Gündəm
11:42, 30 Temmuz 2020

Gömrükdə yenə adı olub, rəsmi fəaliyyəti olmayan şirkətlər peyda olub - İDDİA

Gömrükdə yenə adı olub, rəsmi fəaliyyəti olmayan şirkətlər peyda olub - İDDİA
Bəllidir ki, hər bir ölkə iqtisadiyyatının əsas qayəsini həm də vergi ödəmələri təşkil edir. Dünya dövlətləri bu sistemin qurulmasına milyonlar xərcləsələr də müsbət nəticəsi göz qarşısındadır. Pandemiya dövründə böyük və əsasən iqtisadiyyatı dayanıqlı olan dövlətlərdəki vəziyyəti analiz etsək onlarda ciddi problemlərin aradan qaldırıldığının şahidi olmaq olar. Çünki dayanıqlı sistem, gömrükdə qaydalar, vergilərdə dəqiqliq öz sözünü deyir. Hətta bu ölkələrdə kiçik sahibkarlara belə iri həcmli, azfaizli kreditlər verilir ki, yaranmış vəziyyətdən asanlıqla çıxa bilsinlər. Demək olar ki, belə dövlətlər artıq pandemiyanın yaratdığı fəsadlardan uğurla çıxmaq həddindədir.

Bəs Azərbaycanda vəziyyət necədir? Biz pandemiya dövründə nə qazandıq? Hansı sistemdə hansı axsamalar baş verdi? Hansı qurum özünü necə apardı? Hansı nazir və ya Komitə sədri dövləti düşdüyü vəziyyətdən çıxartmaq üçün vuruşdu, çalışdı? Yaxud əksinə kimlər pandemiyadan yararlandı, buna cəhd etdi, milyonlarlar qazanmaq istəyində oldu?

Bir qədər əvvələ nəzər salaq.

Azərbaycanda uzun illər gömrük sisteminin monopoliyada olmasının, bu fəaliyyətin bir əldə cəmlənməsinin ölkə iqtisadiyyatına nə qədər ziyan vurduğunun şahidiyik. Dövlət Gömrük Komitəsindəki "qara əllər" bu sistemdə fırlanan milyardları necə dağıdırdısa bunu bir özləri bilir, bir də Allahları. Uzun illər davam edən bu alov ölkə rəhbərliyinə gömrükdəki vəziyyətin acınacaqlı olduğu barədə məlumat veriləndən sonra söndürülməyə başladı.

Daha sonra Gömrük Komitısinə Aydın Əliyevin müavini Səfər Mehdiyev sədr təyin edildi. Təxminən bir ildən artıq müddətdə Dövlət Gömrük Komitəsində "təmizləmə" və "yenilənmə" işi həyata keçirildi. Amma bəzi hallar o zaman yeni təyin edilən Vergilər naziri Mikayıl Cabbarovu qane etmirdi. Səfər Mehdiyevin gömrük sistemindəki bəlli boşlulqarın olması və ölkəyə gətirilən malların gömrükdə rəsmiləşdirilməsi, vergi ödəmələri ilə bağlı müəyyən narazılıqlar var idi.

Daha doğrusu, Vergilər Nazirliyinin rəsmiləri ölkəyə gətirilən yüklərin bir başa logistika şirkətləri tərəfindən rəsmiləşdirilməsinə qarşı idi. Vergilər naziriliyi tələb edirdi ki, ölkəyə mal gətirən hər bir fərdi sahibkarın və ya şirkətin vöen-i olmalıdır, mallar onların öz adına rəsmiləşdirilməldir, vergi ödənməlidir.

Bu prosses başlanan zaman hətta logistika şirkətləri kiçik sahibkarlardan belə VÖEN tələb etməyə başladılar. Sonrasında nə baş verdi bu barədə heç bir rəsmi məlumata rast gəlinmir. İndi necədir və VÖEN sistemi işləyirmi bu barədə də dəqiq məlumat yoxdu.

Mikayıl Cabbarovun vergilər naziriliyinə nazir təyinatından sonra ölkə büdcəsinə vergidaxilolmalarına nəzarəti gücləndirmək üçün Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi yaradıldı. Bu idarəyə Azər Məmmədov rəis təyin olundu. Bu idarənin əsas işi vergidaxilolmalarına ciddi nəzarət etmək, vergidən yayınan şirkətləri müəyyən etmək, idxal-ixraca nəzarət, gömrük rəsmiləşdirmələri zamanı baş verən bütün halları araşdırmaqdır. Elə isə bu qurum və onun rəisi Azər Məmmədov bu işin öhdəsindən necə gəlir? Ümumiyyətlə, gələ bilirmi? Dövlət Gömrük Komitəsində yenə nələr baş verir? Köhnə sistem yenidən dövriyyədədirmi?

Prezident İlham Əliyev - "güclü istisadiyyat formalaşmalıdır, vergidaxilolmalarına ciddi nəzarət olunmalıdır, hər bir şirkət və ya fərdi sahibkar vergi ödəyicisinə çevrilməlidir, qara iqtisadiyyata son qoyulmalıdır" dediyi və tələb etdiyi zamanda Gömrükdə yenəmi hansısa xoşa gəlməz hallar baş verir? Pandemiya dövründə əgər belə bir hal baş verirsə bunun adı xəyanət deyilmi?

Son vaxtlar gömrükdə adı olub, rəsmi fəaliyyəti olmayan, vergi ödəməyən, heç bir DSMF ödəmələri həyata keçirilməyən şirkətlərin peyda olması ilə bağlı Bizimxeber.az-ın elektron ünvanına məlumat daxil olub. İddia olunur ki, bu "şirkətlər"in malları gömrükdə asanlıqla rəsmiləşir və dövriyyəyə buraxılır. Həmin şirkətlər bu malların ölkəyə idxalına görə, heç bir rəsmi vergi ödəməsi həyata keçirmir, işçisi yoxdur, DSMF-yə ödəniş etmir və sairə.

O zaman bu prosses kimlərin nəzarəti altında və necə həyata keçirilir? Pandemiya dövründə ölkə iqtisadiyyatının gücləndirilməsi üçün vergidaxilolmalarına nəzarət etməli olan qurum - Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədovun baş verənlərdən xəbəri varmı? Əgər doğrudanda bu belədirsə o zaman İqtisadiyyat naziri, dövlətə sadiqliyi ilə böyük etimad almış Mikayıl Cabbarovun bu məsələyə münasibəti necə olacaq?

Bəlkə doğrudan da Gömrük Komitəsi sədri Səfər Mehdiyevin baş verənlərdən xəbəri yoxdur. Bəlkə bu işləri ondan xəbərsiz həyata keçirirlər? Hər halda redaksiyaya daxil olan məlumatdan aydın görünür ki, adı olub rəsmi fəaliyyəti olmayan "şirkətlərin" malları vergi ödəməsindən keçimir, işçisi yoxdur, DSMF-yə bir manat da ödəniş etmir, amma rəsmiləşdirilir.

Yəqin ki, bu faktları, istər İqtisadiyyat naziri Mikayıl Cabbarov, istər Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, istərsə də Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədov tərəfindən araşdırmalıdır. Təbii ki, əgər baş verənlərdən xəbərləri yoxdursa.

Ölkə iqtisadiyyatının güclənməsi vergi daxilolmaları ilə yanaşı, gömrük rəsmiləşdirməsinin qanuniliyi və monopoliyanın tamam aradan qaldırılmasından keçir. Əgər qurumların birində rüşvət və ya qanunsuzluq halı varsa o zaman dayanıqlı iqtisadiyyatdan və güclü dövlətin qurulmasından söhbət gedə bilməz.

Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. //bizimxeber.az//
Digər xəbərlər: