Gündəm
15:24, 23 Ekim 2021

Uşaqlarda piylənmə problemi: Artıq çəki şirinlik deyil, xəstəlik əlamətidir - FOTO

Uşaqlarda piylənmə problemi: Artıq çəki şirinlik deyil, xəstəlik əlamətidir - FOTO



Mütəxəssislər uşaqların gələcək taleyinin valideynlərin əlində olduğunu vurğulayır və körpələri piylənmə bəlasından qorumağa çağırır. Artıq çəki şirinlik deyil, xəstəlik əlamətidir.

Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

“Toppuş”, “şirin”, “şəkərbura” kimi ifadələr kök uşaqları əzizlənək üçün işlədilir. Üstəlik, bir çoxları normal çəkidə olan uşağı “yaxşı baxılmayan uşaq” kimi qiymətləndirirlər. Uşağın köklüyü valideynin diqqətinin sübutu kimi göstərilir. Bizim coğrafiyada valideynlər uşaqlarının köklüyü ilə qürrələnirlər. Lakin artıq çəkili uşaqlar nə qədər şirin görünsə də, köklük xəstəlikdir. Xüsusilə, pandemiya uşaqlardakı piylənmə problemini bütün dünyada yenidən aktuallaşdırdı. Qapanmalar, məktəblərin olmaması uşaqların fiziki aktivliyinə təsir etdi və kök uşaqların sayını artırdı.

Təməli necə atarsaq...

Həkim endokrinoloq Ziya Qurbanov deyir ki, piylənmənin təməli uşaqlıqda atılır:

“Yəni “böyüyəndə düzələcək” deyə bir anlayış yoxdur: “Uşaqlarımızı oturaq həyata alışdırmamalı, “fast food”dan uzaq tutmalıyıq. Mənə müraciət edən ailələr var ki, uşaq evdə yemir, ancaq restorandan sifariş edirlər. Uşaq yeyir və yatır. Artıq çəki hərəkətlilik əmsalını da aşağı salır. Bizim ən böyük problemimiz artıq yemək deyil, yediyimizin qarşılığında hərəkət etməməkdir. Bunu təməldən qorumaq lazımdır. Çünki yaş artdıqca, çəkini atmaq çətin olur və uşaqda sümük problemləri yaranır”.

Südəmər dövrdə piylənmə - Faciə

Həkim deyir ki, südəmər dövrdə olan uşaqlarda da piylənməyə rast gəlinir:

“Körpə minimum 2 yaşa qədər ana südü ilə qidalanmalıdır. Bizdə körpələrin əksəriyyəti 2-3 ay ana südü qəbul edir. Bu, faciədir. Çünki vaxtından əvvəl əlavə qidaya keçən uşaqlar həm gələcəkdə artıq çəkiyə sahib olurlar, həm də şəkər xəstəliyi problemi ortaya çıxır. Piylənmənin ən böyük səbəbi südəmər dövrdə ana südünü kəsib, əlavə qidalara keçməkdir”.

Uşağın bədən kütləsi indeksini necə hesablayaq?

Həkim uşaqlarda piylənməni yoxlamaq üçün düsturu bizimlə bölüşdü:

“Təbii ki, boya görə çəki qrafikimiz və bədən kütləsi indeksini hesablamaq üçün düstur var. Valideynlər düsturla uşaqda piylənmə probleminin olub-olmadığını yoxlaya bilərlər. Bədənin kütlə indeksini hesablamaq üçün uşağın çəkisini boy ölçüsünün kvadratına bölürük. 25-ə qədər norma sayılır. 25-30 arasıdırsa, uşaq piylənmə yolundadır. 30-dan yuxarıdırsa, piylənmə xəstəsidir. 40-dan yuxarıdırsa, ağır xəstəlik dərəcəsindədir. Valideynlərimiz çalışmalıdır ki, bu rəqəm 30-dan yuxarı olmasın”.

Həyat tərzi, qidalanma...

Uşaqlarda piylənmənin səbəblərinə gəldikdə, həkim deyir ki, oturaq həyat tərzi önəmli faktordur:

“Əsas səbəb oturaq həyat tərzi, qidalanma faktoru, xəmir xörəklərinin çox tükədilməsi və yağlı yeməklərdir. Bizim mətbəxin çox gözəl təamları var, amma eyni zamanda da zərərlidir. Yeməklərimiz yağlı, duzludur. Ət olmazsa, olmazımızdır. Tərəvəzdən az istifadə edirik. Pandemiyadan sonra insanlar passiv həyat tərzində idilər. Artıq bütün ailələr hər şeyi ev şəraitində əldə edirlər. Fiziki aktivlik minimum səviyyədədir”.

Valideynlərinin hər ikisi çalışan uşaqlar...

Həkimin sözlərinə görə, valideynlərinin hər ikisi çalışan uşaqlar piylənmə problemi ilə tez-tez rastlaşırlar:

“Uşaq evdə tək qalır və istədiyini yeyir. Hətta uşaq var ki, yeməyini özü bişirir. 10 yaşında 90 kiloqram çəki ilə müraciət edən pasientlərimiz olub ki, ata-anası işləyir. Az diqqət uşaqda piylənmə yaradır. Araşdırmaya görə, hər iki valideynin çəkisi çox olan uşaqların 80 faizində çəki artıq olur. Valideynlərdən birinin çəkisi çoxdursa, bu rəqəm 40 faizdir. Bu, böyük rəqəmdir. Ailə faktoru burada çox önəmlidir. Məsələn, siz xəmir xörəyi yeyib uşağa desəniz ki, sən yemə, bu, yolverilməzdir. “Fast food”u, şokoladı, çipsini tamamilə həyatınızdan çıxarın. Çünki evdə varsa, uşaq yemək yeməyəcək”.
Digər xəbərlər: