Gündəm
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktuba deyilir:
“Bu gün qardaş Türkiyə Respublikası 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümünü qeyd edir. Mən dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını verən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm.
Türkiyə dövlətinə qarşı yönəlmiş bu xəyanəti yalnız Sizin böyük fədakarlığınız və qardaş xalqınızın Sizin ətrafınızda sıx birləşməsi sayəsində önləmək mümkün olmuşdur. Milli birlik və həmrəyliyin, qətiyyətli liderliyin və güclü iradənin təntənəsi olan bu möhtəşəm qələbə Türkiyə xalqının yaddaşında əbədi olaraq qalacaqdır.
Şübhəsiz, Türkiyə Respublikası bu çətin sınaqdan daha da güclənərək çıxmışdır. Son illər ərzində Sizin müdrik rəhbərliyiniz altında qardaş ölkənizin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əldə etdiyi nailiyyətlər Türkiyə dövlətçiliyi üçün “Demokratiya və Milli Birlik Günü”nün əhəmiyyətini bir daha vurğulayır.
Azərbaycan xalqı və dövləti bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyərək birmənalı mövqeyini ortaya qoymuşdur. Türkiyə bütün məsələlərdə Azərbaycanı dəstəklədiyi kimi, Azərbaycan da hər zaman Türkiyənin yanındadır.
Dostluq və qardaşlığın ən gözəl nümunəsi olan, sülhə, təhlükəsizliyə və əməkdaşlığa töhfə verən Azərbaycan-Türkiyə əlaqələri bu gün özünün ən yüksək zirvəsindədir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəriniz zamanı imzaladığımız Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərimizi keyfiyyətcə yeni müstəviyə qaldıraraq, əməkdaşlığımızın gələcək istiqamətlərini müəyyən edir.
Əminəm ki, Azərbaycan-Türkiyə birliyi və qardaşlığının “Bir millət iki dövlət” şüarına uyğun olaraq daha da möhkəmləndirilməsi və inkişafı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi davam etdirəcəyik.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Daha çox xəbər:
Ərdoğan İlham Əliyevə zəng etdi
Ərdoğan Azərbaycan Prezidentinə zəng edib
Ərdoğan: “Şuşa Bəyannaməsi gələcək əməkdaşlığımızın qarantıdır”
İlham Əliyev Türkiyənin xarici işlər, milli müdafiə nazirləri və Milli Kəşfiyyat İdarəsinin rəisini qəbul edib
Azərbaycanla Türkiyə arasında hərbi sahədə Birgə Komissiya yaradılır