Gündəm / Cəmiyyət
18:40, 10 Nisan 2022

Brüssel görüşü Azərbaycanın daha bir diplomatik uğuru, növbəti strateji hədəflərə doğru vacib addımdır

Brüssel görüşü Azərbaycanın daha bir diplomatik uğuru,  növbəti strateji hədəflərə doğru vacib addımdır

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son 19 il ərzində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilib. Nəticədə Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.
Tarixi Zəfərimizin fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlərdən, aparılan danışıqlardan və əldə olunan nəticələrdən daha aydın görünür. Bu gün ölkə və dünya mətbuatında əsas müzakirə olunan məsələlərdən biri dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığına səfəri, səfər çərçivəsində keçirdiyi ikitərəfli və üçtərəfli görüşlər, onların nəticələridir. Aprelin 6-da 4 saat yarımdan çox davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla əlaqədar olaraq işçi qrupun yaradılması qərara alınıb. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Brüssel görüşündə sərhədlərin delimitasiya və demarkasiya məsəlləəri müzakirə olunub. Belə ki, tərəflər 26 noyabr 2021-ci il Soçi Bəyanatına uyğun olaraq, aprelin sonuna qədər Birgə Sərhəd Komissiyanın yaradılmasına razılaşıb; birgə komissiyanın mandatı sərhədin müəyyən edilməsi və sərhəd xətti boyunca təhlükəsiz vəziyyəti təmin etməkdir. Delimitasiyanın tərkibi və nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Həmçinin Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi təsdiq olunur. Bundan başqa, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin yaradılması təsdiq olunur. Artıq demək olar ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.
Bildiyimiz kimi, tarixi Zəfərimizdən iki ilə yaxın dövr keçməsinə baxmayaraq Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı konkret mövqe nümayiş etdirməməklə müxtəlif fikirlərin yaranmasına rəvac verir. Azərbaycan üçün lazımsız təsisata çevrilən ATƏT-in Minsk qrupunun vasitəçiliyinin yenidən bərpa edilməsi Ermənistanın hazırda əsas diqqət göstərdiyi məsələlərdəndir. Lakin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında “Dağlıq Qarabağ” ifadəsinin və ya keçmişin qalığı olan ATƏT-in Minsk qrupu həmsədrlik institutuna istinadın olmaması Ermənistanın bu istəyinə son qoydu. Bəyanatda diqqəti çəkən bu məqam münaqişənin tarixə qovuşması ilə yanaşı, postmünaqişə dövrü üçün yeni formatın zəruriliyini təsdiqləyir.
Göründüyü kimi, Brüssel görüşü Azərbaycanın daha bir diplomatik uğuru, növbəti strateji hədəflərə doğru vacib addımdır. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır. Proseslərin gedişatı regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir.

Mailə Hacıyeva,
Salyan şəhər 6 saylı uşaq bağçasının müdiri
Digər xəbərlər: