Gündəm / Cəmiyyət
21:56, 25 Şubat 2022

Azərbaycan həqiqətlərinin carçısı

Azərbaycan həqiqətlərinin carçısı

Tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımı yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət idi. Bu qətliamın müəllifi isə özlərini dünyaya "əzabkeş" kimi təqdim edən erməni millətçiləridir. Xalqımızın yaddaşına əbədi həkk olunmuş tarixin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı hər il daha geniş miqyasda qeyd olunur, humanitar fəlakət qurbanlarının xatirəsi əziz tutulur.

Heydər Əliyev Fondu Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları uğurla davam etdirir. Tədbirlərdə Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı" filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində faciə haqqında dərc edilmiş materiallar, habelə fondun ümumtəhsil məktəbləri və uşaq evlərində keçirdiyi "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm müsabiqəsindən ibarət ekspozisiyalar nümayiş etdirilir. Faciənin bütün detallarını əks etdirən faktların beynəlxalq aləmə çatdırılması istiqamətində görülən işlərdə təşkilatın fəaliyyəti özünəməxsus yer tutur. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilmiş "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsi, fotoşəkillərin, əl işlərinin dünyanın bir sıra qabaqcıl ölkələrində təşkil olunmuş sərgisi beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük faciəsi haqqında dolğun təsəvvürlər formalaşdırıb.

Məhz Heydər Əliyev Fondunun gərgin əməyinin nəticəsi olaraq indi dünya ölkələri əvvəlki illərdən fərqli olaraq erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılıb. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı dövlətləri bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini getdikcə daha çox anlayır, qətliamı kəskin şəkildə pisləyir, təcavüzkarla təcavüzə məruz qalanı tanıyırlar.

Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbkarları haqqında dünya birliyndə aydın təsəvvürün formalaşdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın xüsusi xidmətləri var. İslam Konfransı Təşkilatının (İKT) Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva Xocalı soyqrımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərərək erməni silahlı birləşmələrinin ölkəmizin ərazisində həyata keçirdikləri soyqırımı siyasətinə dair faktları beynəlxalq birliyə təqdim edir. İKT-nin Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun erməni qəddarlığının dünyaya çatdırılması istiqamətində apardığı mühüm iş öz səmərəsini verməkdədir. Gənclər forumu hələ 2007-ci ilin payızında Bakıda "Gənclər sivilizasiyaların alyansına tərəfdardır" təşəbbüsü çərçivəsində təsis olunmuş "Sivilizasiyaların alyansı" Beynəlxalq Gənclər Hərəkatına müraciət edərək, bu qurumdan əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın yürütdüyü siyasəti dünya birliyinə çatdırmağı tələb etmişdir.

Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan olunmuş "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində ilk tədbir İstanbulun "Taksim" metrostansiyasının sərgi salonunda Xocalı ilə bağlı uşaqların çəkdiyi şəkillərdən və kompaniyaya qoşulmuş xarici ölkə gənclərinin fotoşəkillərindən ibarət sərginin açılışı oldu. Kompaniya çərçivəsində yalnız Türkiyə deyil, Avropanın başqa şəhərlərində də sərgilər təşkil olundu. İstanbulda İKT-nin Əməkdaşlıq və Dialoq uğrunda Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə 2008-ci ilin mayın 17-də keçirilmiş İKĞT ekspertlərinin ikigünlük iclasında kompaniya ekspertlər tərəfindən bəyənildi və 26 fevral - Xocalı soyqırımı gününün bu beynəlxalq təşkilata üzv ölkələrdə humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması haqda mühüm qərar qəbul olundu.

Bu kompaniyanın dünya miqyasında daha geniş təbliği üçün informasiya kommunikasiyaları sistemlərindən də geniş istifadə edilir. Kompaniyanın virtual aləmdə yayılması və bu qəbildən olan silsilə tədbirlərin sistemləşdirilməsi məqsədilə yaradılan internet saytı Xocalı faciəsinin əsl günahkarlarının, xalqımıza qarşı soyqırımı haqqında faktların dünya ölkələrinə daha geniş çatdırılmasına imkan yaradır. Artıq proqram və onun internet saytı dünyanın müxtəlif şəhərlərində-Vaşinqton, İstanbul, Berlin, Buxarest, Kiyev, Vyana, Brüssel, Pekin, Varşava və digər şəhərlərdə Xocalı soyqırımı haqqında dolğun məlumatları beynəlxalq icttmaiyyətə çatdırır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır. Yeri gəlmişkən, soyqırıma qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Bu mövzu hüquqşünaslar tərəfindən araşdırılmalı, hər bir hüquqşünas ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə əlindən gələni əsirgəməməlidir. Çünki hüquqi baxımdan Xocalıda baş vermiş qətliam təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilmişdir.

Müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırımı bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. Bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir. Soyqırımının beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir.

İbadət Cəfərov,
Salyan rayon Ərəbqardaşbəyli kənd tam orta məktəbin direktoru
Digər xəbərlər: