Gündəm
Tərtərdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib





















































Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə “Tərtər İstirahət Mərkəzi”ndə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Bayramın müqəddəs Ramazan ayına təsadüf etməsi münasibətilə tədbir iftar süfrəsi ətrafında təşkil olunub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə sədrləri, YAP rayon təşkilatının sədri, şəhid anaları, şəhidlərin həyat yoldaşları və rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlar iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, ilk növbədə şəhid analarını və bütün tərtərli qadınları bayram münasibətilə ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı və ailə səadəti arzulayıb. O, bu ilin 8 Mart bayramının müqəddəs Ramazan ayı ilə üst-üstə düşməsinin tədbirə xüsusi mənəvi dərinlik qatdığını vurğulayıb və tutulan orucların Allah tərəfindən qəbul olunmasını diləyib.
Çıxışda qadının müqəddəslik, zəriflik və fədakarlıq rəmzi olduğu xüsusi qeyd edilib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi uca fikirləri xatırladan rayon rəhbəri, Tərtər qadınlarının həmişə zəhmətsevərliyi və vətən sevgisi ilə seçildiyini ifadə edib. Vətən müharibəsi illərində rayon qadınlarının nümayiş etdirdiyi yüksək mənəviyyat, möhkəm iradə, habelə gənc nəslin vətənpərvər ruhda yetişdirilməsindəki misilsiz rolu xüsusi minnətdarlıqla qiymətləndirilib. Müstəqim Məmmədov qadınların rayonun ictimai-siyasi və iş dünyasındakı uğurlu fəaliyyətindən qürurla söhbət açıb. O həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti çərçivəsində qadınların sosial rifahının yüksəldilməsi və idarəetmədə iştirakının genişləndirilməsi daim diqqət mərkəzindədir.
Sonra tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.
Tədbir iştirakçıları şəhid ailələrinə, eləcə də qadınlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirin yekununda Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən şəhid anaları və şəhid həyat yoldaşlarına hədiyyələr, rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlara isə Fəxri Fərmanlar təqdim edilib.
Daha çox xəbər:
