Gündəm
Müzəffər Ali Baş Komandanın Vətən müharibəsi modeli
Sentyabrın sonlarından Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ədalətin bərpa olunması üçün müqəddəs tarixi savaşa başlamışdır. Danışıqları pozmaqla, Azərbaycana qarşı müxtəlif təxribatlar törətməklə Ermənistan özü bu tarixi müəyyənləşdirdi. İkinci Qarabağ müharibəsinin 44-cü günü, noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanat münaqişənin həlli istiqamətində son nöqtə oldu. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, məqsəd qan tökmək və ərazi qəsb etmək deyil, düşməni ədalətli sülhə məcbur etməkdir. Adətən, uğurlu döyüşlər uğurlu diplomatik danışıqlarla yekunlaşır. Azərbaycan diplomatiyasının belə danışıqlar aparmağa qadir olduğunun noyabrın 10-da bir daha şahid olduq. Cəmiyyətimiz “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır”, - deyən Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşib, bu inam, bu həmrəylik də Qələbəmizin əsas rəhnidir.
Müzəffər Ali Baş Komandamızın rəhbərliyi ilə hər günü, hər saatı, hər anı qızıl hərflərlə yazılmış tarixə çevrilən 44 günlük Vətən müharibəsinin yekunlarını, Qələbəni şərtləndirən amilləri Prezidentimizin müxtəlif çıxışlarında səsləndirdiyi fikirlər əsasında belə ümumiləşdirəndə - Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat ölkəmizə maksimum sərf edən sənəddir. Noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktı imzaladı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Ermənistan əvvəlcə imtina etsə də, sonradan üçtərəfli bəyanatı imzalamaqla müstəqil siyasi iradəsinin olmadığını, forpost olduğunu bir daha təsdiqlədi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ müharibəsini müvəffəqiyyətlə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük zəfərlə başa vurdu. Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaratdı, Qələbə qazanmaq potensialımızı təmin etdi. Azərbaycanda bu və ya digər maraqları olan qüvvələr dövlətimizin, Ordumuzun gücünü, iradəsini gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, inzibati muxtariyyət verilmədi. Hakimiyyətdə olduğumuz illər ərzində beynəlxalq vəziyyət düzgün təhlil edilərək ölkənin güclənməsi yolunda ardıcıl addımlar atıldı, lazım olan anda düşməni məğlub etmək üçün zərbə endirildi. Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qantökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsini təsdiqlədi. İşğal edilmiş ərazilərimizdə etnik təmizləməyə məruz qalmış azərbaycanlılar o torpaqlara qayıdacaq, Şuşada və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. İnsanlarımızın 30 illik həsrətinə son qoyuldu. Bəyanata uyğun olaraq Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçın bölgələrindəki işğalçı qoşunlarını dağlıq və keçilməsi çətin olan, istehkam-sığınacaq sahələri yaradılmış ərazilərdən təxliyə edilməsi ilə Azərbaycan böyük insani-humanitar itkilərin qarşısını alaraq, bu bölgələri əlavə qan tökmədən, diplomatik qələbə hesabına geri qaytardı. Naxçıvanın 30 illik blokadası bitir, eyni zamanda, türk dünyasının yerüstü tranzit-rabitə əlaqələri bərpa olunur. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Dağlıq Qarabağ və işğal edilmiş ətraf ərazilərin erməniləşdirilməsi üçün aparılmış bütün təbliğati işlər, köçürmə siyasəti puça çıxarıldı. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilməyib, bu gün də müstəqil deyil. İşğalçılıq siyasəti Ermənistanı uçuruma apardı. Ermənilərin yaratdıqları mif dağıldı, onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı. İkinci Qarabağ müharibəsi iki ordunun, iki cəmiyyətin nə qədər fərqli dəyərlərin daşıyıcıları olduğunu da nümayiş etdirdi. Azərbaycan Ermənistan istisna edilməklə bütün qonşuları ilə normal münasibətlərə malikdir. Türkiyə bütün müharibənin gedişində birmənalı olaraq Azərbaycanı dəstəklədi, Gürcüstan və İran isə hava məkanlarını Ermənistanın üzünə bağladı. Müharibə göstərdi ki, Azərbaycan xalqı böyük, vətənpərvər və dəmir iradəyə malik xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Xocalı qurbanlarının, şəhidlərimizin də qisası alındı. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bəzi mənfur xarici dairələrin öz çirkin planlarını həyata keçirmələrinə imkan vermədi. Azərbaycanın gücü milli birlikdədir, dini, etnik, regional, siyasi və sosial mənsubiyyətindən asılı olmayaq bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərib Vətən naminə, Qələbə naminə Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Hələ 2016-cı il Aprel döyüşlərindən sonra Azərbaycan Prezidenti Dağlıq Qarabağ məsələsində qəti və dönməz mövqeyini ifadə edərək düşmənə ciddi xəbərdarlıq edirdi: “Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir... Biz məsələni istədiyimiz kimi həll edəcəyik”.
İkinci Qarabağ müharibəsinə daxil olarkən Azərbaycanın yüksək təchizatlı ordusu, hərb elmini yaxşı mənimsəmiş, hətta ona yeniliklər gətirə bilən ali zabit korpusu, ən əsası, bu ordu ilə qələbə qazanmağı, Dağlıq Qarabağ problemini hərbi-siyasi yolla, milli maraqlarımız çərçivəsində həll etməyi qarşısına məqsəd qoymuş ali siyasi iradə var idi. Ordumuzun şanlı zəfərlərində Prezident İlham Əliyevin Ali Baş Komandan qətiyyəti ilə bərabər, əsl böyük dövlət xadiminə, strateji təfəkkürlü siyasətçiyə xas müdrik qərarları da mühüm rol oynadı: “İndi Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir”.
İki əsrə yaxındır ki, Azərbaycan tarixi torpaqlarını itirə-itirə gəlib. 2020-ci ilin 27 sentyabrından isə tam fərqli bir Azərbaycanın doğuluşu yaşanır. Oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı, noyabrın 8-də Şuşa təxminən üç onillikdən sonra düşmən əsarətindən qurtuldu, noyabrın 10-da Ermənistan kapitulyasiya sənədini imzalamağa məcbur oldu, noyabrın 20-si Ağdam, noyabrın 25-i Kəlbəcər, dekabrın 1-i Laçın rayonları Azərbaycanın yuridiksiyasına qaytarıldı. Hər il rayonlarımızın işğal günlərini qeyd edirdiksə, bundan sonra azad olunma və Vətən müharibəsində Qələbə günümüzü qeyd edəcəyik. Bu tarixi Qələbə İlham Əliyevi, sözün həqiqi mənasında, Milli Liderə çevirib. O, xalqın ən ümdə gözləntilərini doğruldan praqmatik siyasi xadim, qətiyyətli Ali Baş Komandan, mahir diplomatdır. Vaxtilə Xalq Cümhuriyyətinin elan olunması, Bakının xilas edilməsi ilə tarix səhnəsinə yeni bir siyasi etnos kimi daxil olmuşduqsa, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız qələbələr Ümummilli Liderin dediyi “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini gerçəkləşdirdi. Azərbaycan qalib, məğrur bir gənc etnos, möhtəşəm dövlət kimi yenidən dünyaya gəlir.
Ulu Öndər 2003-cü il oktyabrın 1-də prezident seçkilərində xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək yeni, modern Azərbaycan dövləti qurmuşdur. Ümummilli Lider Azərbaycanı parçalanmaq, dağılmaq, siyasi xəritədən silinmək təhlükəsindən xilas edib davamlı inkişaf yoluna çıxarmışdısa, İlham Əliyev Azərbaycanı qüdrətli bir dövlətə çevirməyi, dövlətin bütün resurslarını ərazi bütövlüyümüzün bərpası üçün səfərbər edib böyük uğurlar əldə etməyi bacardı. Prezidentin noyabrın 8-də Şəhidlər xiyabanında etdiyi çıxışda dediyi kimi, bu vəsiyyət yerinə yetirildi, Şuşa azad olundu, noyabrın 10-da isə Vətən müharibəsi Qələbə ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, Ordumuzun parlaq Qələbəsi təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsində xeyirin, dağıdıcılıq stixiyası üzərində qurucu ruhun qazandığı qələbədir. Azərbaycan işğalçı vandalların dağıtdığı bütün infrastrukturu yenidən bərpa edəcək, Qarabağın dağıdılmış bütün dini-tarixi-mədəni abidələri dövlətin himayəsi altında olacaq, Qarabağ yenidən Vətənimizin gur inkişaf edən dilbər guşəsinə çevriləcək. Azərbaycan xalqı döyüş meydanlarında olduğu kimi, quruculuq sahəsində də bir daha öz böyüklüyünü göstərəcək. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu yolda hər birimizə yeni uğurlar arzulayıram.
Bayram İbrahimov
Abşeron rayon icra hakimiyyəti başcısının Saray
qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi