Gündəm
Azərbaycan-İran parlamentlərarası əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib - FOTO
Azərbaycanın Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə bu ölkənin İslam Şurası Məclisi (parlamentin) sədrinin birinci müavini, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Nikzadla görüşüb.
AZƏRTAC xəbər verir ki, 44 günlük Vətən müharibəsində Qələbənin ildönümü münasibətilə təbriklərini çatdıran Əli Nikzad Azərbaycanın sevincinin və kədərinin İran üçün də bir olduğunu qeyd edib.
Parlamentlərarası əlaqələrin önəmini vurğulayan Əli Nikzad Azərbaycanın Milli Məclisi ilə əlaqələrin daha da möhkəmləndirilməsində səylərin artırılmasının zəruriliyini vurğulayıb və ikitərəfli əməkdaşlığın güclənməsinə parlament nümayəndələrinin töhfələrini verəcəyini diqqətə çatdırıb. Əli Nikzad cari il noyabrın 27-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunmasını yüksək qiymətləndirib. O, səfir Əli Əlizadəyə fəaliyyətində uğurlar arzulayıb.
Səfir Əli Əlizadə öz növbəsində Azərbaycanın İranla əlaqələrə xüsusi önəm verdiyini, rəsmi Tehranın Azərbaycan üçün dost və yaxın qonşu ölkə olduğunu bildirib. Ölkələrimizin parlamentlərarası münasibətlərinin, dostluq qruplarının səmərəli əməkdaşlığının əlaqələrin daha da inkişafına zəmin yaratdığını, bu istiqamətdə Azərbaycanın İrandakı səfirliyinin üzərinə düşən vəzifələri və əlaqələndirmələri yerinə yetirməyə hər zaman hazır olduğunu qeyd edib.
Görüşdə, həmçinin iki ölkə arasında müştərək layihələrin icrası, səfərlərin və görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.