Gündəm
Azərbaycan ordusu şanlı zəfər çaldı
Xalqımız düşmən üzərində qələbə çaldı və Azərbaycanın torpaqları işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Xalqımız haqq savaşından qalib çıxdı. Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanat 2020-ci ilin sentyabrında başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsinə son qoydu. Vətən müharibəsində qazanılmış böyük Zəfərin nəticəsi olaraq noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata Prezident İlham Əliyevin tələbi ilə ölkəmiz və region üçün çox vacib olan 9-cu maddənin salınması mühüm diplomatik qələbə idi. İmzalanmış bəyanat təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də Cənubi Qafqazda Ermənistanın təxminən 30 il ərzində davam etdirdiyi işğalçı siyasət nəticəsində bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin yaratdı. Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvandan Azərbaycana uzanan dəhlizin açılması oldu. Bu strateji yol Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaratmaqla yanaşı, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək. Ədalətin bərpası olan Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycanda, bütün türk dünyasında yeni bir mərhələnin başlanğıcını qoyacaq, Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, türk dünyası arasında yaranmış körpü olacaq. Zəngəzur dəhlizi həm türk dünyası, həm də region ölkələri üçün gələcəyə açılan bir qapıdır. Bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq Zəngəzur dəhlizindən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə bərabər, digər ölkələr, eyni zamanda, Ermənistan üçün də əlavə imkanlar yaradacaq.
Region üçün sülhün, sabitliyin, inteqrasiyanın qarantına çevriləcək Zəngəzur dəhlizi türk dünyasının birliyini gücləndirməklə yanaşı, regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa ilə Asiyanın daha sıx birləşməsinə, bu məsələdə regionun geosiyasi əhəmiyyətinin artmasına da səbəb olacaq.
Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanlarının yaradılması, strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi effektiv nəqliyyat infrastrukturu olmaqla xarici şirkətlərin regiona sərmayə yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracaq. Belə ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi türk dünyasının ümumi daxili məhsulunun həcminin artmasına səbəb olacaq, Türkiyədən başlayaraq quru yol xətti ilə Azərbaycana, daha sonra Xəzər dənizi vasitəsilə Orta Asiya ölkələrinə çıxış imkanlarının yaranmasını təmin edəcəkdir. Bölgədə davamlı sülhün bərqərar edilməsi üçün əsas vasitəni əməkdaşlıqda görən, həmişə beynəlxalq və regional əməkdaşlığın tərəfdarı olan Azərbaycan bu gün Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir.
Bu gün Azərbaycan çox strateji əhəmiyyətli dövlətlərdən birinə çevrilir. Avropa ilə Asiyanı birləşdirəcək Zəngəzur dəhlizi Azərbaycan üzərindən Orta Asiyaya çıxışı da təmin edəcək.
Vaxtilə bütün türk dünyasının, xüsusilə Azərbaycan və Türkiyənin qarşılıqlı münasibətlərinin inkişafına mane olmaq məqsədilə Azərbaycandan alınıb Ermənistana birləşdirilən qədim Azərbaycan torpağı olan Zəngəzur indi bütün türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Başqa sözlə desək, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.
Anar Hüseynli
Zirə bələdiyyəsinin sədri