Hadisə
Ağdamda 180 kq istifadəyə yararsız heyvan cəmdəyi aşkarlanıb
Aprelin 23-də daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Ağdam rayonu Qaradağlı kəndində vətəndaşa məxsus 10-XE-436 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerinə baxış keçirilib.
AQTA-dan "BEŞ.AZ"a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində 180 kq mənşəyi məlum olmayan istifadəyə yararsız iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb. Aşkarlanmış heyvan cəmdəyinin anti-sanitar şəraitdə daşındığı məlum olub. Heyvanın orqonoleptik göstəricilərinə görə aqoniya halında kəsildiyi, qansızlaşdırılmasının düzgün aparılmadığı, kəskin qoxusu olduğu müəyyən edilib.
Heyvan cəmdəklərindən nümunələr götürülərək müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Agentlik bir daha vətəndaşları bu kimi hallarla bağlı diqqətli olmağa çağırır. Vətəndaşlardan istifadəsi şübhə doğuran heyvan mənşəli məhsullarla bağlı məlumatları olduqda aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və Agentliyin 1003 nömrəli "Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Daha çox xəbər: