Gündəm / Cəmiyyət
10:50, 22 May 2022

Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir

Biznes forum işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir

Avropada özünəməxsus iqtisadi-coğrafi mövqeyi olan Litva Respublikası Azərbaycanla çox geniş iqtisadi və siyasi əlaqələrə malikdir. Ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaradan və bu münasibətlərə yeni impuls verən hüquqi bazaya çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Litva-Azərbaycan əlaqələri inkişafın yeni mərhələsinə qədəm qoyub. Ölkələrimiz iqtisadiyyatın bir çox sahələrində çox yüksək səviyyədə əməkdaşlıq etməkdədir.
Ümumiyyətlə, Azərbaycanın sıx əməkdaşlıq etdiyi Avropa ölkələrindən biri kimi Litva xüsusi əhəmiyyətə malikdir. Litva Respublikasının Prezidenti Gitanas Nauseda başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri isə iki ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından müsbət dəyərləndirilə bilər. Səfər çərçivəsində Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumun açılışında iştirak etmişlər. Dövlət başçısı cənab İlham Əliyev biznes forumda geniş məzmunlu çıxış edərək Azərbaycan-Litva arasında iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulamışdır. İKT, qida sənayesi, kənd təsərrüfatı, tikinti, təhsil, tibb və digər sahələri təmsil edən iş adamlarının iştirakı ilə keçirilən biznes-forumda Azərbaycan-Litva iqtisadi əməkdaşlığı barədə geniş məlumat verilmişdir.
Dövlət başçılarının biznes-forumda iştirakı əlaqələrin inkişafına ən yüksək səviyyədə verilən dəstəyin və önəmin göstəricisidir. Forumda qeyd olunmuşdur ki, iki ölkə arasında tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub, keçirilən tədbirlər, aparılan müzakirələr əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə stimul verəcək. Bununla yanaşı, “Şərq Tərəfdaşlığı” təşəbbüsü, Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya əlaqələrimizin genişlənməsində, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli platformalardır.
Biznes forumda cənab İlham Əliyev Azərbaycana on milyardlarla birbaşa xarici investisiyaların qoyulmasını qeyd edərək xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsinin vacibliyini vurğuladı. İlk dövrdə investisiya proqramları əsasən neft-qaz sektoruna aid olsa da, artıq investisiya bərpaolunan enerji sahəsini də əhatə edir. Ölkə başçısı Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək məqsədilə həyata keçirilən çoxsaylı böyük işlərdən də danışdı. Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisi, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemi artıq yekunlaşıb. Bütün bunlar isə o deməkdir ki, enerji sektoru ənənəvi olaraq iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcəkdir.
Biznes forumunda həmçinin, ölkə iqtisadiyyatının şaxələndirilməsi nəticəsində inkişaf dinamikasının artan tendensiya ilə getdiyi xüsusilə vurğulanmışdır. Belə ki, cari ilin dörd ayının nəticələrinə əsasən ölkə iqtisadiyyatı 7,2 faiz artmışdır. Qeyri-neft sektorunda isə artım 11,4 faizdir. İxrac 85 faiz, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Ölkəmizdə işsizlik səviyyəsi cəmi 5-6 faiz təşkil edir. Bu gün dünya iqtisadiyyatında baş verən bir həqiqət danılmazdır - dünyanın ayrı-ayrı ölkələri iqtisadi böhran burulğanında bir sıra çətinliklərlə üz-üzə dayanıblar. Amma Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasət və əvvəlcədən düşünülmüş qabaqlayıcı tədbirlər ölkəmizi bu böhrandan maksimum dərəcədə qorumağa qadirdir. Ona görə də dünya iqtisadi sisteminin bu böhranı Azərbaycan iqtisadiyyatına o dərəcədə də təsir etmək gücünə malik deyil.
Bir sözlə, Azərbaycanla Litva arasında keçirilən biznes forumu bir daha onu göstərdi ki, ölkəmiz sürətli inkişafı ilə Cənubi Qafqazın lider dövlətidir.

Rahib Kərimov,
Salyan rayon Yolüstü kənd tam orta məktəbin direktoru
Digər xəbərlər: