Gündəm
17:08, 25 Eylül 2020

Tərtər rayonu bu gün sürətlə inkişaf edir

Tərtər rayonu bu gün sürətlə inkişaf edir
Rayon haqqında


Yaranma tarixi - 27.01.1934
Ərazisi - 960 kv.km
Əhalinin sayı - 104.7 min nəfər
(1 yanvar 2020-сi il tarixə)
Əhalini sıxlığı(1kv.km-ə düşən əhali) - 108 nəfər
(1 yanvar 2020-сi il tarixə)
Şəhərlərin sayı - 2
Qəsəbələrin sayı - 1
Kəndlərin sayı - 74
Bələdiyyələrin sayı - 25
İqtisadi rayon - Yuxarı Qarabağ
Tərtər rayonu ilə Bakı arasında olan məsafə -332 km

Qarabağın səfalı guşələrindən olan Tərtər rayonu ən qədim yaşayış məskəni olub, dağ ilə aranın qovuşduğu ərazidə yerləşir. Son dərəcə gözəl və səfalı bir ərazidə yerləşən Tərtər barədə Aleksandr Düma demişdir: «Yalnız Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilərlər».

Tərtər Qərblə Şərq arasında karvan yolunun üstündə yerləşdiyinə görə bura ətraf məntəqlərdən sifariş və məktub göndərmək üçün çoxlu çaparlar gələrmiş. Məhz buna görə Tərtər keçmişdə Çaparxana adlanıb. Bəziləri isə rayonun keçmiş adının Çəpərxana olduğunu iddia edirlər. Bunu isə Tərtərin sıx meşələri, ağacdan çəkilmiş çəpərləri ilə bağlayırlar.

IX-XIII əsrlərdə cənubi rus çöllərində və Şimalı Qafqazda yaşamış qıpçaq tayfalarından olan tərtərlilər 1280-1323-cü illərdə Bolqarıstanda hökmdarlıq sülaləsinə başçılıq etmişlər. Tərtərlilərin bir qisminin erkən orta əsrlərdə Azərbaycana gəlmələri ehtimal olunur. Bəzi tədqiqatçılara görəTərtərçay hidronomi tərtərlilərlə bağlıdır.

Cənubi Uralda Tərtəroba adlı yaşayış məskəni olmuş və indi də qalmaqdadır.

Bəs Tərtər sözünün mənası nədir?

Rus mənbələrinə görə «Terter» oba adlanır, bu da «Tərtər» etnonimindən və oba sözündən götürülmüşdür.

Türk şairi Mahmud Kaşkarlının «Divani-it-lüğət-türk» əsərində isə Tərtər qumruya bənzər gözəl səslə oxuyan quş kimi verilib.

Tərtərlilər tayfasının başqa bir hissəsi isə Səfəvi şahlarının dövründə yenidən Azərbaycana qayıtmışdır. Azərbaycan tarixində tərtərlilər bəzən qıpçaq adı ilə də göstərilir. Ancaq tərtərlilər bir türk tayfası olub qıpçaqlarla birləşmişlər. Onlar Tərtər çayının sahilində yaşamışlar.

Ərdəbilli mənbələrdə Tərtər etnik adı «Sur-sur» kimi yazılmışdır. Tarixdə qeyd olunur ki, Nadir şahın əmiri Sərdar xan sur-sur tayfasını Dərbənddə oturtmuş və onların Azərbaycanda qalan bir hissəsi özlərinə ərəb ləhcəsilə «Sor-sor» yox, Tərtər demişlər.

Tərtərin yerləşdiyi coğrafi mövqe onun inkişafında mühüm rol oynamışdır, əhali əkinçilik, maldarlıqla yanaşı ticarətlə də məşğul olmuşdur.

Qədim Gəncənin adı 1804-cü ildə dəyişdirilərək çar Aleksandrın arvadı Yelzavetanın şərəfinə Yelzavetpol qoyulmuş və 1824-cü ildə rəsmən ona şəhər adı verilmişdir. Yelzavetpol quberniyasının Cavanşir qəzasının mərkəzi Tərtər olmuşdur. İnzibati bölgüdə Bərdə də bu qəzanın tərkibində idi. Sözsüz ki, Tərtərin qəzanın mərkəzində olması onun inkişafında da mühüm rol oynamışdır.

1757-1759-cu illərdə məşhur şair M.P.Vaqifin Tərtərdə məktəbdarlıqla məşğul olması buranın mədəni inkişafı haqqında xəbər verir.

Pənah xanın, Cavanşir və Mehdiqulu xanın, Nəcəfqulu və Nəriman bəyin ayaq izləri qalmış Tərtərdə Molla Vəli Vidadinin, Qasım bəy Zakirin nəfəsi qorunub yaşayır.

Tərtərdə ilk məktəb Salman Haqnəzərovun evində (indiki musiqi məktəbi) 1911-ci ildə, ilk ambulatoriya-tibb məntəqəsi 1903-cü ildə Hacı İbrahimin evində (indiki Şuşa Rayon Polis Şöbəsinin yerləşdiyi bina), ilk apteki isə 1905-ci ildə Hacı İbrahim, 1917-ci ildə Haqnəzərovlar açıb.

1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası dövründə Tərtərin Azad Qaraqoyunlu kəndindən olan Azad Ağanın oğlu Behbud Ağa Cavanşir Milli Hökumətin Daxili İşlər Naziri olub.

Tərtərdə şəhər əhalisinin ehtiyaclarını ödəmək üçün 5 su dəyirmanı, 3 günbəzli hamam olmuşdur.

1920-ci ilin aprel ayında Cavanşir qəzası təşkil edilmişdir. Həmin ildə Tərtər sahəsi yaradılmışdır və 1920-22-ci illərdə Cavanşir qəzasının tabeliyində olmuşdur. 1922-ci ildə onun adı dəyişdirilərək Cavanşir sahəsi adlandırılmışdır. 7 iyul 1923-cü ildən 1929-cu ilin aprelinə kimi Ağdam qəzasının inzibati tabeliyində, 8 aprel 1929-cu ildən 8 avqust 1930-cu ilə kimi Qarabağ dairəsinin tabeliyində olmuşdur.

Rayonun ərazisi 960 min kv.km, əhalisi 102400 nəfərdir. 2 şəhər (Tərtər, Ağdərə), 1 qəsəbə (Şıxarx), 74 kənd vardır.

Tərtər rayonu Kür - Araz ovalığının qərb hissəsindədir. Kiçik Qafqaz sıra dağlarının şimal-şərqində yerləşən Tərtər rayonu Qərbdən Şərqə doğru meyllidir, dəniz səviyyəsindən 227,1 metr hündürlükdə yerləşir.

Qışı quraq keçən mülayim isti və yarımsəhra quru çöl iqlimi var. Torpağı şabalıdı, boz və çəmən-boz qrupuna aiddir.

Ərazisindən Tərtər və İncə çayları, cənub sərhəddindən isə Xaçın çayı axır.

1940-cı ildə Mirbəşir Qasımovun vəfatından sonra onun xatirəsini əbədiləşdirmək məqsədilə rayonunun tarixi adı dəyişdirilərək Mirbəşir qoyulmuşdur. 1947-49-cu illərdə rayonun mərkəzi şəhər tipli qəsəbəyə çevrilmişdir. 1963-cü ildə rayon statusu ləğv edilərək ərazisi Bərdə rayonuna birləşdirilmişdir. 1965-ci ildə yenidən müstəqil olmuşdur.

Vaxtilə Tərtər çayının sol sahilində Tərtər neft yatağı vardır, I-III Qazanbulaq horizontlarında aşkar edilmişdir. Sahənin neft qazlılıq perspektivliyi güman ki, Paleogen və Mezozey çöküntüləri ilə əlaqədardır.

Sovet imperiyasının süqutundan sonra Azərbaycan müstəqillik qazanmış, 1991-ci ilin fevral ayında rayonumuzun tarixi adı-Tərtər özünə qaytarılmışdır.

Tərtər rayonunda 24 tarix və mədəniyyət abidəsi vardır. Onlardan biri dünya əhəmiyyətli tunc və ilk dəmir dövrünə aid Borsunlu kurqanlarıdır.

İndiyədək aparılan araşdırmalar və arxeoloji qazıntılar Tərtərin qədim yaşayış məskəni olduğunu göstərməkdədir.

1981-ci ildə Tərtərin Borsunlu kəndinin ərazisində arxeoloji qazıntı aparılarkən və eramızdan əvvəl III minilliyin əvvəllərinə aid böyük kurqan aşkar edilmişdir. İlk tunc dövrünə aid olan bu abidələrdən biri 15 kvadratmetr sahədə gil daşdan kvadrat şəklində hörülmüş üçmərtəbəli qəbirdir. Üst mərtəbədə bir insan skeleti, ikinci mərtəbədə səkkiz, üçüncüdə isə on insan skeleti aşkar olunmuşdur.

Həmin yerdən tapılan və Çor kurqan adlanan kurqandan tayfa başçısına aid qəbir aşkar edilmişdir. Qəbrin uzunluğu 32 metr, eni 8 metr, dərinliyi 4 metr olmuşdur. Qəbrin üstündə 200-dən çox indi nadir tapılan arqan ağacı döşənmişdir. Tabutun mıxları əsasən qızıl və tuncla mismarlanmışdır ki, indiyə qədər qızıl mismar vurulmuş tabuta demək olar ki, rast gəlinməmişdir. Tabuta tayfa başçısının döyüş silahları, nizə və ox ucları, döyüş təbərzini, mərmər toppuzla yanaşı, saxsı qablar, tunc və qızılla işlənmiş bəzək əşyaları, qızıl düymələr, başlığı fil sümüyündən qızıl toqqa, şüşə və əqiqdən muncuqlar tapılmışdır.

Qəbrin bir tərəfində qul və kənizlər dəfn edilib, başqa bir hissəsində isə atlar basdırılıb. Arxeoloji materiallar göstərir ki, Borsunlu ərazisində yaşamış insanlar üzümçülük və maldarlıqla məşğul olmuşlar.

Tərtər rayonu Qarabağ düzündə, Tərtər çayının sahilində yerləşir. Rayonun ərazisi Ağdam, Ağdərə, Goranboy, Yevlax və Bərdə rayonları ilə həmsərhəddir.

Rayonun ərazisində Tərtər, İncəçay, cənub sərhəddindən isə Xaçın çayı axır. Rayonun səthi şimal-şərqində düzənlik, cənub-qərbində dağlıqdır. Dağlıq sahədə tabaşir, düzənlikdə Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları neft, daş kömür, tikinti materialları, səpinti qızıl və s. Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əkinçilik və maldarlıq inkişaf etmişdir. Tərtər rayonu Yuxarı Qarabağ iqtisadi rayonuna daxildir.

Tərtər şəhərinin girişində Tərtər çayı üzərində tikilmiş ilk əzəmətli körpü “Kukuşka” körpüsü olub. Bu körpü çar Rusiyasının dövründə, I Dünya müharibəsi ərəfəsində - 1914-1916-cı illərdə salınıb. Strateji əhəmiyyəti olan bu körpü, Bakı-Yevlax yolunun uzantısı olub Tərtərdən keçərək Ağdama çatdırılıb. Yolun və körpünün fəaliyyəti 1930-cu illərdə dayandırılıb. Hazırda körpünün qalıqları daş sütunlar-tarixi abidə kimi qalır.

1918-ci ildə türk qoşunlarının komandanı Nuru paşa Tərtərə gələrkən çayın körpüsündən şəhərin mərkəzində yerləşən Cümə məscidinə qədər əslən Şuşa qalasından olan Məşədi Əliş yol boyu xalı döşətdirib və qonağı təmtəraqla qəbul edib.

Keçmişdə rayonun sakinləri maldarlıq, əkinçilik, pambıqçılıq, üzümçülük, bostançılıq, sənətlə məşğul olmuşlar.

***


Tərtər rayonu bu gün sürətlə inkişaf edir
Məmmədov Müstəqim Səyyad oğlu

03.01.1969-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Texnologiya İnstitunu, 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
• 1987-1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
•Əmək fəaliyyətinə 25.11.1992-ci il tarixdən başlayıb 03.01.1994-cü il tarixədək Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas vəzifələrində işləyib.
•03.01.1994-cü il tarixdən 23.11.1994-cü il tarixədək Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Rəhbərlik bölməsində müfəttiş vəzifəsində işləyib.
•23.11.1994-cü il tarixdən 16.05.2006-cı il tarixədək Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində işləyib.
•16.05.2006-cı il tarixdən 26.07.2012-ci il tarixədək Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatında Başçının şəhər təsərrüfatı üzrə müavini-şöbə müdiri vəzifəsində işləyib.
•26.07.2012-ci il tarixdən 07.05.2014-cü il tarixədək Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləmişdir.
•Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 may 2014-cü il tarixli Sərəncamı ilə Tərtər rayon İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
•Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.
•Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli, 1205 nömrəli Sərəncamı ilə «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)» yubiley medalı ilə təltif edilmişdir.
1993-cü ilin avqust ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.

***

Tərtər rayonunda yüksək bal toplayaraq ali məktəbə qəbul olan tələbələrlə görüş keçirilib

Tərtər rayonunda Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan rayon məktəblərinin məzunları ilə karantin rejiminin şərtlərinə əməl etməklə görüş keçirilib.

Tərtər rayonu bu gün sürətlə inkişaf edir

Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov, Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev, təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmov, qəbul imtahanında yüksək nəticə göstərən məzunlar iştirak ediblər.

Ulu Öndərin adını daşıyan parkda keçirilən görüşü giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb, yüksək bilikli mütəxəssis kimi yetişməyi və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə edib. Eyni zamanda ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Həmçinin ölkə başçısı cənab İlham Əliyev də bu ənənələrə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir.

Tərtər rayonu bu gün sürətlə inkişaf edir

Rayon rəhbəri vurğulamışdır ki, koronavirus pandemiyasına baxmayaraq, yeni dərs ili ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın respublikamızın bir neçə təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olması, tövsiyələrini verməsi təhsilə göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir. Bu diqqət və qayğını öz rayonumuzun timsalında daha aydın hiss edirik. Rayonumuzun Kovdadıq kəndində 20 şagird yerlik ibtidai, Poladlı və Zolgəran kəndlərində isə 56 yerlik ümumi orta məktəbləri üçün modul tipli binaların tikintisi başa çatdırılıb. Rayonun Azad Qaraqoyunlu, İsmayılbəyli, Soyulan, şəhər 5 saylı tam orta məktəbləri üçün yeni binaların tikintisi, Bəyimsarov kənd tam orta məktəbinin əsaslı təmiri Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına salınıb.

Respublika Prezidenti Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Şəhər 5 saylı və Xoruzlu kənd tam orta məktəblərinin yeni inzibati binalarının tikintisi üçün layihə smeta sənədləri artıq hazırlanmışdır.

Rayon rəhbəri vurğulayıb ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq bu il də rayon məzunları dövlətimizin yaratdığı imkanlardan bəhrələnərək Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər.

Qeyd edək ki, 2019-2020-ci tədris ilində umumtəhsil məktəblərini 597 nəfər məzun bitirmişdir. Məzunlardan 371 nəfəri ali məktəblərə sənəd vermişdir. Ali məktəblərə sənəd verən məzunlardan ilkin olaraq 177 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuşdur. Onlardan 2 nəfər 600-dən, 14 nəfər isə 500-dən yuxarı bal toplamışlar.

Görüşdə rayon təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmov, Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev çıxış edərək məzunları təbrik etdilər. Rayon üzrə ən yüksək nəticə əldə edərək 630 balla Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuş, şəhər 6 saylı tam orta məktəbin məzunu Nilufər Hüseynzadə, 623 balla Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuş, şəhər 1 saylı tam orta məktəbin məzunu Sabir Səfərli gənclərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.

Sonda məzunlara fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr təqdim edildi, karantin rejiminin qaydalarına uyğun olaraq, sosial məsafə gözlənilməklə xatirə şəkilləri çəkildi.

***

Tərtər rayonuna iki ədəd yeni təcili tibbi yardım avtomobili verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə gətirilən Türkiyədə istehsal olunan “Fiat Doblo Maxi XL” markalı yeni təcili tibbi yardım avtomobillərindən ikisi Tərtər rayonuna verilib.

Tərtər rayonu bu gün sürətlə inkişaf edir

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni təcili tibbi yardım avtomobillərinə baxış keçirib. Baxış zamanı maşının texniki imkanları barədə ətraflı məlumat verilib. Rayon rəhbəri qeyd edib ki, Azərbaycanda əhalinin sağlamlığına diqqətlə yanaşılır. Hər il respublikamızın bölgələrində yeni tibb müəssisələri tikilir və ya əsaslı təmir olunur. Səhiyyə sahəsinin maddi-texniki bazası yaxşılaşdırılır, müasir avadanlıqlarla təmin edilir. Prezident İlham Əliyevin tapşırığı ilə qabaqcıl şirkətlərin istehsalı olan ən müasir tibb avadanlığı ilə təchiz edilən təcili tibbi yardım avtomobillərinin ölkəmizə gətirilməsi hazırkı dövrdə, pandemiya ilə mübarizə aparılan bir şəraitdə çox mühüm rol oynayır. Bu, Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına nə dərəcədə həssas yanaşdığının göstəricisidir.

Yeni “Fiat Doblo Maxi XL” markalı təcili tibbi yardım avtomobilinin gətirilməsi ilə əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardımın keyfiyyəti və səmərəliliyi daha da artırılacaq.

***

Rayon icra hakimiyyətinin nümayəndələri körpələr evi-uşaq bağçalarına baxış keçirmişlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 2020-ci il sentyabr ayının 15-dən ümumtəhsil məktəbləri ilə birgə körpələr evi-uşaq bağçaları da fəaliyyətə başlamışdır. Bağçaların inzibati binalarında, həyətyani sahələrində təmizlik-abadlıq, dezinfeksiya işləri aparılmış, gigiyenik vasitələrlə təmin olunmuşdur. Hər gün uşaqların tempuraturları ölçülür. Tərbiyyəçilər mütəmadi olaraq valideyinlərlə marifləndirici söhbətlər aparır, uşaqlara təmiz havada məşğələ keçməyə üstünlük verirlər. Bağçalarda uşaq sayının azalması müşahidə olunsada uşaqlar arasında yoluxma qeydə alınmamışdır.

Tərtər rayonu bu gün sürətlə inkişaf edir

Bu gün rayon icra hakimiyyətinin nümayəndələri rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarına baxış keçirmiş, bağçalarda koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri ilə tanış olmuşlar. Baxış zamanı koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri barədə uşaq-tərbiyyə müəssisələrinin kollektivlərinə öz tövsiyyələrini vermişlər. Qeyd olunmuşdur ki, hər gün otaqlar dezinfeksiya edici vasitələrlə silinməli, uşaqlarla ünsiyyətdə olan hər kəs gigiyenik qaydalara riayət etməli, qoruyucu maskalardan istifadə etməli, gündəlik uşaqların tempraturu ölçülməli, qrip, öskürək olarsa həmin uşaqların bağçaya buraxılmamalıdır. Uşaqların qida rasionuna da diqqət olunmalıdır. Sanitaq qovşaqların təmizliyinə xüsusi diqqət yetirilməlidir.

Tərtər rayonu bu gün sürətlə inkişaf edir
Digər xəbərlər: