Gündəm
İlham Əliyev: “Qoşulmama Hərəkatı beynəlxalq arenada mühüm rol oynayır”
“1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynayır”.
Bu sözləri oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev videoformatda çıxış edən zaman deyib.
“BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir.
Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik.
Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir.
Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.
Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında mən vurğulamışdım ki, Azərbaycan sədrliyinin prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcəkdir”, - deyə dövlət başçısı qeyd edib.
Daha çox xəbər:
Dövlət başçısı: “Ermənistan qəsdən Azərbaycanın bütün mədəni və dini abidələri məhv edib”
Prezident: “Azərbaycan daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır”
İlham Əliyev: “Azərbaycan özü ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi”
Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşü başlayır
Prezident: “Azərbaycan 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatına görə regionda ən yaxşı nəticəni göstərib”