Gündəm / Cəmiyyət
22:00, 25 Şubat 2022

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli  səhifələrdən biri kimi daxil olmuşdur

Tarixin elə ağrılı-acılı, qanlı-qadalı səhifələri var ki, onların dəhşətləri zaman keçdikcə də unudulmur, yaraları qaysaq bağlasa da, hey göynəyir. XX əsrdə xalqımızın başına gətirilən Xocalı müsibəti kimi! Xocalı qətliamı nəinki Azərbaycan xalqının tarixində, bütövlükdə bəşər tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Misli görünməmiş qəddarlıqla həyata keçirilən bu soyqırımı yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş, Azərbaycan tarixinə qanla yazılmış Xocalı soyqırımının törədilməsindən 30 il keçir. 1992-ci ilin dəhşətli fevral gecəsində Ermənistan silahlı birləşmələri keçmiş sovet ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törətdilər, dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutdular. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə qətlə yetirildi, yüzlərlə insan yaralandı, xəsarət aldı, şikəst oldu, əsir düşdü. Ona görə fevralın 26-sı xalqımızın qan yaddaşı, mübarizlik, qəhrəmanlıq, rəşadət tarixidir.

Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. 1991-ci ilin oktyabrında isə şəhərin blokadası tam başa çatdırılmışdı. Artıq Xocalıya gedən bütün avtomobil yolları bağlandığından şəhərə gediş-gəliş yalnız helikopterlər vasitəsilə həyata keçirilirdi. Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu helikopter isə 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında çoxsaylı insan tələfatına səbəb olmuş helikopterin vurulması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən etibarən şəhərin elektrik enerjisi təchizatının dayandırılması, sanki yaxınlaşmaqda olan vahimədən, dəhşətli kabusdan xəbər verirdi. Belə bir şəraitdə xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Qısa müddətdə şəhəri alov bürüdü, vahiməyə düşən sakinlər evlərini tərk edib gecənin qaranlığında meşəyə tərəf üz tutdular. Qarşıda isə onları nələrin gözləməsindən tam xəbərsiz idilər. Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçıvanik kəndi yaxınlığında erməni yaraqlıları ilə qarşılaşdı. Gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər.

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrildi. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində soyqırımı Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb.

Lakin Xocalı kimi faciəvi soyqırımı törədib, azərbaycanlıları yurd-yuvasından didərgin salan ermənilər təsəvvür etmədilər ki, bir gün torpaqların sahibi geri gələcək.

28 illik ağrı-acının, yurd nisgilinin qisas hissi o qədər dərin olacaq ki, geri gəldiklərində verdikləri dərs bütün dünyaya görk olacaq! Təbii ki, 30 ilə yaxındır torpaqlarına geri qayıtmağa can atan bir xalqın vətəndaşları üçün Vətən müharibəsi qədər müqəddəs heç nə ola bilməzdi. Məqam yetişmiş, səbir kasası dolmuş xalq isə hazır idi. Hamı bir nəfər kimi Ali Baş Komandanının döyüş əmrini gözləyirdi. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsi terrorçu ermənilərə 100 il də unutmayacaqları dərs oldu. Bu döyüş onlara sübut etdi ki, Azərbaycan Ordusunun qarşısında uzun müddət dayanmaq, müqavimət göstərmək mümkün deyil. Zəfərimizin arxasında duran ən böyük gücümüz isə birliyimiz idi: xalq-iqtidar birliyi. Hər bir vətəndaş Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdi və nəticə qələbə oldu. Vətən müharibəsindəki tarixi qələbəmiz Xocalı soyqırımı yaramıza qaysaq oldu. Lakin əsrlər keçsə də, heç bir azərbaycanlı erməni vəhşiliyini və xalqımıza qarşı törədilən faciələri unutmayacaq!

Tahir Gülnəzərov,
Salyan rayon Qarabağlı-1 saylı kənd tam orta məktəbin direktoru
Digər xəbərlər: