Gündəm
18:04, 31 Ağustos 2021

57 keçmiş məcburi köçkün azad olunmuş rayonlarda işlə təmin edildi - FOTO

57 keçmiş məcburi köçkün azad olunmuş rayonlarda işlə təmin edildi - FOTO


“Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə “Azərenerji” ASC tərəfindən 3 elektrik stansiyası yenidən qurulub və üç yarımstansiya tikilərək istismara verilib.

Qurumdan Oxu.Az-a verilən məlumata görə, hazırda beş yarımstansiya, bir elektrik stansiyasında tikinti, quraşdırma işləri, o cümlədən yüksək gərginlikli xətlərin çəkilməsi prosesi davam edir.

Nəticədə bu günə kimi “Azərenerji” tərəfindən Qarabağ və Şərqi Zəngəzurda istismara verilən enerji obyektlərində 57 nəfər işlə təmin edilib ki, onların əksəriyyəti məhz işğaldan azad edilmiş rayonların sakinlərdir.

Belə ki, Laçındakı 8 MVt gücündə “Güləbird” Su Elektrik stansiyasında beş nəfər, Tərtərin işğaldan azad edilən Suqovuşan qəsəbəsindəki ümumi gücü 7,8 MVt olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında doqquz nəfər, 110/35/10 kV-luq “Şuşa” yarımstansiyasında yeddi nəfər, 110/35/10 kV-luq “Füzuli” yarımstansiyasında altı nəfər, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasında isə dörd nəfər işlə təmin edilib.

Bundan başqa tikintisi yekunlaşmaqda olan 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasında da dörd nəfər işlə təmin edilib ki, onların da hamısı məhz cəbrayıllılardır.

Həmçinin Qarabağ Regional Elektrik Şəbəkəsinin yarımstansiya, hava elektrik verilişi xətti xidmətləri də daxil olmaqla ümumilikdə 17 əməkdaşı işlə təmin edilib.

Beləliklə, “Azərenerji” obyektlərinin əməkdaşları, ya doğulduqları rayonun, ya da işğaldan azad edilən qonşu rayonlardan məcburi köçkün olmuş şəxslərdir”.
Digər xəbərlər: