Gündəm
10:43, 30 Eylül 2021

Üçrəngli bayrağımızı Şuşada dalğalandı

 Üçrəngli bayrağımızı Şuşada dalğalandı
 Üçrəngli bayrağımızı Şuşada dalğalandı

28 il Şuşasız yaşayan şuşalıların vətən nisgili sevinc hissləri ilə əvəz edilib. Noyabrın 8-i Azərbaycan tarixinə yazılan qürur günümüz olaraq yaddaşlara həkk edildi. Müzəffər Ordumuz Şuşanı düşmən tapdağından azad etdi.
Dövlət Bayrağı Günü ərəfəsində qəhrəman Azərbaycan əsgərinin üçrəngli bayrağımızı Şuşada dalğalandırması ilə 28 illik həsrətimizə son qoyuldu.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa işğaldan azad olunan gün - noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar küçələrə, meydanlara axışaraq qürur və böyük sevinc hisslərini paylaşır, bir-birinə gözaydınlığı verirdilər.
8 May. Bu tarix 28 illik Şuşa həsrətinin simvoludur. Çünki Azərbaycan milli mədəniyyətinin baş tacı olan Şuşa 1992-ci ilin məhz bu günü işğal edilmişdi. O gün-bu gün, düz 28 il məhbusluq həyatı yaşadı Şuşa. Onunla bərabər, Azərbaycan xalqı da ağrı-acılar və həsrət içində qıvrıldı. Lakin Azərbaycan insanının ümidi heç bir zaman itmədi, məhz bu səbəbdən 28 illik əsarətə dözdü, tab gətirdi.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” ifadələri Azərbaycan xalqının bütün acılarını dindirdi. Artıq mayın 8-i də öz bədbinliyini itirib. Azərbaycan Xalqı daha Şuşanın işğal gününü xüsusi həssaslıqla da qeyd eməyəcək.
Xatırladaq ki, Ermənilərin Şuşaya son hücumu 1992-ci il mayın 7-dən 8-nə keçən gecə başlayıb. Şəhər dörd bir tərəfdən raket, top, tank və digər silahlardan şiddətli atəşə tutulub. Bundan sonra düşmən Xankəndi və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçib. Şəhər mayın 8-də axşamadək müdafiə olunsa da, silah-sursat və canlı qüvvə sarıdan üstün olan işğalçıların qarşısında tab gətirə bilməyib. Ermənilər əvvəlcə Şuşanı, sonra isə yaxınlıqdakı Kosalar və Şırlan kəndlərini ələ keçiriblər.
Əslində alınmaz qala sayılan Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi. Ermənistan isə Şuşa ətrafına çoxsaylı hərbi texnika və canlı qüvvə yığmışdı. Erməni mənbələrinin məlumatlarına görə, şəhərə hücumda 100-dək zirehli maşın və tank, 11 min canlı qüvvə iştirak etmişdi. Erməni silahlı birləşmələrinin tərkibində hətta xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.
Qeyd edək ki, Şuşa işğal edilərkən burada 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb.
Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi. Belə ki, 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu. Bununla da Azərbaycanın, xüsusən də Qarabağın baş tacı olan Şuşa şəhəri illərin əsarətdən, ağır işgəncələrlə müşayiət olunan məhbusluq həyatından xilas edildi. Azadlığının ilk günündən etibarən, şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparıldı və bərpa işlərinə başlanıldı. Hazırda Şuşanın əvvəlki görkəmini özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli işlər aparılır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib. Çünki tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daimi inkişafına şərait yaradacaqdır.
Bütün bunları gözə alan Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzaladı. Beləliklə, Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu. Şübhə yoxdur ki, Şuşa çox yaxın illərdə nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Bunun üçün ortada yüksək potensial və möhkəm iradə mövcuddur.
Bütün bunlarla yanaşı, Azərbaycan xalqı heç bir zaman öz dədə-baba yurdlarının işğal tarixlərini də unutmayacaq.
Gözün aydın olsun, “Şuşasız bizim işimiz yarımçıq qalar” - deyən və bu haqq işini qeyrətlə, cəsarətlə, əzmlə başa çatdıran Ali Baş Komandanım! 2016-cı ilin aprel zəfərindən sonra Qarabağa qayıdışımızın simvolu olan Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərini tikməklə müqəddəs Şuşamızı heç zaman unutmadığınızı bir daha nümayiş etdirmişdiniz və bununla ən yaxın zamanda müqəddəs şəhərimizin - Şuşamızın işğaldan azad ediləcəyinin mesajını vermişdiniz! Qədirbilən xalqımız bilirdi ki, Sizin kimi Prezidentlə, Sizin kimi Ali Baş Komandanla o gün uzaqda deyil. Dorğudan da uzaqda deyilmiş o möhtəşəm gün!
Bu gün o bəxtəvər günün sevincini yaşayırıq. Bəxtəvərsən Azərbaycan, Şuşada bayrağımız dalğalanır! Əsgərlərimiz Şuşadan raport verir. Şuşa məscidindən 28 il sonra azan səsləri eşidilir. Duaların qəbul oldu, Azərbaycan! Allah səni hifz etdi. Dünya durduqca var ol, məmləkətim!
Bu gün doğma Azərbaycanımızın hər bir guşəsində olduğu kimi, doğma universitetimizin divarlarından asılan üçrəngli bayraqlarımız daha əzəmətlə, qürurla dalğalanır. Hamı Şuşamızın işğaldan azad olunmasının sevinci, həyəcanı içindədir. Hər kəs bu möhtəşəm günü bir möcuzə kimi yaşayır, hamı bu möcüzəni bizə yaşatdığı üçün cənab Prezidentimizə, Ali Baş Komandanımıza, müzəffər ordumuza sonsuz ehtiramını bildirir. Hər kəs tezliklə müqəddəs şəhərimizə - Şuşamıza gedəcəyi günü səbirsizliklə gözləyir.
Avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar.
Qeyd edək ki, 1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olmuşdu. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verdi və həmin ilin 29 iyul – 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirildi.
Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdi. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınaraq, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdi. Məqbərənin inşasında xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə yer verilmişdi. Türbənin daxilində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi.
Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. 2021-ci ilin mart ayından başlayaraq türbə ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırılıb və bu çərçivədə işçi layihələr hazırlanıb. İşçi layihələr əsasında xarici mütəxəssislər tərəfindən təyin edilən xüsusi kimyəvi materiallarla elementlərin konstruktiv bərpa işləri yerinə yetirilib, korroziyaya qarşı əlavə tədbirlər görülüb. Həmçinin abidənin dam örtüyü yenidən qurulub. Topoqrafiya işləri nəticəsində əldə edilən məlumatlar üzrə, o cümlədən ərazidə axtarış işləri keçirməklə qırılmış, dağılmış üzlük hissələrin əldə edilməsi ilə birlikdə abidənin ilkin ölçülərinin bərpası məqsədilə memarlıq işçi layihələri hazırlanıb. Bu layihələr əsasında isə fasadın və daxili hissələrin divar səthləri mərmərlə üzlənib və abidənin tarixi görkəmi bərpa edilib.
Bundan əlavə, ərazidən tapılan tökmə alüminium şəbəkə nümunəsi əsasında hazırlanmış işçi layihələr üzrə bütün şəbəkə və dekorlar, o cümlədən giriş qapısı tökmə üsulu ilə alüminium materialdan tarixi ölçüləri qorunmaqla hazırlanıb, Şuşa şəhərinə gətirilərək layihə üzrə quraşdırılıb. Salonun mərkəzində qəbir daşı üzərində qara mərmərdən sənduqə qoyulub, ilkin formanın bərpası nəzərə alınmaqla büst ağ mərmərdən işlənib hazırlanaraq quraşdırılıb.
Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Şuşa şəhərində bərpa və yenidənqurma tədbirləri davam etdirilir.
Bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdən məlumata verilib.
Hazırda şəhərsalma prinsiplərinə uyğun olaraq bərpa və yenidənqurma işlərinin layihələndirilməsi üzərində iş aparılır. Həmçinin şəhərdə yaşayış üçün yararsız, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan bəzi binaların sökülməsi də həyata keçirilir.



Təranə Salahova
Bakı şəhəri 286 nömrəli tam orta məktəbin tarix müəllimi






Digər xəbərlər: