Gündəm
Prezident işğaldan azad edilmiş ərazilərdə su resursları ilə bağlı tapşırıq verdi
“Ağdam rayonunda Xaçınçay su anbarı, Füzuli şəhərinin, daha doğrusu, dağıdılmış şəhərin yaxınlığında su anbarı yerləşir. Artıq mənim göstərişimlə oraya qruplar ezam edilib. Azad edilmiş torpaqlarda digər su anbarları da var. Onların bütün parametrləri təhlil edilməlidir. Əlbəttə ki, biz bu su anbarlarından səmərəli şəkildə istifadə edəcəyik. Azad olunmuş torpaqlara vətəndaşlarımız qayıdandan sonra əlbəttə ki, bu, onlar üçün əlavə imkanlar yaradacaq”.
Bunu Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, bununla paralel olaraq, azad edilmiş torpaqlarda bizim böyük çay resurslarımız var.
“Biz bundan da məhrum idik. Bu gün azad edilmiş torpaqlarda formalaşan çaylarımız bizim əsas çaylarımızdır. Tərtərçay Kəlbəcər rayonu ərazisində formalaşır. Amma mənfur düşmən bizi Tərtərçayın suyundan məhrum edirdi. Hətta Qarabağ bölgəsinə dəfələrlə səfərim zamanı mən bu problemlə maraqlanarkən görürdüm ki, bu, böyük problemlər yaradır. Misal üçün, Tərtərin suyunu tam kəsirdilər. Tərtərçay bir çox yerlərdə demək olar ki, qurumuşdu. İndi biz Tərtərçaya qayıtmışıq, onun mənbəyinə qayıtmışıq. Bazarçay - ona Bərgüşad çayı da deyirlər, Həkəri çayı, Oxçuçay – bir çox çaylar, 10-dan çox çay orada formalaşır. Onların potensialı təhlil edilməlidir. Çayların məcrası ilə bağlı düzgün təhlil aparılmalıdır, biz bu çaylardan necə səmərəli istifadə edək. Onların bir çoxu Araz çayına axır”, - deyə Prezident əlavə edib.
İlham Əliyev söyləyib ki, azad edilmiş torpaqlarda su anbarlarının tikintisinə ehtiyac varmı, yoxmu, bu məsələyə də mütləq baxılmalıdır:
“Əlbəttə ki, azad edilmiş torpaqlarda bizim ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır. Bunlar çox böyük su anbarlarıdır. Xudafərin su anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır. Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir. İlk növbədə, kanallar çəkilməlidir ki, azad edilmiş torpaqlara - Zəngilan, Cəbrayıl, Qubadlı və digər bölgələrə biz bu su anbarlarından su götürüb, ondan səmərəli şəkildə istifadə edə bilək. Bu, bizim böyük potensialımızdır.
Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bizim bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır. Bu su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir. Beləliklə, bu sahədə görüləcək işlər çoxdur, həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır ki, Azərbaycan vətəndaşları, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər. Əminəm ki, bu, belə də olacaq.
Yenə də deyirəm, son illər ərzində bu sahə mənim tərəfimdən həmişə prioritet sahə kimi qiymətləndirilmişdir və bu sahənin inkişafı üçün çox böyük işlər görülmüşdür, dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılmışdır. Əgər bu işlər görülməsəydi, bu gün biz çox böyük problemlərlə üzləşmiş olardıq. Ancaq əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, biz bu sahəyə müasir menecment gətirməliyik. Mən sizi bu vəzifəyə təyin edərkən məhz bu amili nəzərə almışam ki, hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaq”.
Daha çox xəbər:
Prezident azad edilmiş ərazilərdə bayrağımızı ucaltdı - Video
Prezident: “Ermənistan tərəfdən 25 ildən çox davam edən işğal nəticəsində hər şey dağıdılıb”
Prezident Əhməd Əhmədzadəni vəzifəsindən azad etdi - SƏRƏNCAM
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 13 nəfər saxlanılıb - FOTO
Laçında Su Elektrik Stansiyasının açılışı oldu - VİDEO