Gündəm / Cəmiyyət
16:19, 17 Mart 2022

Azər­bay­can qa­dı­nı bə­şə­riy­yə­tin hu­ma­nizm sim­vo­lu­dur

Azər­bay­can qa­dı­nı bə­şə­riy­yə­tin hu­ma­nizm sim­vo­lu­dur

Məlumdur ki, hər il dünya ölkələrində 8 mart- Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Tarixdən bəllidir ki, ilk qadın hərəkatı 1857-ci ildə Nyu-York ştatında qadınların 12 saatlıq iş gününə etiraz etmələri səbəbindən başlayır. Yəni, 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlarının bayram günü kimi qeyd olunmasına nail olur. 1977-ci ildə BMT bugünü rəsmən qadınların bayram günü kimi rəsmiləşdirir. Uzun illərdir ki, ölkəmizdə də həmin gün Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmaqdadır. Azərbaycan Respublikası müstəqillik hüququnu əldə etdikdən sonra, məhz 8 Mart ölkəmizdə qeyri-iş günü hesab olundu. Hal-hazırda hər bir Azərbaycan qadını cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib və milli-mənəvi, əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı və s. analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından üzüağ çıxıb. Faktdır ki, bir çox ölkələrin qadınlarından əvvəl Azərbaycan qadınının seçib-seçilmək hüququ əldə etməsi, həmçinin elm, mədəniyyət və digər sahələrdə qazandıqları uğurlar, məhz onların mədəni və intellektual potensiala sahib olmalarından xəbər verir. Azərbaycan Respublikası 1991-ci ildə ikinci dəfə özünün müstəqillik hüququnu bərpa etdikdən sonra yeni tarixi-siyasi şərait yarandı və 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda, qadınların kişilərlə bərabər hüquqlarının olması ayrıca müddəa ilə təsbit olundu. Yəni, Konstitusiyamızın 25-ci maddəsində ölkəmizdə kişi və qadının eyni hüquq və azadlıqlara malik olmaları qeyd olunub.

Ümumiyyətlə, bu gün bizim ölkəmizdə qadınların cəmiyyətdə rolu olduqca böyükdür, onlar zərif cinsin nümayəndələri olsalar da, azad şəkildə fəaliyyət göstərirlər, heç kimdən asılı olmadan öz hüquqlarını və vəzifələrini yerinə yetirirlər, iqtisadi, siyasi, sosial və s. hüquqlara görə kişilərlə bərabərdirlər. Bəli, tarix hər zaman sübut edib ki, istənilən tarixi dönəmdə qadınlar öz qabiliyyət və bacarıqlarını ortaya qoymağı bacarıblar. Yəni, qadınlar qədim dövrlərdən indiyə kimi dövlət siyasətində, qanunvericilikdə, dövlətin idarə olunmasında, ailə təməlinin qurulmasında iştirak ediblər. Tarixdə elə qadın hökmdarlar olub ki, onlar haqqında dəyərli filmlər çəkilib, əsərlər yazılıb. Belə bir səbəbdən də, adları tarixə düşən qüdrətli, qeyrətli, cəsur qadınları saymaqla qurtarmaq olmaz. Məsələn, belə qadınlardan qədim Misir hökmdarı Kleopatranın, ilk müsəlman qadın hökmdar olmuş Dehli sultanı Raziyə Begümunun, şahzadə Diananın, Azərbaycan mədəniyyətində, ictimai və sosial həyatında xüsusi rolu olmuş Xurşidbanu Natəvanın, ilk ərəbşünas alim Aida İmanquliyevanın, ilk operanı yazan Şəfiqə Axundovanın və digərlərinin adlarını çəkmək olar. Onu da bildirək ki, hazırda Azərbaycan qadını ictimai həyatımızın bütün sahələrində yaxından iştirak edir və bugünə kimi ölkəmizdə qadın hüquqlarının müdafiə olunmasına dair lazımi qanunvericilik bazası da yaradılmışdır. Bundan əlavə, hər il qanunvericilik bazası genişləndirilir, qadınların cəmiyyətin müxtəlif sferalarında rolunun artırılması yöndə mühüm işlər görülür, daha çox gender bərabərliyi mövzusunda müzakirələr həyata keçirilir. Belə bir səbəblərdən də, bugünkü cəmiyyətimizin inkişafında və tərəqqisində qadın hüquqları öz aktuallığı ilə fərqlənir və onlar ictimai, siyasi, mədəni və sosial sahələrə əvəzounmaz töhfələrini bəxş edirlər.

Heç cür unutmaq olmaz ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu illər ərzində, daim qadınlarla bağlı məsələləri diqqət mərkəzində saxlamışdır. Belə bir yanaşmanın nəticəsi olaraq qadınlar hər zaman dövlət orqanlarında və müxtəlif sahələrdə çalışmışlar, hətta dövlət siyasətinin həyata keçirilməsində yaxından da iştirak etmişlər. Ulu Öndər qadınlara qarşı yanaşmasını belə ifadə etmişdir: “Mən Azərbaycan qadınlarının dövlət işində də fəaliyyətini xüsusi qiymətləndirirəm. Bu, bir tərəfdən Azərbaycan qadınlarının fəallığıdır, ikinci tərəfdən də Azərbaycanda qadınlara öz istedadlarını, bilik və bacarığını həyata keçirmək və realizə etmək üçün yaranan imkanların nəticəsidir. Məhz ona görədir ki, dövlət orqanlarında qadınlar çox müvəffəqiyyətlə işləyirlər.”
Qeyd edək ki, hal-hazırda dövlətimiz qadınlarla bağlı elə bir siyasət yürüdür ki, Azərbaycan bu sahədə öncül dövlətlər sırasına çıxmağı bacarıb. Faktdır ki, ölkəmizdə qadın problemləri daim dövlətimizin diqqət mərkəzində olur və bu gün də gender proqramı ardıcıl şəkildə həyata keçirilir. Bu onunla bağlıdır ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında yeni siyasi və iqtisadi sistem qurulmuş, həmçinin ölkəmiz sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmişdir. Ona görə də Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində, bugünə kimi çoxsaylı yeniliklərə imza atmağı bacarıb. Məlumdur ki, 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə həyata keçirilməsi, qadın hüquqlarının daha geniş müstəvidə təmin olunması, onların dövlətin idarə olunmasında iştirakının artırılması məqsədilə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Fərmanı əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bu Komitə ailə, qadın və uşaq problemləri ilə bağlı dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır və bu qurum tərəfindən təşkil olunan təlim proqramlarında, qadın hüquqları sahəsindəki qanunlar, konvensiyalar və digər rəsmi sənədlər yayılaraq təbliği həyata keçirilir.

Bir faktı da qeyd edək ki, hal-hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu, bu gün ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, bir çox sosial problemlərin həlli istiqamətində lazımi addımlarını atır. Bundan əlavə, onun diqqət və qayğısı sayəsində qadınlara qarşı bütün zorakılıqların, mövcud olan stereotiplərin aradan qaldırılmasına xüsusi önəm verilir. Bir sözlə, hörmətli Mehriban xanım Azərbaycan qadınının formalaşmaqda davam edən potensialının artmasının təmin olunması istiqamətində mühüm işlər görür və bununla bağlı lazımi tapşırıqlarını verir. Bütün bunların nəticəsidir ki, hər kəs hörmətli Mehriban xanımı xeyirxahlıq, mərhəmət və fədakarlıq simvolu olaraq qəbul edir.

Son olaraq onu qeyd etmək istəyirəm ki, hər il 8 mart- Beynəlxalq Qadınlar Günü ərəfəsində möhtərəm Prezidentimiz Azərbaycan qadınlarına təbrik ünvanlayır, onların bəzilərinə fəxri adlar verir, bəzilərini isə orden və medallarla təltif edir. Mən də bütün bunları nəzərə alaraq, qarşıdan gələn bu bayram günü münasibətilə Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edib, hər kəsə uzun ömür, cansağlığı, ailə səadəti, xoşbəxt günlər, firəvan həyat, yaşadıqları ömür yollarında ən ülvi istəklərinə qovuşmalarını arzu edirəm.

Təranə Rəcəbli
Sumqayıt şəhər 1 saylı Doğum evinin baş həkimi
Digər xəbərlər: