İqtisadiyyat
14:07, 20 Ocak 2020

"Kirayə evlər" layihəsində biabırçı qiymətlər - kredit variantından baha başa gəlir

"Kirayə evlər" layihəsində biabırçı qiymətlər - kredit variantından baha başa gəlir
Cənab Prezident İlham Əliyevin vətəndaşların evlə təmin edilməsi üzrə verdiyi sərəncamlardan biri də artıq yanvarın 22-dən start götürəcək. Söhbət Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun balansında olan evləri satmaq öhdəliyi ilə kirayəyə verməsindən gedir. Bəs bu evlərin sosial və ya güzəştli mənzillərdən fərqi nədir?
Bizimyol.info-nun suallarını Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Ramil Abbasov cavablandırır:

“1. Güzəştli mənzillərin qiyməti Kirayə evlərin qiymətindən daha ucuzdur.

2. Güzəştli mənzillər vətəndaşlara uzunmüddətli 4% kreditlə 3 ildən 30 ilə, Kirayə evlər isə kreditlə eyil yəni faizsiz standart aylıq ödəniş məbləği təyin edərək 3 ildən 25 ilə qədər müddətə satılır.

3. Güzəştli evlərdən əsasən əhalinin məhdud təbəqəsi istifadə etdiyi halda kirayə evlərə isə istənilən ödəmə qabiliyyəti olan şəxs müraciət edə bilər.

4. Güzəştli evləri əldə etmək üçün ilkin ödəniş 10% olduğu halda, kirayə evlər üçün isə 12 aylıq kirayə haqqının ilk öncədən ödənilməsi nəzərdə tutulur.

5. Güzəştli mənzillərdə ilkin ödəniş məbləğindən asılı olaraq güzəşt verilir, kirayə evlərdə isə bu şərt yoxdur.

6. Güzəştli mənzillərin əldə olunması üçün daha çox sənəd tələb edildiyi halda kirayə evlər üçün bu o qədər də deyil.

Haqqında danışdığımız bu lahiyələr əhalinin müəyyən kütləsi üçün hesablanıb. Kimə hansı uyğundursa ondan istifadə edə bilər. Yuxarıda göstərilən şərtlər də buna hesablanıb. Misal üçün, elmlər doktoru üçün güzəştli mənzilləri əldə etmək daha əlverişlidir nəinki kirayə evlər. Sonda onu da bildirim ki, bu il ölkə başçısının tapşırığı ilə daha 1500 mənzil və fərdi ev müharibə əlilləri və şəhid ailələrinə veriləcək. Xatırladım ki, bu rəqəm keçən il 1000-ə yaxın olub”.

İqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, kirayə mənzillərin qiyməti həddən artıq baha hesablanıb. “Ərazisindən asılı olmayaraq Bakıda onların 1 kv metrinin qiyməti 1 850 manat ətrafında dəyişir. Kirayə evlərinin verilməsi ilə bağlı prezident fərmanında nəzərdə tutulan vəzifələrin icrası istiqamətində hazırlıq işləri yekunlaşdırılıb. Bəlli olub ki, kirayə üsulu ilə veriləcək mənzillərin sayı 331-dir, onlar tam təmirli və faizsiz olacaq. Bu mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu M.Abbasov küçəsində (“Neftçilər” və “Qara Qarayev” metrostansiyaları ətrafında), 40-ı Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir.

Kirayə evlər üçün elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq. Müraciətlər “Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun “Elektron ipoteka və kredit zəmanət sistemi” vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək.

Artıq kirayə üsulu ilə satılacaq mənzillərin qiymətləri də məlumdur. Fed.az saytının verdiyi məlumata görə, mənzillərin qiyməti Bakının ərazisindən asılı olmayaraq eynidir və onların 1 kv metrinin qiyməti 1 850 manat ətrafında dəyişir. Belə ki, Xətai rayonunun Gəncə prospektində sahəsi 96.7 kvadratmetr olan mənzilin satış qiyməti 178.1 min manatdır. Başqa sözlə, mənzilin bir kvadratmetrinin qiyməti 1 841 manata başa gələcək. Belə mənzili 25 illik, yəni 300 aylıq müqavilə ilə kirayə götürmək üçün aylıq ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7 122 manat təşkil edəcək.

Elə həmin ərazidə sahəsi 86.4 kvadratmetr olan mənzilin qiyməti 159.1 min manatdır, yəni kvadratmetri 1 841 manat təşkil edir. Belə mənzili almaq üçün aylıq ödəniş 530 manat, ilkin ödəniş 6 364 manat təşkil edir.

102.6 kvadratmetrlik mənzilin qiyməti isə 188.9 min manatdır. Bu mənzili 300 aylığa almaq üçün aylıq ödəniş 630 manat, ilkin (yəni 12 aylıq) ödəniş 7 557 manatdır. Sahəsi 111.3 kvadratmetr olan mənzilin qiyməti isə 204 954 manat təşkil edir. Aylıq ödənişi 683 manat, ilkin ödəniş 8 198 manatdır. Xırdalan şəhərindəki mənzillərin qiyməti də bu həddədir. Belə ki, Xırdalanda sahəsi 68.3 kvadratmetr olan 1 otaqlı mənzilin qiyməti 127.3 min manatdır. Bu mənzilin kvadratmetri 1 863 manat təşkil edir.

Göründüyü kimi qiymətlər çox yüksəkdir və yalnız yüksək gəlirli uşaqsız və ya az uşaqlı ailələr üçün əlçatandır”.
Digər xəbərlər: