Gündəm
22:12, 27 Ocak 2021

"Ayda 200 manat qazpulu verirsə, belə çıxır ki, o, evində restoran işlədir?!"

"Ayda 200 manat qazpulu verirsə, belə çıxır ki, o, evində restoran işlədir?!"
Qazın verilişinə olan məhdudiyyətlər və borcların hesablanmasında yaranan problemlərlə bağlı mövzular cəmiyyəti ciddi narahat edir. Vətəndaşlar sayğaclar dəyişildikdən sonra qaz sərfiyyatından 2-3 dəfə artıq borc gəldiyini iddia edirlər. Bundan əlavə, qış fəslinə rəğmən, qazın verilməsində məhdudiyyətlərin olması ilə bağlı haqlı şikayətlər də az deyil.

Qazın verilişinə olan məhdudiyyətlər və borcların hesablanmasında yaranan problemləri şərh edən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, qaz sayğaclarına müdaxilələrin olması ilə bağlı konkret fikir səsləndirmək çətindir: “Mütəxəssis olmadığıma görə o sayğaclara müdaxilənin mümkün olub-olmamasını bilmirəm. Amma qaz ölkəsi olaraq və bütün dünyanı qazla təmin edən dövlətdə qazın qiyməti o qədər aşağı olmalıdır ki, insanlar arasında hər hansı narazılıq olmasın. Hətta bir çox ölkələrdə qaz və neft məhsulları, ümumiyyətlə, pulsuzdur. Çalışmalıyıq ki, insanlar bu məsələdən şikayət etməsin. Qaz ölkəsi olmasına baxmayaraq, satışa görə Azərbaycan ən baha qaz satan dövlətlərdən biridir. Amma sayğac belə gəldi, kimsə az və ya çox işlətdi kimi problemlər sadəcə müvəqqəti xarakter daşıyır”.

Partiya rəhbəri vurğulayıb ki, xammal satan ölkədə həmin məhsullar ucuz olur: “Təəssüf ki, Azərbaycanda bu tendensiyaya əməl olunmur. Türkmənistanda qaz pulsuzdur. Azərbaycanda da bu təcrübəni tətbiq etmək olar. Ya da vətəndaşın istifadə etdiyi qazın bir hissəsini pulsuz, digər hissəsini bugünkü qiymətlərlə satmaq olar. Dövlət əhalinin xərcinin bir hissəsini öz üzərinə götürməlidir. Bu, dünyada qəbul edilmiş qaydadır. Çünki milli gəlirlərin hamısı dövlət büdcəsinə daxil olmur, əksinə, 5-10 məmurun cibinə axır. Ona görə də hökumət vətəndaşları da düşünməlidir. Bundan əlavə, bizdə əməkhaqqı olduqca aşağıdır. İmkanı olmayan insan ayda 200 manat qazpulunu necə ödəyə bilər? Belə çıxır ki, o, evində restoran işlədir?!”.

Konkret.az
Digər xəbərlər: