Gündəm
21:31, 11 Mart 2021

YENİ AZƏRBAYCAN PARTİYASININ YARANMASI TARİXİ ZƏRURƏT İDİ

YENİ AZƏRBAYCAN PARTİYASININ YARANMASI TARİXİ ZƏRURƏT İDİ

Ağayev Tərlan Əli oğlu
Azərbaycan Dövlət Pedaqoji Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyi sədri



Azərbaycan yeni dövrə qədəm qoyur. Odlar yurdunda genişmiqyaslı islahatlar aparılır, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Bu mənada, Yeni Azərbaycan Partiyasının VII qurultayı həm partiyamızın, həm də dövlətimizin qarşısında duran vəzifələrin müəyyən olunması baxımından böyük əhəmiyyət kəsb edir. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilmiş VII qurultayı çox əlamətdar bir dövrə təsadüf etdi. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. YAP-ın VII qurultayı Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrün bitməsini şərtləndirən proses və hadisələrin obyektiv təhlili, həmçinin bu dövr ərzində əldə olunmuş bir çox uğur və nailiyyətlərimizin düzgün qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII qurultayında çıxışında vurğuladığı kimi, son üç il ölkəmiz üçün bir çox məqamlarla bağlı həlledici dövr olmuşdur. Təbii ki, bu müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin əldə olunmasıdır. Əldə olunmuş tarixi Qələbə dövlətimizin başçısının güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Ancaq bu möhtəşəm tarixi Zəfər gününə qədər ölkəmizdə bu Qələbəni şərtləndirən bir çox proseslər, o cümlədən zəruri hazırlıq işləri həyata keçirilmiş, mühüm hadisələr baş vermişdir. Həmçinin Yeni Azərbaycan Partiyasının VI qurultayından keçən 3 il ərzində ölkəmizdə prezident və parlament seçkiləri keçirilib. Əlbəttə ki, bu seçkilərin ölkəmizin ictimai-siyasi həyatında müstəsna yeri var. Belə ki, məhz bu seçkilərdən sonra ölkəmiz yeni siyasi islahatlar mərhələsinə qədəm qoydu. Həqiqət budur ki, son illər Azərbaycanda bütün sahələrdə əldə olunmuş uğur və nailiyyətlərdə bu islahatların böyük rolu var. O cümlədən, 2020-ci ilin fevral ayında Azərbaycanda keçirilmiş parlament seçkiləri ölkəmizdə demokratiya istiqamətində atılmış növbəti ciddi addım oldu. İlk dəfə olaraq parlamentin sədr müavini müxalifət partiyasının nümayəndəsi seçildi. Eyni zamanda, ilk dəfə olaraq parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələri seçildilər. Bu, Prezident İlham Əliyevin ölkə idarəçiliyinə gətirdiyi yeni siyasi mədəniyyətin təzahürü, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addım idi. Həmçinin keçən il partiyaların böyük əksəriyyəti dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Ölkə Prezidentinin dediyi kimi, müharibədən əvvəl artıq ölkəmizdə yeni, müsbət bir siyasi iqlim yaranmışdı. Bu vəziyyət isə əlbəttə ki, hərbi əməliyyatların aparıldığı dövrdə ölkədə sabitlik və siyasi həmrəyliyin təmin olunması baxımından son dərəcə mühüm amil kimi çıxış etdi. Ümumilikdə isə, əgər biz son 17 ildə ölkəmizdə gedən proseslərə xronoloji ardıcıllıqla nəzər salsaq görərik ki, bütün bu illər ərzində Azərbaycan Prezidenti tərəfindən qarşıya konkret hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, ölkə bu hədəflərə çatırdı və ondan sonra qarşıya yeni hədəflər qoyulurdu. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin edildi, beynəlxalq aləmdə Azərbaycan çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrildi və əsas məsələ ölkəmizin ərazi bütövlüyünün bərpası təmin olundu.
Həmçinin qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev YAP-ın VII qurultayındakı nitqində ölkəmizin siyasi, sosial-iqtisadi vəziyyəti barədə bəhs edərkən, diqqəti son illərdə respublikamızda, eləcə də regionumuzda yaşanan bir sıra taleyüklü hadisələrə yönəltməklə bərabər, partiyanın keçdiyi çətin, ağır, eyni zamanda, şərəfli yola da nəzər saldı. Bu baxımdan, dövlətimizin başçısının AXC-Müsavat hakimiyyəti dövrünün hərtərəfli və obyektiv təhlili xüsusi diqqət çəkdi. Azərbaycan Prezidenti o vaxt iqtidarda olan AXC-Müsavat cütlüyünün ancaq öz maraqlarını güddüyünü, təcrübəsiz şəxslərin respublikanı idarə etdiklərini xatırladaraq bildirmişdir ki: “Belə insanlara xalq tərəfindən inam ola bilərdimi? Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə part-nomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdür, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı. Bütün vəzifələrə rüşvət müqabilində insanlar təyin edilirdi, təsadüfi insanlar, küçədən keçənlər. Baxın, indi mən bunu dəfələrlə demişəm, kim idarə edirdi Azərbaycanı, hansı əxlaq, hansı bilik sahibləri.
Eynən 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlmiş adamlar kimi, onlar da ölkəni dağıdırdılar və nəticə etibarı ilə bizi gətirib uçurum kənarına qoydular. Azərbaycan xalqı buna dözə bilərdimi? Əlbəttə ki, yox”. Məhz buna görə də Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ilə ölkəmizdə yeni dönüşün başlandı. Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür. Azərbaycan özünün müstəqilliyini 1991-ci il, oktyabrın 18-də elan edib. YAP isə 1992-ci il, noyabrın 21-də yaradılıb. Həmin illər Azərbaycan üçün ən ağır və məsuliyyətli dövr idi. Həmin vaxtlar dövlət müstəqilliyin qorunub saxlanması üçün qətiyyətli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. Bu mənada, YAP-ın yaranması tarixi zərurət kimi qeyd olunmalıdır.Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ilə ölkəmizdə yeni dönüşün başlandı.Ölkə daxilində yaşanan xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə tədricən aradan qaldırıldı. Dövlətçiliyin əsasları qoyuldu. Tarixin ən qanlı faciələrindən birinə – 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Eyni zamanda, siyasi islahatlar edildi, çoxpartiyalı sistemin yaradılmasına başlandı. Bütün bunlarla bərabər, Azərbaycana böyük investisiyalar cəlb olundu, ordu quruculuğu diqqət mərkəzində saxlanıldı.
Artıq bu bir reallıqdır ki, Yeni Azərbaycan Partiyası hər qurultayı ilə ölkəmızın ictimai – siyasi həyatına yeniliklər gətirib. Qurultaylarda qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Martın 5-də keçirilən VII qurultay bir daha göstərdi ki, YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Qurultayda Prezident İlham Əliyevin proqram xarakterli çıxışı, 6 siyası partiyanın YAP-a qoşulması, partiyada birinci müavin postunun təsis olunması, İdarə Heyətinin genişləndirilməsi, QHT sektorunda, siyasi-ictimai və mədəni mühitdə formalaşmış yeni adların İdarə Heyətində yer alması, yeni nəsil siyasətçilərin rəhbərliyə gətirilməsi, hakim partiya olaraq YAP-ın özünü dövlət sisteminə uyğunlaşdırması, köhnə və yeni nəsil siyasətçilər arasında balansın qorunması, Veteranlar Şurasının yaradılması partiyanın qarşısında daha məsuliyyətli vəzifələrin dayandığını göstərir.
Beləliklə, ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayan partiya əldə etdiyi uğurlarla kifayələnməyəcək. Ümumxalq partiyası olan YAP qarşıdakı dövrdə də sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək müasir və qüdrətli Azərbaycanın gələcəyə naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfələrini verəcək, fəaliyyəti ilə ölkəmizin inkişafına xidmət edəcəkdir.
Digər xəbərlər: