də günahı oldu. Bir-birlərini tənqid etdilər.

Son vaxtlar idman saytlarımızın sayı azalıb. Bu gün bizim mətbuat katibi Aslan Şahgəldiyevdən xahiş etmişəm ki, hansı sayt PFL-in ad gününü (bu il PFL-in yaranmasından 12 il keçir – S.M.) yazıbsa, onların adlarını qeyd etsin. Bununla bilmək istəyirik ki, görək hansı jurnalist, hansı sayt işləyir.

O vaxt xaricə toplanışa getmək üçün jurnalistlərin siyahısı tutulanda narazılıq yaranırdı. Bir noutbuku olan Türkiyəyə getmək istəyirdi. Ona görə də Aslana demişdim ki, hansı jurnalist qarda, boranda bizim çempionat oyunlarını stadiondan işıqlandırırsa, onları aparaq. Əziyyət çəkənə dəyər verilməlidir.

Düzdür, Antalyaya apardığımız jurnalistlərin hamısı işləmirdi. Dincəlməyə gedəni də olurdu (gülür). Amma hər halda Antalyaya gedənədək stadionlarda işləyirdilər deyə, biz onları ora aparırdıq”.
Digər xəbərlər: