Gündəm
13:50, 21 Ocak 2022

AMEA-nın professoru: “Ramiz Mehdiyev getməlidir”

AMEA-nın professoru: “Ramiz Mehdiyev getməlidir”
“Ramiz Mehdiyev akademiyaya rəhbər gələndən sonra müsbətə doğru heç bir dəyişiklik olmayıb. Əksinə, vəziyyət daha da pisləşib. Gözlənilən idi, çünki əvvəllər də öz kurasiyasında saxladığı akademiyanın vəziyyəti ürəkaçan deyildi. Akademiyada elmi titulların və vəzifələrin dostbazlıq, tanışlıq, qohumbazlıq, yerlibazlıq və digər zərərli prinsiplər və sövdələşmələr əsasında həyata keçirildiyi heç kəsə sirr deyil”.

Bu fikirləri Modern.az-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib.

Onun sözlərinə görə Ramiz Mehdiyev Azərbaycan elminin baş bəlasına çevrilib:

“Onun əlindən dövlətdən narazı qüvvəyə çevrilərək baş götürüb gedənlərin və getmək istəyənlərin sayı az deyil. O, əsl elm adamlarını cana-boğaza yığıb, ona “ləbbeyk” deməyənlərin ümid çırağını söndürüb.

Elmlər Akademiyasındakı hədsiz maliyyə pozuntuları, özbaşınalıq baş alıb gedir, vəziyyət gündən-günə kritikləşir.

Bu gün Ramiz Mehdiyevin “işləməsi” zərərlidir. O, akademiyada şəffaflıq yaratmaq istiqamətində heç bir təşəbbüs göstərmək iqtidarında deyil. Onun fəaliyyəti elmə və alimə həqarətdir. Silahdaşı İsa Həbibbəyli və bir qrup digər akademşəbəkə fəalları da ciddi elmlə məşğul olan adamlara nifrət edir. Bunun şəxsən şahidi olmuşam”.

İ.Abbasov qeyd edib ki, Ramiz Mehdiyev dövlət əmlakının dağıdılması, dövlət vəsaiti hesabına çap olunan saxta əsərlər haqqında faktlara heç bir reaksiya vermədiyi halda, “hörümçək”lə əlləşir:

“Halbuki adam bağ-bağatında rəngarəng kəpənəklər, təzə-tər çiçəklərlə mənalı vaxt keçirə bilərdi. Bu, həm elmimiz, həm də dövlətçiliyimiz üçün daha faydalı olardı. Təsəvvür edin, institutlarda dövlətin milyonları mənimsənilir, plagiatizmə abidə qoyulur, dövlət maraqları ayaqlar altına salınıb tapdanır, gənclər baş alıb ölkədən gedir, dövlətə və ölkə başçısına qarşı süni narazılıqlar yaradılır, qanunsuzluq meydan sulayır, fəqət Ramiz Mehdiyevdən səs çıxmır, reaksiya gəlmir. Di gəl ki, orfoqrafiya lüğətində “hörümçək” sözünün mexaniki səhvliklə düşməsini iclasın gündəliyinə salır.

Yaxud dövlətin akademiyaya ayırdığı milyonlarla, yüz minlərlə vəsait göyə sovrulur, plagiat və saxta əsərlərin çap edilib gözə kül üfürülməsi stimullaşdırılır, akademşəbəkənin sadiq üzvləri mükafatlandırılır, qanunsuzluq adi hal alır, dövlət maraqları şəbəkə və qrup maraqlarına qurban verilir. Akademiya rəhbəri bütün institutlardakı qanunsuzluqlar haqqında məlumatlı olub susduğu halda, yeni çıxmış orfoqrafiyadakı “hörümçəyə” dəyirmi masa həsr edir, bunu az qala qlobal fəlakət kimi nümayiş etdirir. Lüzumsuz məsələni iclasın gündəliyinə salıb elmin bəbəyinə çöp soxur. Qeyzə gələn akademik deyir ki, orfoqrafiya lüğətinin nəşrinə məsul şəxslərin verdikləri izahatlar AMEA rəhbəri kimi onu qane etmir: “Orfoqrafiya lüğətinin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlar isə AMEA rəhbəri kimi məni qane etmir. Mən onlardan daha ciddi və əsaslı izahatlar gözləyirəm”, - deyə AMEA prezidenti “taleyüklü” problemin üzərinə gedir”.

Professor İdris Abbasov bildirib ki, akademik seçdirib vəzifələndirdiyi və müşavir etdiyi, şəbəkə maraqlarına sədaqəti ilə digərlərindən fərqlənməyən Möhsün Nağısoylu baş akademikin bir növ “üzünə ağ olur”.
Digər xəbərlər: