Gündəm
Qətər mətbuatında azərbaycanlı səfirin yazısı dərc olunub - FOTO
Qətərin çoxsaylı oxucu kütləsinə malik nüfuzlu “The Peninsula” qəzetində Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovun müəllif yazısı dərc olunub.
Oxu.Az-ın məlumatına görə, yazıda səfir bildirib ki, 8 noyabr tarixində Azərbaycan xalqı öz tarixi qələbəsini qeyd edir.
O bildirib ki, qəhrəman Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının ilk illərində torpaqlarının işğalı ilə üzləşsə də, bu ədalətsizliklə heç vaxt barışmayıb və tarixi ədaləti bərpa edib.
Azərbaycana gəldikdə ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn əsas norma və prinsiplərinin lazımi dəstək almadığını təəssüflə qeyd edən səfir 27 sentyabr 2020-ci il tarixində başlamış və 44 gün davam etmiş Vətən müharibəsində işğala son qoyulduğunu ifadə edib.
“Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək öz qüdrətini, mətanətini və mübarizliyini bütün dünyaya nümayiş etdirdi”, - deyən səfir bildirib ki, 8 noyabr 2020-ci il 30 illik işğala son qoyan Ali Baş Komandan İlham Əliyevin və şanlı Azərbaycan əsgərinin qələmə aldığı müzəffər tarixi bir gündür.
R.İsmayılov həmin çətin və şərəfli günlərdə siyasi dəstək göstərmiş dövlətlərə və onların xalqlarına minnətdarlığını ifadə edib.
Daha sonra o, Ermənistanın işğalı dövründə ərazilərimizdə törədilmiş vandallıq aktları və dağıntılara toxunub, hazırda işğalın acı nəticələrinin aradan qaldırılması istiqamətində görülməkdə olan yenidənqurma və bərpa işlərindən danışıb. Füzuli Beynəlxalq Hava Limanının açılışının baş tutduğunu, Laçın və Zəngilan hava limanlarının təməlinin qoyulduğunu, yeni magistral və dəmiryolların çəkildiyini, eləcə də “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi ilə yeni yaşayış məntəqələrinin salındığını vurğulayıb.
“Biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu bölgəsinə həyatı qaytaracağıq; yaşadığımız bütün bölgəyə sülh və inkişaf gətirəcəyik”, - deyə səfir yazısının sonunda bildirib.
Daha çox xəbər:
Azərbaycan səfiri italyan jurnalistin Dağlıq Qarabağla bağlı qərəzli yazısına cavab verib
İlham Əliyev: “Azərbaycan özü ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi”
Türkiyə Azərbaycana yeni səfir təyin edib - VİDEO
Ceyhun Bayramov iki səfiri qəbul etdi – FOTO
Yeni səfir kim olacaq? - Türkiyənin Azərbaycan sürprizi