Gündəm
19:46, 11 Kasım 2021

Vüqar Səfərlinin məhkəməsində mübahisə olub

Vüqar Səfərlinin məhkəməsində mübahisə olub



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq Səbail rayonu Bibiheybət qəsəbəsində sahə rəisi işləyən təqsirləndirilən şəxs Namiq Hacıyev ifadə verib.

N.Hacıyev ifadəsində özünü verilən ittihamla günahkar hesab etmədiyini bildirərək layihə əsasında ona verilən göstərişləri yerinə yetirdiyini deyib:

“Layihə sənədlərinə uyğun olaraq öz işimi icra etmişəm. Tikinti zamanı bir dəfə belə bir hal oldu ki, iki blok üçün beton verilməmişdi. Bununla bağlı sifarişçiyə məktub yazdıq. Ordan bizə dedilər ki, onu əvəzləmək üçün parket əvəzinə laminatdan istifadə ediləcək. Bununla da beton və armatur çatışmazlığı həll olunacaq.

Bundan başqa, bir dəfə də binada pəncərə altlarına mərmər vurulmalı idi. Ustalar dedi ki, mərmər orada sınıb-töküləcək. Sonra pəncərəaltlarına plastik vuruldu. Həmin mərmər isə liftlərin yanına vurduq. Yəni yeyinti olmadı”.

İfadə verən təqsirləndirilən şəxs Ədalət Vəliyev bildirib ki, o “Portos” MMC-nin direktoru işləyib: “Mənim heç nədən xəbərim olmayıb. Mən şirkətə direktor təyin edilmişəm. Ayda 501 manat əmək haqqı almışam. Binanın tikintisindən və yeyintidən xəbərim yoxdur. Mən latın qrafikasında yazıb oxuya bilmirəm, heç nədən xəbərim yoxdur”.

Daha sonra hakim sual vermək üçün barəsində həbs-qətimkan tədbiri seçilən Nadir Məmmədova söz verib. Nadir Məmmədovla Ədalət Vəliyevin üzləşməsi zamanı məhkəmədə mübahisəli anlar yaşanıb.

N.Məmmədovun isə düzələn zaman səni “Asan Xidmət”ə kim aparıb sualına Ədalət Vəliyev “siz aparmısız” deyə cavab verib.

Bu cavabdan sonra Nadir Vəliyevin əsəblərini cilovlaya bilməyib:

“Yalan deyirsən, sən mənimlə gedə bilməzdin. Vicdanın olsun! Sənə göstəriş verən adam mənimlə danışmamağı tapşırmışdı. Sən 32 milyonu hardan alıb ödəmisən?”

Ədalət Vəliyev isə ziyan əvəzinə 1 milyon manat və 35 milyonluq əmlak verdiyini deyib.

Vəkillərin həmin əmlak səndə hardan idi, əmlak harda yerləşir suallarına isə Ə.Vəliyev cavab verə bilməyib.

Proses noyabrın 12-si davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Digər xəbərlər: