İdman
14:20, 10 Mart 2020

Rəşad Sadıqov karyerasını başa vurur - Özü təsdiqlədi

Rəşad Sadıqov karyerasını başa vurur - Özü təsdiqlədi
"Düzü, mən ötən mövsümün sonunda karyeramı bitirmək istəyirdim. Baş məşqçimiz Qurban Qurbanovla da bu barədə söhbətim olmuşdu. Onunla görüşümüzdən sonra klub tərəfindən mənə iki illik müqavilə təklif olundu. Amma bir illik müqavilə bağlayıb, daha sonra karyeramla bağlı qərar vermək istədim”.

dahilider.az xəbər verir ki, bu barədə "Qarabağ”ın kapitanı Rəşad Sadıqov ilk dəfə Oxu.Az-a açıqlamasında danışıb.

37 yaşlı futbolçu hələ yanvarda karyerasını bitirməyin qəti olduğunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova dediyini bildirib:

"Komandamız yanvarda Antalyada təlim-məşq toplanışında olan vaxt Qurban müəllimlə yenidən bu yöndə söhbətimiz oldu. Ona karyeramı bitirmək barədə qərarımın qəti olduğunu bildirdim.

Sadəcə, bu barədə danışmaq istəmirdim. Düşünürdüm ki, futbolçu karyeramı bitirməyimi çempionatın son turlarına yaxın elan edərəm. Bilirsiniz ki, milli komandada da karyeramı bitirərkən seçmə mərhələnin sonuna 1-2 oyun qalmış bunu bildirmişdim.

Amma iki gün əvvəl Qurban müəllimə mətbuat konfransında bu barədə sual verildi. O, bu sualı cavablandırdığından artıq bunu təsdiqləyə bilərəm. Cari mövsüm futbolçu kimi iştirak etdiyim sonuncu çempionatdır”.

Qeyd edək ki, Rəşad Sadıqov səkkiz dəfə Azərbaycan çempionu olub, dörd dəfə ölkə kubokunu qazanıb. O, bu uğurlarına "Neftçi” və "Qarabağ” komandaları ilə nail olub.

Beş dəfə Azərbaycanda ilin futbolçusu adına yiyələnmiş təcrübəli mərkəz müdafiəçisi 2006-cı ildə Türkiyənin "Kayserispor” klubu ilə İntertoto Kubokunu da qazanıb.
Digər xəbərlər: