Gündəm
Lerikdə FACİƏ: Körpə bacı-qardaşın üzərinə qaynar su dağıldı
Lerik rayonunda iki körpə yanıq xəsarətləri alıb.
“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Cəngəmiran kəndində qeydə alınıb.
Belə ki, 2019-cu il təvəllüdlü Amal Orxan oğlu Heybətzadə və bacısı, 2020-ci il təvəllüdlü Ayan Orxan qızı Heybətzadə evdə oynayarkən ehtiyatsızlıqdan qaz sobasının üzərinə yıxılıblar. Nəticədə sobanın üstündə olan qaynar su dolu qazan aşıb. Hər iki uşaq ciddi yanıq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Amal Heybətzadənin vəziyyəti qənaətbəxş olsa da, bacısı Ayan Heybətzadənin bədən səthinin 70 faizi yandığından müalicəsinin Bakı şəhərində davam etdirilməsi üçün paytaxt xəstəxanalarından birinə göndərilib.