Gündəm
17:06, 19 Mart 2021

Daha 40 şəhid ailəsi və müharibə əlili mənzillə təmin edildi - FOTO

Daha 40 şəhid ailəsi və müharibə əlili mənzillə təmin edildi - FOTO


Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 2018-ci ilə nisbətən bu il 5 dəfəyə yaxın genişlənəcək. 2021-ci ildə onlara 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzilin təqdim olunması tədbirində bildirib.

Tədbirdə Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev də iştirak edib.

Nazir müavini yeni mənzillə təmin edilən şəhid ailələrini və müharibə əlillərini bu münasibətlə və qarşıdan gələn Novruz bayramı münasibətilə Nazirliyin rəhbərliyi adından təbrik edib, onlara xoş arzularını çatdırıb. O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd, 2020-ci ildə isə əvvəlki ilə nisbətən 70 faizə qədər çox olmaqla 1572 mənzil və fərdi ev verilib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə yaxın 5 ildə bu kateqoriyadan olan 11 min şəxs mənzillə təmin ediləcək.

H.Abdullayev diqqətə çatdırıb ki, 2021-ci ilin planı üzrə artıq 140 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib. İndiyədək isə şəhid ailələri və müharibə əlillərinə 9300-dək mənzil və fərdi ev verilib. Həmçinin müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri də uğurla davam edir. Nazirlik tərəfindən onlara 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600, 2020-ci ildə 400 və ümumilikdə indiyədək 7200-dən çox avtomobil verilib.

Nazir müavini postmüharibə dövründə şəhid ailələri, müharibə iştirakçıları, müharibədə yaralanmış hərbçilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlərlə bağlı çevik və genişmiqyaslı sosial dəstək tədbirlərini də qeyd edib. Bu tədbirlərin artıq 20 mindən çox vətəndaşı əhatə etdiyini diqqətə çatdırıb.

İ.Zəkiyev şəhid ailələri və müharibə əlillərinin dövlət başçısı tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb. O, bu gün yeni mənzillər verilməsinin bunun daha bir təzahürü olduğunu deyib.
Digər xəbərlər: