Gündəm
Zakir İbrahimov: “AzerGold” qızıl layihələrinin icrası üzrə büdcədən asılılığını aradan qaldırıb”
“AzərGold” QSC bu ildə yenilənmiş strategiya sənədinə əsasən 2035-ci ilədək “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla daha 6 qızıl, 1 polimetal, 3 mis və 1 dəmir filizi yataqları qrupunun istismarı nəticəsində illik dövriyyəsi 1 milyard ABŞ dolları olan, ən böyük qeyri-neft sənayesi şirkətlərindən və işəgötürənlərdən biri olmağı hədəfləyir”.
Oxu.Az-ın məlumatına görə, bunu “Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf perspektivləri” mövzusunda keçirilən tədbirdə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
Onun sözlərinə görə, yaradılacaq yeni iş yerlərinin sayının 2032-ci ildə 13 min nəfərədək çatdırılması gözlənilir:
“Yenilənmiş strategiyaya əsasən, şirkətimizin 2020-2035-ci illər üzrə məcmu gəlirinin 18,5 milyard manat həcminə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, ölkəmizin məcmu ÜDM-sinə 24,5 milyard manat həcmində töhfənin verilməsi, 1,7 milyard manat məbləğində məcmu vergilərin - birbaşa və dolayı ödənilməsi planlaşdırılır. Nəzərdə tutulan strateji proqramların icrası müddətində dövlət büdcəsindən asılılığın aradan qaldırılması hədəf olaraq müəyyən edilib. Diqqətinizə çatdırım ki, Cəmiyyət artıq qızıl layihələrinin icrası üzrə büdcədən asılılığını aradan qaldırıb”.
Sədr qeyd edib ki, “AzerGold” QSC-nin dövlət büdcəsində asılılığın aradan qaldırılması istiqamətində daha bir addımı istiqrazların tədavülə buraxılması ilə bağlıdır:
“Belə ki, ötən il mədən layihələrinin icrası üçün tələb olunan vəsaiti korporativ maliyyə aləti hesabına təmin etmək məqsədilə tərəfimizdən 20 milyon dollar dəyərində istiqrazlar tədavülə buraxıb. Qiymətli kağızlar uğurla emissiya edilərək, həm geniş xalq kütləsi üçün sərfəli investisiya imkanı yaradılıb, həm də layihələrin icrası alternativ maliyyə mənbəyi hesabına sürətləndirilib. Nəticə etibarı ilə, qeyri-neft sektorunda ilk dövlət şirkəti kimi məhz “AzerGold” istiqrazları tədavülə buraxılıb.
Daşkəsən dəmir filizi yataqlarının istismarına başlaması və dəmir istehsalı zənciri üzrə 2035-ci ilədək məcmu ÜDM-yə 6,8 milyard manat töhfə verilməklə 4,9 milyard manat məbləğində gəlirin əldə edilməsi, üstəlik dövlət büdcəsinə 556 milyon manat həcmində vergi və sosial köçürmələrin ödənilməsi nəzərdə tutulub”.