Gündəm / Cəmiyyət
23:26, 18 Mart 2022

Azərbaycanda çox gözəl investisiya iqlimi var

Azərbaycanda çox gözəl investisiya iqlimi var

Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının təşviqi və stimullaşdırılması ölkədə həyata keçirilən iqtisadi siyasət strategiyasının ana xəttinə çevrilmişdir. Hazırda Azərbaycanda sərmayə qoyuluşu məsələləri ilə bağlı çox böyük işlər görülür. Həm neft-qaz sektoruna, həm də qeyri-neft sektoruna on milyardlarla dollar sərmayə qoyulub. Xarici sərmayələr lazımi səviyyədə qorunur və hər bir ölkə üçün bu, önəmlidir. Çünki biznes mühitinin yaxşılaşdırılması nəticəsində iş adamları özlərini daha rahat hiss edirlər. Ölkəmizdə investisiyaların təşviqi mexanizmi yaradılıb. Bir sıra stimullaşdırıcı vasitələr tədbiq edilib.
Ümumiyyətlə, investisiya qoyuluşu üçün ölkəni cəlbedici və etibarlı edən bir neçə şərt var. Ən mühüm şərtlərdən biri həmin ölkədə hökm sürən siyasi sabitlikdir. Yəni istər yerli, istərsə də xarici investor olsun, hər birinin ən əsas önəm verdiyi amil pulunu yatırdığı ölkədə siyasi çaxnaşmaların, qeyri-stabil siyasi vəziyyətin olmamasıdır. Əksi olduğu halda, heç bir sahibkar risk edib sərmayə yatırmaz. Ona görə də investisiya qoyuluşunda sahibkarları Azərbaycana cəlb edən əsas cəhət burada siyasi sabitliyin mövcud olmasıdır. Qeyd edilən şərtlər baxımından Azərbaycan üstün cəhətlərə malikdir. Çünki ölkəmizin valyuta ehtiyatları xarici borcundan bir neçə dəfə yüksəkdir. Yəni Azərbaycan hazırda o ölkələr sırasındadır ki, istəsə, çox qısa müddət ərzində bütün xarici borclarını bağlaya bilər. Dünya ölkələrinin siyahısına nəzər yetirsək, bu gücdə olan dövlətlər azdır.
Hal-hazırda, dünya üzrə orta temperaturun 1 dərəcədən çox artması və karbon qazı tullantılarının həcminin artması təbii fəlakətlərlə yanaşı, kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsinə, anomal istilərə gətirə bilər. Bu isə öz növbəsində dünyanın ərzaq təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Bu mənada dünya iqtisadiyyatının “yaşıl enerji” yönündə transformasiyası daha da sürətlənəcək və 2050-ci ilə kimi dünyada istehsal edilən enerjinin üçdə ikisi bərpa olunan enerji hasabına alınacaq. Azərbaycanın da bu prosesdən kənarda qalması mümkün deyil. Azərbaycanın xüsusilə külək və günəş enerjisi sahəsində böyük potensialı mövcuddur. Bu imkanlar müvafiq olaraq 3 min meqavat və 23 min meqavat həcmində qiymətləndirilir. Bu baxımdan “Qaradağ” Günəş Elektrik Stansiyasının inşasının böyük əhəmiyyəti var. Ümumi gücü 230 mVt/saat olacaq bu stansiya istifadəyə verildikdən sonra ildə 500 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək. Bu da 110 min evin elektrik enerjisi ilə təmin edilməsi deməkdir. Stansiya, həmçinin analoji həcmdə elektrik enerjisinin istehsalı üçün lazım olan 110 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək. Layihənin inşası dövründə yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Stansiyanın inşası zamanı 700-dən artıq, istismarı zamanı isə 25-dən artıq daimi iş yeri yaradılacaq.
Qaradağ Günəş Elektrik Stansiyası son illər ərzində inşa ediləcək ən böyük enerji obyektlərindən biridir. Nəzərə alsaq ki, ilin əvvəlində “Yaşma” yarımstansiyası işə salındı, “Qobu” Enerji Qovşağının, indi isə Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyuldu, hər kəs görə bilər, cəmi bir neçə ay ərzində Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər görülür. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb edir. Ancaq ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi ölkəmizin güclü imkanlarından xəbər verir. Artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik və digər təbii enerjisindən də valyuta qazanacaq. Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması doğrudan da çox önəmli bir hadisədir, 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək.
Hal-hazırda təbii qazı və neft məhsullarını əvəzləmək üçün ölkələr bərpaolunan enerji növlərinin inkişafı sahəsinə fikir verirlər, investisiyalar qoyurlar. Qüdrətli ölkəmiz bundan sonra ən azı 100 il həm özünü, həm də tərəfdaşlarını təbii qazla təchiz edə bilər. Buna baxmayaraq, bu gün Azərbaycan bərpaolunan enerji növlərinə sərmayə qoyur. Bərpaolunan enerji növlərindən istifadə təbii qaz sərfiyyatını azaltmaq imkanları yarada bilər. Qənaət edilən təbii qaz isə metanol və karbomid istehsalına yönəldilə bilər. Bu da öz növbəsində qeyri-neft sektorunda əlavə dəyər yaratmaqla büdcə gəlirlərini artırmağa imkan verəcək. Bərpa olunan enerji sahəsində infrastrukturun inkişaf etməsi ilə artıq qalan enerjinin toplanması imkanları genişlənəcək. Həmin enerji qonşu ölkələrə ixrac edilə bilər. Bu da yenə də dövlət büdcəsi üçün əlavə gəlir deməkdir.

İlkin Kərimov,
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktor müavini



Digər xəbərlər: