Gündəm
09:51, 16 Kasım 2021

COVID-19 diaqnozunda hansı halda KT müayinəsinə ehtiyac var?

COVID-19 diaqnozunda hansı halda KT müayinəsinə ehtiyac var?



Əgər COVID-19 PCR yaxma və ya kart-test yaxma analizi (burun-udlaqdan və ağız-udlaqdan-əsnəkdən yaxma) müsbətdirsə, pulsoksimetr cihazı ilə barmaq ucundan SpO2-ni, yəni oksigen saturasiyasını ölçün, əgər 95-dən çoxdursa, heç bir müayinə və müalicəyə ehtiyac yoxdur.

Bakupost.az xəbər verir ki, həkim radioloq Aydın Əliyev bildirib ki, əgər oksigen saturasiyası 95-dən aşağıdırsa, qandan koaquloqramma (laxtalanma), CRP, D-dimer, ferritin, qanın ümumi (hemoqram) analizlərini vermək olar və adi döş qəfəsinin rentgen müayinəsindən keçmək lazımdır, lakin KT-yə ehtiyac yoxdur:

“Əgər rentgen müayinəsində COVID-19 xəstəliyinə aid olan ikitərəfli multifokal kölgəliklər aşkar edilibsə, müvafiq müalicə almaq olar. KT isə lazım deyil. Yəni döş qəfəsinin rentgen müayinəsində COVID-19 təsdiq edilibsə, deməli, ağciyər damarlarında tromblaşma var, müvafiq müalicə almaq lazımdır.

Ağciyərlər rentgen müayinəsində təmiz görünürsə, deməli xəstəlik yüngül keçir və yenə də KT müayinəsinə ehtiyac yoxdur.

Yalnız test analizi mənfidirsə, rentgen müayinəsində patoloji kölgəlik görünmürsə və SpO2 (oksigen saturasiyası) 95-dən azdırsa, o halda KT müayinəsinə ehtiyac ola bilər. Bu isə nadir hal hesab olunur”.

A.Əliyev, həmçinin əlavə edib ki, döş qəfəsinin rentgen müayinəsinin təmiz olduğu, lakin KT müayinəsində ağciyərlərdə 10%-ə qədər buzlu şüşə mənzərəsinin göründüyü və SpO2-nin 95-dən çox olduğu, eləcə də qanda EÇS, CRP, ferritin, D-dimer, koaquloqoqrammanın normal olduğu hallarda heç bir ciddi müalicə və müayinəyə ehtiyac yoxdur.
Digər xəbərlər: