Gündəm / Cəmiyyət
1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub
20 Yanvar faciəsi öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar hadisələri Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. Bu faciə dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin dünyada tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Buna görə də 20 Yanvar unudulmaz tarixdir. Həmin günlərdə baş verən hadisələrin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu.
Xüsusilə qeyd edək ki, Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev oldu. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı soyqırımı siyasətini həyata keçirməyə rəvac verənlərlə mübarizəsini Ali Sovetdə və digər istiqamətlərdə davam etdirir, böyükdən-kiçiyə qədər hər kəsə məlum olan qatillərin hüquqi müstəvidə aşkar olunmasını, faciəyə siyasi qiymətin verilməsini tələb edirdi. Ulu öndər Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışında deyirdi: "1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət, qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir".
29 avqust 1991-ci il tarixli Azərbaycan Ali Sovetinin sessiyasında çıxışında isə ulu öndər Heydər Əliyev deyirdi: "20 Yanvar faciəsi dövründən ilyarımdan çox vaxt keçir. Bu gün burada da, bu salonda cürbəcür söhbətlər gedir. Bir qrup bir fikirdədir, məndən qabaq çıxış edən Rəhimov başqa fikirdədir. Mən sual verirəm, Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan prezidenti Ayaz Mütəllibova: nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyib? Bu məsələnin həm siyasi tərəfi var, həm hüquqi tərəfi var. Bu məsələyə dərhal siyasi qiymət vermək olardı. O ki qaldı hüquqi cəhəti, ayrı-ayrı adamların məsuliyyətə cəlb olunması, onu şübhəsiz ki, istintaq yolu ilə aydınlaşdırmaq lazımdır. Buna siyasi qiymət verilmədiyinə görə, başqa tədbirlər həyata keçirmək mümkün olmur".
1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməsi gündəmə gəldi. Ulu öndər dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəblərinin və günahkarlarının araşdırılması ilə də məşğul oldu. 1994-cü il yanvarın 5-də ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı verdiyi fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Yalnız bundan sonra aparılan araşdırmalar nəticəsində məlum oldu ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməməsində maraqlı olan qüvvələr var imiş. Həmin dövrdə hakimiyyətdə qalmaq istəyən iqtidar, hakimiyyətə gəlmək istəyən müxalifət nümayəndələri bu dəhşətli faciədən öz maraqlarına uyğun yararlanmaq istəyirmişlər. 1994-cü il 12 yanvar tarixində ulu öndər Heydər Əliyev Dövlət komissiyasının geniş iclasında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırlayaraq həmin sənəddə yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində qərarın özünün yerinə yetirilmədiyini nəzərə çatdırdı.
1994-cü il martın 29-da Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, demokratik və suveren dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Beləliklə, Heydər Əliyevin təkidi və təşəbbüsü sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi.
Ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinin bütün dünyada tanıdılmasına, hər zaman şəhidlərin xatirəsinin əziz tutulmasına diqqətlə yanaşırdı. Bakının yüksək ərazisində yerləşən Şəhidlər Xiyabınında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm "Əbədi məşəl" abidə-kompleksi də məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə tikilib. Ümummilli lider bu abidənin ucaldılmasını şəhidlərin qarşısında Azərbaycan xalqının müqəddəs və mənəvi borcunun yerinə yetirilməsi kimi dəyərləndirirdi. 1998-ci ilin oktyabrında abidənin açılışında Heydər Əliyev deyirdi: "Mən çox məmnunam ki, ötən illərdə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün və onların qəhrəmanlıq nümunələrini Azərbaycanda təbliğ etmək üçün, gənc nəslə, yeni-yeni nəsillərə çatdırmaq üçün bütün işləri görmüşük və bundan sonra da görəcəyik".
Ümummilli lider Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza "20 Yanvar şəhidi" fəxri adı verilib. 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik mübarizəsi tarixinə faciə və xalqımızın qəhrəmanlıq salnaməsi kimi yazıldı. Həmin ağrılı günlər həm də sınaq dövrü kimi yadda qaldı. Bu faciə kimin kim olduğunu üzə çıxardı. Ümummilli lider Heydər Əliyev həmin dövrdə təqib olunmasına baxmayaraq, həyatını təhlükə altında qoyub 20 Yanvar faciəsinin günahkarlarını cəsarətlə ifşa etməklə xalqını dərindən sevdiyini nümayiş etdirdi.
Məcid Məmmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Firuzabad qəsəbə ərazi partiya təşkilatının sədri