Gündəm
Vətən müharibəsi qazisi: “Bu torpaqları şəhid azad edib, biz də canımız bahasına həmin torpaqları qorumalıyıq”
Heç şübhəsiz 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri şanlı tarix yazdı. Bu müharibə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Təbii ki, şəhidlərin, qazilərin və cəsur döyüşçülərin hesabına.
Oxu.Az saytının qonağı Vətən müharibəsinin qazisi Vüqar Məmmədovdur.
Vüqar ilk olaraq sizi tanıyaq.
- Mən Məmmədov Vüqar Murtuz oğlu 1991-ci ildə fevral ayının 16-da Bakı şəhərində anadan olmuşam. 2009-2013- cü illərdə Azərbaycan Texniki Universitetində Elektrotexnika, Energetika fakültəsində təhsil almışam. 2013-2014-cü illərdə Tərtərdə “N” saylı hərbi hissədə düşmənlə üzbəüz mövqedə hərbi xidmətdə olmuşam. 2009-cu ildən Bakı Metropolitenində çalışıram. Elə oldu ki, sentyabr ayının 27-də Vətən müharibəsi başladı və mən düşünmədən vətənimi qorumağa yollandım.
Deyirlər övlad evin güzgüsüdür! Sizin kimi vətənpərvər insanın ailəsi də vətənə sevgisi ilə seçilməlidir. Necə ailədə böyümüsünüz?
- Doğrudur! Ailəm hər zaman seçdiyim qərarlara hörmətlə yanaşıb, dəstəkçim olub. Valideynlərim də hər ikisi Bakı Metropolitenində çalışıblar. 2017-ci ildə anam şəkər xəstəliyindən dünyasını dəyişib.
Hərbi xidmət təsəvvürünüzdə necə canlandırırdınız? Nə düşünürdünüz? İntuisiyanız sizə nə söyləyirdi?
- Mən ilk dəfə hərbi xidmətdə olanda 25 yaşım var idi. Hər zaman deyirdilər, universitet həyatı ikinci əsgərlikdir. Universitet həyatı artıq mənim birinci əsgərlik həyatım, hərbi xidmətdə olduğum vaxtlar isə ikinci əsgərlik həyatım olmuşdu. Amma yenə də çatışmazlıq olurdu. Məsələn, 18 yaşlı əsgərlə 25 yaşlı əsgər arasında fikir ayrılıqları olurdu. Daha sonra 2014 və 2015-ci illərdə hərbi toplanışlarda iştirak etmişəm. Ancaq əsgərlik həyatı mənim üçün uşaqlıqdan maraqlı, məsuliyyətli olub.
İlk dəfə hərbi xidmətdə olanda düşmənlə üz-üzə gəldinizmi? Nələr baş verdi?
- 2014-cu ilin yanvar ayında ilk böyük atışma oldu. Qorxu yox idi, daha çox həyəcan var idi. Düşmənə qarşı çox böyük cavab atəşi oldu, lakin əfsuslar olsun ki o zaman beş şəhid vermişdik. Milli Qəhrəman Şükür Həmidov o zaman bizim hərbi hissə komandirimiz idi. Qorxu sadəcə döyüş yoldaşlarım üçün olurdu, çünki hər kəs özünü döyüş yoldaşlarına görə fəda edirdi.
İyul ayının 12-də Tovuz döyüşləri zaman millət olaraq hamımız birləşdik. Polad Həşimovun şəhid olduğu zaman insanlar ayağa qalxdı, bu müharibənin başlanğıcı demək idi. Həmin zaman kəsiyində hansı hisslər var idi? Nələr düşünürdünüz?
- Mənim bir tərəfim Tovuzlu olduğu üçün həmin vaxt mən özüm Tovuzda idim. Tovuzdan Ağdama gedən yol var. Biz hamımız, bütün camaat o yolda durmuşduq. Polad Həşimovun şəhid olması bizdə ruh düşkünlüyü yaratsa da, döyüş üçün hər kəsdə birlik yaratdı, yüzlərlə insan Bakıya yürüş etdi. Daha sonra Ali Baş Komandanın icazəsindən sonra neçə min insan döyüşə könüllü yazıldı. Həmin vaxt mən özüm də döyüşə könüllü yazılmışdım.
Düzdür, Polad Həşimov şəhid olmamalıydı, amma oldu. Generalımız öz şəhidliyi ilə demək olar ki, Qarabağı aldı. Həmin vaxtdan sonra Qarabağın alınması məsələsi öz həllini tapdı.
2020-ci ilin sentyabr ayı bizim qələbənin başlanğıcı oldu, həmin zaman hər kəs düşünmədən vətəni qorumağa çalışırdı. Siz həmin zaman, həmin an nə qərar aldınız? Bir tərəddüdünüz var idimi?
- Tərəddüd etdiyim bir şey var idi, qız övladım dünyaya gəlmişdi, onun 40 günü oktyabr ayının 2-i olacaqdı. Sentyabrın 30-u isə mən hərbi hissəyə yollandım, lakin sonra məni geri qaytardılar. Oktyabr ayının 3-ü yenidən hərbi hissəyə yollandım, ilk olaraq Bərdəyə, daha sonra isə Mingəçevirə getdim. Başqa bir tərəddüdüm yox idi, evdə danışanda deyirdim ki mən sağ qayıdacağam. Çünki ölməyə yox, öldürməyə gedirdik.
Oktyabr ayının 3-dən sonra nələr baş verdi?
- Biz oktyabr ayının 6-sı Talış kəndə tərəf yollandıq. Qrup olaraq təyinat olurdu. Mən təxliyə qrupunda olduğum üçün ancaq şəhidləri və yaralıları təxliyə edirdik. Şəhidlərimiz, yaralılarımız olurdu. Hər dəfə qardaşlarımı şəhid görəndə hisslərimi ifadə edə bilmirdim, aqressivləşirdim düşmənə nifrətim daha da artırdı.
Müharibə dedikdə artıq onun mahiyyətin anlayır insan. Siz müharibənin mərkəzində olub, dağılmış ərazilər, bombalar, şəhidlər, yaralılar görürdünüz o an nə edirdiniz?
- İlk döyüş əməliyyatı Tərtərdə olmuşdu, hansı ki bizim kəşfiyyat bölüyümüz orda mühasirədə idi. Bəli, hər saniyə dağıntılar, yaralılar, şəhidlər görürsən və həmin anda döyüş yoldaşları bir-birini qorumağa can atır. Biz döyüş əməliyyatı olan bölgəyə getdiyimiz zaman bizi minaatanlarla vururdular. Həmin zaman döyüş yoldaşım qorumaq üçün məni quyuya itələdi. İlk o zaman həyəcanlandım, çünki nə edəcəyimi bilmirdim. Öncə döyüş yoldaşını düşünəcək qədər məsuliyyət hiss edirsən özündə. Nə qədər çətin, məsuliyyətli olsa da, əsas Vətəndir! Ölümü gözə alıb ancaq irəliyə getmək istəyirdik.
Ölümlə üz-üzə qalanda ilk olaraq kimi düşünürdünüz?
-Ailə müqəddəsdir, əzizdir! Ancaq Vətən də sənindir axı! Vətən də ailəndir. Vətən deyəndə susursan!
Deyirdilər ki, düşmən qorxaqdır! Döyüşdən qaçır. Bu, nə dərəcədə doğrudur?
- Ermənilər döyüşə demək olar ki, girmirdi. Biz atəş açan kimi onlar qaçırdılar. Ali Baş Komandanın dediyi kimi, onları iti qovan kimi qovurduq. Bizim yaralılarımız ona görə çox olurdu ki, onlar nə qədər atəş açırdılarsa, biz qaçmırdıq, çünki bizdə deviz var idi: “Bu torpaqları şəhid azad edib, biz də öz canımız bahasına həmin torpaqları qorumalıyıq”.
Döyüşdə qida, su önəmlidir. Yemək məsələləri necə idi?
- Yeməyə onsuz da iştah yox idi. Yeməyimiz çox yüksək səviyyədə idi, millətimiz sağ olsun, hər şey göndərirdi. Ən çox suya ehtiyac olurdu.
Darıxmaq hissi hər birimizdə olur. Siz bu gün nə üçün, kimin üçün darıxırsınız?
- Mən ən çox şəhid olan döyüş yoldaşlarım üçün darıxıram. Vətəni qoruyanda döyüş yoldaşların qardaşın olur, orda tam başqa ab-hava var. Əsas deyil ki, sənin qohumluq əlaqən olsun, sənin canın, qanın, millətin sənin dayağın olur.
Müharibədə ömrünüzün sonuna qədər unutmayacağınız ən sarsıdıcı hadisə hansı oldu?
- Məni ən çox sarsıdan tez yaralanmağım oldu, yəni ən tez mən yaralandım. Bu, beş gün ərzində baş verdi və nəticədə döyüş yoldaşlarımdan geridə qaldım.
Hadisə necə oldu?
- Suqovuşan istiqamətində səhərə yaxın mövqeyimizi dəyişəndə, düşmən bizi gördü və atəş açdı. Həmin vaxt biz neytral əraziyə düşdük. Neytrala düşən zaman yaralanmamaq üçün özümüzü qorumağa çalışırdıq. Mən və digər iki nəfər əsgər yoldaşım həmin dəqiqə təhlükəli mövqedən uzaqlaşmağa çalışsaq da, gec idi. Arxada döyüş yoldaşımın silah sursat yeşiyi qalmışdı. Onu götürən zaman hiss etdim ki nəfəsim kəsilir. Həmin an gözümün önündən bütün həyatım keçdi, kürəyimdən və boğazımdan yaralanmışdım.
Nələr keçdi gözünüzün önündən?
- Həmin an körpə qızımı düşündüm, mənə nəsə olsa, nə edəcəyini düşündüm. Görəsən, onu yenidən görə biləcəyəm? Öz-özümə sual verdim və ondan sonra huşumu itirdim.
Müharibə bitəndən sonra həyatınızda nə kimi dəyişikliklər oldu? Əvvəlki Vüqarla indi ki Vüqar arasında nə kimi fərqlər var?
- Mən artıq əvvəlki Vüqar deyiləm. Bəlkə də bir daha əvvəlki kimi olmayacağam. Əvvəlki Vüqar həmişə nədənsə ehtiyat edərdi. Bunu etsəm nə olar? Amma artıq elə deyiləm, sonu nə olar deyə düşünmürəm. Mən və mənim kimi qardaşlarım hər saniyə ölümlə üz-üzə qaldıq. Mən güllə, qəlpə yarası, həmçinin kəllə-beyin travması aldım. Ancaq buna baxmayaraq, müharibə başlasa, yenə gedərəm.
Müharibədən qayıdandan sonra psixoloji dəstək aldınız?
- Bəli, uzun müddət travmalarla bağlı olaraq xəstəxanada yatdım, müalicə prosesim indi də davam edir. Ümumiyyətlə, düşünürəm ki müharibədən qayıdan hər kəs psixoloji dəstək almalıdır. Məsələn, sizin rəhbər olduğunuz Gənc Qazilərə Psixoloji Dəstək layihəsi çox gözəl təşəbbüs idi. İştirakçılar qazilərimiz idi, bu layihədən həm psixoloji dəstək aldıq, həm də nə qədər cavabsız qalan suallarımıza cavab tapdıq. Belə sosial layihələr üstünlük təşkil etməlidir.
Daha çox xəbər: