Gündəm
09:38, 19 Kasım 2024

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir
Prezident cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, artıq ikinci ildir ki, Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.
Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılır, xalqın rifah halının yaxşılaşdırılması və əldə olunan nailiyyətlərə hər bir sahədə əlçətanlığın təmin olunması üçün ardıcıl, davamlı siyasət həyata keçirilməkdədir. 2020-ci ildə, Vətən müharibəsində xalqımızın torpaqlarını işğaldan azad etməsi regionların idarə olunmasının keyfiyyətcə yeni mərhələsi ilə nəticələndi. Belə ki, 30 ilə yaxın işğal altında saxlanılmış, eyni zamanda, viran qoyulmuş Qarabağ iqtisadi zonasında yerləşən rayonların bərpa və yenidən qurulması istiqamətində sürətli tədbirlər görülməyə başlandı. Təsadüfi deyil ki, keçdiyimiz dörd ildə işğaldan azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən gecə-gündüz aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri bilavasitə Prezident cənab İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Ağdam azad edildikdən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il noyabrın 23-də buraya gələrək bərpa işlərinin başlanğıcını elan etdilər. Dövlətimizin başçısının 2021-ci il mayın 28-də Ağdama növbəti səfəri zamanı isə Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi. Səfər günü həm də sahəsi 125 hektar olan Ağdam şəhər meşə-parkında ağacların əkilməsinə start verildi. Yeni infrastrukturun yaradılması ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan azad olunan ərazilərimizi, ümumilikdə regionu yeni inkişaf mərkəzinə çevirməkdədir.
İşğaldan azad olunmuş Ağdamı erməni vandalizminin ən böyük şahidi hesab etmək olar. Ermənistan uzun illər qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Xarici və yerli jurnalistlər Ağdamı Qafqazın Xirosiması adlandırırlar. Azərbaycan hökuməti erməni vandallarının törətdikləri vəhşilikləri, eləcə də 30 il işğal altında saxlayaraq darmadağın etdikləri, viran qoyduqları şəhərləri dünya ictimaiyyətinin görməsi üçün yüksək səviyyəli nümayəndə heyətlərinin, habelə ölkəmizə təşrif buyurmuş diplomatik korpus və vətəndaş cəmiyyəti nümayəndələrinin həmin ərazilərə səfərlərini təşkil edir.
2022-ci il oktyabrın 5-də Azərbaycan hökuməti və BMT-nin İnsan Məskənləri Proqramının (UN-HABİTAT) əməkdaşlığı ilə "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi-post-münaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda ilk Azərbaycan Milli Şəhərsalma Forumu məhz Ağdam şəhərində keçirildi. Həmin Forum sülh və təhlükəsizliyin dayanıqlılığını özündə ehtiva edirdi. Eyni zamanda, Azərbaycanın regionların sosial-iqtisadi inkişafında beynəlxalq əməkdaşlığı təşviq etdiyinin bariz nümunəsi oldu.
Göründüyü kimi, azadlığına qovuşmuş Ağdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb. Artıq 4 ildir bütün dünyaya göstəririk ki, öz yurdumuzu düşməndən geri almağı bacardığımız kimi, onu dirçəltməyə, gözəlləşdirməyə də hər imkanımız var. Qarabağın mərkəzi rayonu Ağdam ölkə Prezidentinin rəhbərliyi və nəzarəti ilə xarabalıqlardan baş qaldırıb ucalır, yenidən ağ günlərinə qovuşur. Çox keçməyəcək ki, onun acı mənzərəsinin yerində müasir, işıqlı, öz sakinlərinin isti nəfəsi ilə canlanmış gözəl bir şəhər görəcəyik.

Əvəz Axundov,
Aztelekom MMC-nin “Cənub Şirvan Regional Filialı” Salyan şöbəsinin müdiri

Digər xəbərlər: