Gündəm / Cəmiyyət
İqtisadi sahədə altı ayda görülmüş işlər aparılan islahatların nəticəsidir
İyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə dərin məzmunlu giriş və yekun nitqləri söyləyib. Prezident İlham Əliyev giriş nitqinin əvvəlində bildirib ki, bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində yeni önəmli addımlar atılıb. Nəticədə ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Bu il Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılıb, qardaş Türkiyə, digər türk dövlətləri, eləcə də qonşu ölkələrlə hərtərəfli əlaqələrimiz daha da güclənib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ol¬duqca uğurlu iqtisadi və sosial siyasət həyata keçirilir. Sosial-iqtisadi inkişafın davam etməsi, ölkənin beynəlxalq nüfuzunun artması, dünya siyasətində mövqeyinin möhkəmlənməsi, milli həmrəyliyin, başqa sözlə, xalq-iqtidar birliyinin güclənməsi Azərbaycanın regional güc mərkəzi kimi strateji hədəflərə doğru əmin addımlarla irəlilədiyini göstərir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dayanıqlı inkişafına geniş imkanlar açır.
Cari ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri bunu bir daha təsdiq edir. Ötən 6 ayda iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye istehsalı 11,5 faiz artıb, əhalinin gəlirləri təxminən 20 faiz artıb. İxrac 2 dəfədən çox, qeyri-neft ixracı 25 faizdən çox artıb. Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ordu quruculuğu, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinin miqyasını da nəzərə alsaq Azərbaycanın iqtisadi və maliyyə imkanlarının hansı səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik.
Bu gün Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilməlidir. Ölkəmiz işğaldan azad edilmiş ərazilərini tamamilə yenidən qurur. Azərbaycan öz gücünə, öz imkanları hesabına şəhərlər salır, kəndləri yenidən qurur, binalar tikir. İşlərin miqyası bütün dünyanı sözün əsl mənasında heyrətə gətirir. Digər tərəfdən, sosial siyasət uğurla davam etdirilir, həssas təbəqədən olan insanlar, xüsusilə şəhid ailələri, qazilər bundan sonra da etibarlı müdafiə olunacaqlar. Şəhid ailələri, müharibə əlilləri də diqqət mərkəzində saxlanılıb, onların sosial müdafiəsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Postmüharibə dövründə 100 min fərdə 193 min xidmət göstərilib, 94 min şəxsə 105 min sosial ödəniş təyin olunub. Eyni zamanda, bu il bu kateqoriyadan olan insanlara 600 mənzil artıq təqdim edilib, əlavə olaraq 900 mənzil də veriləcək, həmçinin müharibə əlillərinə 100 avtomobil verilib. Qeyd olunanlarla yanaşı, 5400 müharibə əlili və veteranı münasib işlə təmin olunub. On bir min müharibə əlili və müharibə veteranı sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb olunub. 200 nəfər Vətən müharibəsi əlili ən yüksək texnologiyalı dördüncü nəsil müasir protezlərlə təchiz olunub.
Bəli bu gün yeni reallıqlar və çağırışlar fonunda Azərbaycan milli məqsədləri, strateji hədəfləri reallaşdırmaq əzmində və niyyətindədir. Buna heç kimin şübhəsi olmaz. Sözünə sadiq, sözü imzası qədər dəyərli və keçərli olan Prezident cənab İlham Əliyev bütün istiqamətlərdə vədlərini yerinə yetirir və yetirəcək. Daha güclü Azərbaycan naminə!
Əli Nəcəfov,
Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbin müəllimi
Daha çox xəbər:
İlham Əliyev nazirləri topladı
Prezident: “Altı ayın yekunları göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb”
Xarici İşlər Nazirliyi ilin yekunlarını açıqlayıb
Deputat: “Prezidentin gördüyü işlər olduqca strateji əhəmiyyət kəsb edir”
Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq